Rusiyanın ikili oyunları və Duqinin etirafları

0
662

 

Aleksandr Duqin                                                                                                                           Fəzail İbrahimli

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ATƏT Minsk Qrupuna həmsədr ölkələrdən biri kimi vasitəçilik missiyasını həyata keçirən Rusiyanın problemin həllində önəmli rol oynaya biləcəyi heç kimə sirr deyil. Çünki SSRİ-nin dağılmasından 26 il keçməsinə baxmayaraq Rusiya hələ də keçmiş müstəmləkələrində təsirini qoruyub saxlamağa cəhd edir. Buna paralel olaraq Müstəqil Dövlətlər Birliyində Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Dağlıq Qarabağ münaqişələrinin də Moskvadan körükləndiyini və idarə edildiyini nəzərə alsaq, onda problemin həllinin məhz Rusiyadan asılı olduğu ortaya çıxır. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına münasibətdə Rusiya tərəfindən ikili oyunların oynanıldığı əslində çoxdan heç kimə sirr deyil. Bütün bunlarla bərabər Ermənistanın əsas hərbi-strateji müttəfiqi olan Rusiya münaqişənin həllinə münasibətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini yeri gəldikcə bəyan edib. Eyni zamanda Rusiya dəfələrlə Ermənistanı tək qoymayacağını bəyan edərək öz mütttəfiqinə hərbi texniki yardım göstərib. Bu isə Rusiyanın münaqişənin həllində maraqlı olmadığının sübutu kimi dəyərləndirilir. Amma Rusiya 25 ilə yaxın idi ki, münaqişənin həllində Ermənistanı pərdə arxasından dəstəklədiyini nümayiş etdirsə də bunu açıq şəkildə biruzə verməməyə cəhd edirdi. Lakin ötən ilin aprel döyüşləri zamanı hərbi müttəfiqini biabırçı məğlubiyyətdən xilas edən Rusiya bunun ardınca Ermənistana “İsgəndər” raketləri verməklə münaqişənin həllində artıq “neytral” mövqe nümayiş etdirməyəcəyini göstərməyə başladı. Bunun son sübutu isə “Beynəlxalq Avrasiya Hərəkatı”nın rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqinin açıqlamaları oldu. O açıq şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun qorunub saxlanılması Rusiyanın maraqlarına cavab verir və kimsə onu dəyişdirməyə cəhd etsə, buna müdaxilə etməli olacağıq. Putinin adamı eyni zamanda bölgəyə sülhməramlıların yerləşdirilməsi məsələsi gündəmə gələcəyi təqdirdə bunu Rusiyanın təkbaşına edəcəyini söyləyib. Duqin həmçinin Bakıda keçirdiyi görüşlərdə işğal altında 5 rayonun qaytarılmasının vacibliyini söyləsə də, Dağlıq Qarabağın və digər iki rayonun (Kəlbəcər və Laçın) Azərbaycanın tərkibinə qaytarılmasının asan olmayacağına işarə vurub: “Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər”.

Əslində rusiyalı politoloq bununla da Dağlıq Qarabağın Azərbaycan tərəfindən işğaldan azad edilməsinə Rusiyanın imkan verməyəcəyini bir daha nümayiş etdirib. Lakin Duqin də dediklərinin Bakıda hansısa xoşagəlməz reaksiyaya səbəb ola biləcəyini nəzərə alaraq əlavə edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma necə? Duqinin son açıqlamasından belə başa düşmək olar ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağsız tanıyır. Bəs Duqinin açıqlamasının arxasında Rusiyanın Qarabağın Ermənistan tərəfindən ilhaqına zəmin hazırlamaq niyyətləri dayana bilərmi? Məsələ ilə bağlı “Yeniavaz.com”-a verdiyi açıqlamasında millət vəkili, tarix elmləri doktoru, politoloq Fəzail İbrahimli Azərbaycanın heç vaxt ərazi itkisi ilə barışmayacağını söylədi: “Bəzi qüvvələr var ki, onlar hər vasitə ilə münaqişənin həllinin uzadılmasına çalışırlar. Amma Azərbaycan işğalla heç vaxt barışmayacaq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Buna qoy heç kimin şübhəsi olmasın. Dövlət siyasətimizin də əsasında bu dayanır. İki il bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasındakı çıxışında da qeyd etdi ki, buradakı deputatlar bəlkə də bilmirlər. Amma Ermənistandan olan deputatlar yaxşı bilir ki, Ertmənistan dövləti tarixi Azərbaycan ərazisində yaradılıb. Biz öz torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bu Qərbə bir mesaj oldu ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək niyyətindədir və heç vaxt işğalla barışmayacaq. Ötən ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu, xalqımız topraqlarımızı işğaldan azad etməyə qadirdir. Xalqımız bu məsələdə prezidentimizlə birgə çıxış etdi. Dövlətlə xalq bir olanda isə onu məğlub etmək olmaz. Qarabağ nə Abxaziyadır, nə də Cənubi Osetiya. Kimlərinsə hansısa planlar çızmasından, məkrli niyyətlərini həyata keçirməyə cəhd etməsindən asılı olmayaraq Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və buna da qadirdir”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN