Xarici işlər nazirləri Moskvada ortaq məxrəcə gələ biləcəklərmi?

0
704

 

Aprelin 28-də Rusiya Xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında belə demək mümkünsə öncədən planlaşdırılmamış görüş keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli və bununla bağlı sülh danışıqlarının bərpası əsas müzakirə hədəflərindən biri olacaq. Təbii ki, müəyyən fasilədən sonra və Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi nəticəsində dalana dirənən danışıqların Moskvanın təşəbbüsü ilə yenidən canlandırılması cəhdi özü ilə çoxsaylı ehtimalların ortaya çıxmasına gətirib çıxarıb. İş orasındadır ki, ötən ilin aprel döyüşlərindən sonra Moskvanın səyləri nəticəsində tərəflərin danışıqlar masası arxasında oturdulmasından sonra problemin tezliklə həll edilməsinə ümidlər əmələ gəlmişdi. Lakin hadisələrin gedişi göstərdi ki, Rusiya tərəfləri danışıqlar masası arxasında oturtmaqla heç də münaqişəni həll etmək deyil, mövcud status-kvonun qorunub saxlanılması niyyətləri güdüb. Hər halda Rusiyanın qısa müddətdə münaqişəni həllinə nail olacağı və işğal altında olan Dağlıq Qarabağ ətrafındakı 7 rayondan 5-ni azad edəcəyi barədə verdiyi vədlərin kağız üzərində qalması da bunu sübut etməkdədir. Digər tərəfdən də aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı danışıqların getdiyi bir vaxtda Rusiyanın Ermənistana strateji təyinatlı “İsgəndər” raketlərini verməsi də Moskvanın sülh danışıqlarında səmimi olmadığını və hər vasitə ilə işğalçı və təcavüzkar Ermənistanı müdafiə etdiyini bir da sübut etmiş oldu. Məhz Ermənistan tərəfindən sülh danışıqlarından imtina edilməsinə səbəb də Rusiyanın işğalçı dövlətə “İsgəndər” raketlərini verməsindən sonra baş verdi. Buna paralel olaraq Ermənistan prezidenti Serj Sarkisyanın mütəmadi olaraq Azərbaycana qarşı “İsgəndər”lərdən istifadə edəcəyini vurğulaması və bununla da Bakını təhdid etməkdə davam etməsi bölgədə münaqişənin dinc danışıqlar yolu ilə həll ediləcəyini şübhə altına alıb. Belə bir vəziytədə təbii ki, Rusiyanın münaqişənin həllində yenidən fəallaşma cəhdi müxtəlif prizmalardan yozulmaqdadır. Məsələn, erməni politoloq,”Moduz vivendi” araşdırmalar mərkəzinin rəhbəri Ara Papyan Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşündən heç nə gözləmədiyini bildirib. O belə hesab edir ki, Azərbaycanı Avrasiya Birliyinə cəlb etmək üçün Rusiya işğal edilmiş əraziləri ona qaytarmaq və bu problemi guya Ermənistanın hesabına həll etmək istəyir.

Ermənistanın məsələ ilə bağlı şübhələrinin daha da artmasının bir səbəbi dəfələrlə qeyri-qanuni yollarla işğal altında olan Azərbaycan ərazilərinə səfər edən və qatı ermənipərəst mövqeyi ilə tanınan jurnalist Solovyovun Bakıda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsinin həllini Avrasiya Birliyi çərçivəsində gördüyünü bəyan etməsidir. Nazirlərin görüşü ərəfəsində Rusiyadan Azərbaycana hərbi texnikanın göndərilməsi də Rusiyanın Bakını öz iqtisadi və siyasi maraqları orbitinə daha çox cəlb etmək cəhdi kimi dəyərləndirilə bilər. Amma Ermənistanda olduğu kimi təbii ki, Bakıda da münaqişənin həllində Rusiyanın səmimi olacağına, hətta Azərbaycan Avrasiya Biriliynə üzv olsa belə, Moskvanın işğal altındakı torpaqların azad ediləcəyi barədəki vədlərinə inanmırlar. Azərbaycandakı əksər tanınmış politoloqlar Moskvanın müxtəlif vədlərlə Azərbaycanı Avrasiya Birliyinə üzvliyünə nail olma cəhdinin sadəcə olaraq oyun ola biləcəyi qənaətindədirlər. Digər tərəfdən də ortada acı bir həqiqət var. Hətta Azərbaycan Avrasiya Birliyinə üzv olsa belə işğal altındakı torpaqlar azad edilmədən Ermənistanla iqtisadi-siyasi əlaqələri bərpa etməyəcək. Bu, yəni torpaqlar işğaldan azad edilmədən belə Azərbaycanın Avrasiya Birliyinə üzv qəbul edilməsi sadəcə olaraq yalnız Rusiyaya lazımdır. Yəni əslində Moskvanı işğal edilmiş ərazilərin azad edilməsi və ya Bakı ilə Yerevan arasında siyasi və iqtisadi münasibətlərin bərpa edilməsi ümumiyyətlə maraqlandırmır. Bəs belə bir vəziyyətdə Rusiyanın münaqişəni həllində səmimi ola biləcəyinə inanmaq olarmı? Məsələ ilə bağlı “Yeniavaz.com”a verdiyi açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında Moskvada keçiriləcək görüşdən hər hansı bir nəticə gözləmədiyini söylədi: “Rusiya beynəlxalq ictimaiyyətin təzyiqi altında Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Moskva görüşünü təşkil edir. Bununla da beynəlxalq aləmdə belə bir təssürat oyatmaq istəyirlər ki, guya münaqişənin həlli istiqamətində hansısa işlər davam etdirilir. Amma Ermənistanın işğal etdiyi əraziləri azad etməyəcəyini qəti şəkildə bəyan etdiyi bir vaxtda təbii ki, nazirlərin Moskva danışıqlarından nə isə gözləməyə dəyməz”.

Nazirlərin Moskva görüşünə münasibətdə işğal edilmiş ərazilərin qaytarılması hesabına Azərbaycanın Avrasiya Birliyinə üzv edilməsi ilə bağlı guya Rusiyanın hansısa cəhdə baş vuracağı barədə Ermənistandakı narahatlığa gəlincə, Qabil Hüseynli buna da inanmağın çətin olduğunu söylədi: “Əlbəttə, işğal altındakı torpaqların azad edilməsi şərti ilə Azərbaycanın Avrasiya Birliyinə üzv qəbul edilməsi ölkəmiz üçün sərfəli hesab edilə bilər. Ancaq təbii ki, Rusiya bu məsələdə səmimi olsa, onda Azərbaycanın Avrasiya Birliyinə üzvlüyü məqsədəuyğun ola bilər. Ancaq Rusiyanın açıq-aşkar şəkildə münaqişənin həllində Ermənistanın maraqlarını müdafiə etdiyi bir vaxtda buna inanmaq çətindir”.

Əziz MUSTAFA

BIR CAVAB BURAXIN