ÜAK kimə mane olurdu?

0
632

 

Bir neçə gündür ki, Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi respublikamızda geniş müzakirə hədəflərindən birinə çevrilib. Təbii ki, Rusiyada yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən ÜAK-ın qeydiyyyatının ləğvini birmənalı qarşılamaq çətindir. Hər halda necə fəaliyyət göstərməsindən, soydaşlarımızın hamısının problemlərini həll edə bilib- bilməməsindən asılı olmayaraq ÜAK Rusiya ərazisində vətəndən, doğma Azərbaycandan yüzlərlə kilometr uzaqlarda özü boyda Azərbaycan idi. Digər tərəfdən də ÜAK eyni zamanda Azərbaycanla Rusiya arasında dostluq, qardaşlıq körpüsü funksiyasını həyata keçirirdi. Amma hadisələrin gedişi göstərdi ki, bu qurumun fəaliyyəti Rusiyada kimləri isə qane etmirdi. Hər halda bunu başqa cür dəyərləndirmək mümkün də deyil. Çünki adətən hər hansı qurumun fəaliyyətində nöqsanlar aşkar ediləndə ona səhvlərini düzəltmək üçün vaxt verir, ən pis halda xəbərdarlıq edirlər. Rusiya Ali Məhkəməsi də hüquqi baxımdan qurumdakı nöqsanların düzəldilməsi barədə ÜAK-a vaxt verə, belə hadisələrin təkrarlanacağı təqdirdə onun qeydiyyatının ləğv ediləcəyi barədə yazılı şəkildə xəbərdarlıq edə bilərdi. Lakin bu baş vermədi. Niyə? Təbii ki, bu suala birbaşa cavab vermək çətindir. Amma o da aydındır ki, ÜAK-ın qeydiyyatının ləğvində Rusiyada aşağıdan tutmuş yuxarı dairələrə kimi maraqlı qüvvələr olub. Azərbacanda bu maraqlı dairələr deyəndə adətən Rusyadakı erməni lobbisini nəzərdə tuturlar. Amma erməni lobbisinin arxasında Rusiyanın ali dairələrindəki dayanan bəzi güclərin kimliyi barədə susmağa üstünlük verilir. Əslində bununla da öz-özümüzü aldatmaqla məşğul oluruq. Hər halda ortada acı bir fakt var. Bu da aprel döyüşlərindən sonra erməni əsilli Sergey Lavrovun (Kələntəryan) başçılıq etdiyi Rusiya Xarici işlər nazirliyinin az qala Ermənistanın analoji qurumuna çevrilməsi, son bir ildə mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova tərəfindən açıq şəkildə təcavüzkar dövlətin müdafiəsinə yönələn çoxsaylı açıqlamaların verilməsi ilə əlaqədardır. Bura ermənilərə muzdla xidmət edən çoxlu saylı rusiyalı politoloqları, millət vəkillərini və digərlərini də əlavə edən də ÜAK-ın qeydiyyatının ləğv edilməsinin təsadüfi olmadığı göz önündədir. Əslində mənə elə gəlir ki, ÜAK-ın qeydiyyatının ləğvinə bu baxımdan təəccüblənmək də lazım deyil. Əgər Dağlıq Qarabağ və onun ətrafındakı Azərbaycan əraziləri qırmızı ordunun birbaşa iştirakı ilə işğal olundusa, Xocalı soyqırımında 366-cı motoalayın texnikası, əsgərləri və zabitləri iştirak etdisə, onda ÜAK-ın qeydiyyatının ləğvinə zənnimcə təəccüblənməyə dəyməz. Nəhayət ötən ilin aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana verdyi “İsgəndər” zenit-raket kompleklsələri ilə müqayisədə belə ÜAK-ın ləğvi çox cüzi təsir bağışlayır. Biz adətən həmişə təmkinli mövqe nümayiş etdirir, Rusiya ilə dostluq, qardaşlıq münasibətlərindən danışmağı sevirik. Bu çərçivədə də şimal qonşumuzun təhdidlərinə belə cavab vermirik ki, birdən bu ikili münasibətlərimizə pis təsir göstərərər. Halbuki qarşı tərəf bizim onlara necə münasibət bəslədiyimizdən asılı olmayaraq işğalçı və təcavüzkar Ermənistanı dəstəkləməkdə davam edir. Biz Rusiyanın Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməsini gözləyirik. O isə bizə Ermənistanı silahlandırmaqla cavab verir. Rusiya Ermənistanla açıq şəkildə birləşmiş hərbi komandanlıq yaradır, ona erməni generalı komandan təyin edir. Erməni general isə Qarabağda döyüşlər başlayacağı təqdirdə ona müdaxilə edəcəyini və bunun üçün Rusiyanın razılığını almayacağını həyasızcasına bəyan edir. Rusiyalı hərbi ekspertlər iki ölkə prezidentlərinin razılığı olmadan erməni generalın belə bir addım ata bilməyəcəklərini bildirirlər. Ancaq Rusiya Müdafiə nazirliyi generalın dedikləri ilə bağlı hər hansı açıqlama vermir, onu təkzib və ya təsdiq etmir və bu barədə susmağa üstünlük verir. Susmaq isə adətən razılıq əlaməti hesab edilir. Bizsə Rusiyanın Ermənistanın hərbi-strateji müttəfiqi olduğunu bilə-bilə onun ali hərbi məktəblərinə təhsil almağa gənclərimizi göndərir, ondan hərbi texnika alırıq. Bütün hallarda inanmaq çətindir ki, düşmənimizin hərbi müttəfiqi olan Rusiya bizə normal hərbi texnika satsın, özünün ali hərbi məktəblərində təhsil alan gələcək zabitlərimizdən kimləri isə Ermənistanın maraqlarına uyğun olan hansısa çirkin oyunlara cəlb etməsin… Əgər bu gün Rusiya açıq şəkildə Ermənistanı dəstəklədiiyni nümayiş etdirirsə, onda ÜAK-ın qeydiyyatının ləğvi zənnimcə yuxarıda dediklərimin qabağında çox xırda məsələdir. Yəni ÜAK-ın da qeydiyyatının ləğvi məsələsində Rusiyadakı erməni lobbisi ilə yuxarı dairələrdəki bəzi güclərin maraqları üst-üstə düşüb. Ola bilsin ki, bu özü də Azərbaycan hansısa təzyiq vasitəsidir. Zənnimcə belə vəziyyətdə şimal qonşumuzdan nə isə ummağa, onun Ermənistana, münaqişənin həllinə münasibətdə mövqeyinin dəyişməsinə ümid etməyə dəyməz…

BIR CAVAB BURAXIN