Prezidentliyə namizədlərin Azərbaycanın daxili işlərinə müdaxiləsinə son qoyulmalıdır

0
671

 

Fransada qarşıdan gələn seçkilər ərəfəsində prezidentliyə namizədlərin Azərbaycan-Ermənistan münaqişəsini önə çıxarması və bu müstəvidə də bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən ermənipərəst açıqlamalar verməsi Azərbaycanda özünəməxsus şəkildə əks-səda verməkdədir. Bu da əsassız deyil. Belə ki, prezidentlik kürsüsü uğrunda mübarizədə qalib gəlmək imkanları digərləri ilə müqayisədə daha yüksək qiymətləndirilən əsas namizədlər, xanım Marin Li Pen, Fransua Fiyon və Emmanuel Makronun seçki platforması bu yaxınlarda Ermənistanda keçirilən parlament seçkilərində namizədliklərini irəli sürən siyasi partiya və bloklarındakından demək olar heç nə ilə fərqlənmir. Adları çəkilən hər üç namizəd qondarma erməni soyqırımının tanınması və bunu inkar edənlərə qarşı cəza tətbiq edilməsini, eyni zamanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yolu ilə münaqişənin həllini önə çıxarıblar. Bu çərçivədə də prezidentliyə namizədlər Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edərək məsələnin mahiyyətini öyrənmədən Dağlıq Qarabağın guya əzəli erməni torpağı olduğunu var gücləri ilə bəyan etməkdədirlər. Buna paralel olaraq istər Marin Li Pen, istər Fransua Fiyon, istərsə də Emmanuel Makron prezident seçiləcəkləri təqdirdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün bütün imkanlardan istifadə edəcəklərini vəd edirlər. Bu isə əslində oduqca qorxulu bir tendensiyadır. Hər halda tarixboyu müsəlmanlara nifrət üzərində köklənən, Şərqə qarşı xaç yürüşlərinin təşkilatçıları olan Fransanın ermənilərə rəğbətinin xristian təəssübkeşliyi, xaçlı təfəkkürü üzərində kökləndiyi heç kimə sirr deyil. Əslində bu üç namizəddən hər hansı birinin prezident kürsüsində oturması şübhəsiz ki, antitürk, antimüsəlman qarşıdurmasının körüklənməsinə gətirib çıxaracaq. Belə bir vəziyyət ermənilərin, həmçinin onların havadarları olan Rusiyaya da bu sərf edir. Digər tərəfdən də prezidentliyə namizədlərin qondarma erməni soyqırımı və Qarabağ münaqişəsi ətrafında ajiotaj qaldırmasının arxasında Fransadakı erməni lobbisinin, həmçinin Avropa Birliyini parçalamaq üçün bütün imkanlarını işə salan Rusiyanın dayandığı ehtimal edilir. Konkret olaraq franız prezidentliyə namizədlərin seçkiqabağı mübarizədə Azərbaycan üçün önəmli olan Dağlıq Qarabağ münaqişəsinin həllini “hərraca” çıxarması isə qeyd etdiyimiz kimi ölkəmizin daxili işlərinə kobud müdaxilə kimi dəyərləndirilə bilər. Məsələyə münasibət bildirən millət vəkili, Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri,politoloq Fazil Mustafa istər Fiyon, istərsə də Makron və Li Penin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə dediklərinin hər hansı sağlam məntiqə sığmadığını, bütün bunların xəstə adamın səfeh danışıqlarını xatırlatdığını söylədi: “Fransız prezidentliyə namizədlərin Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmələri Azərbaycanın daxili işlərinə müdaxilədən başqa bir şey deyil. Bu savadsız namizədlər Qarabağdan, münaqişə ilə bağlı əsl tarixi həqiqətlərdən xəbərsizdirlər. Ona görə də səfeh açıqlamalar verməklə erməni lobbisinin rəğbətini qazanmaq istəyirlər. Əgər bu namizədlərin fransızlara, Fransanın ərazi bütövlüyünə hörmətləri olsaydı, onda digər ölkələrin taleyi, ərazi bütövlüyü ilə oynamağı özlərinə ən azından rəva bilməz, sərsəmləməzdilər. Mənə elə gəlir ki, prezidentliyə namizədlərin Azərbaycanın daxili işlərinə həyasızcasına müdaxiləsinə son qoyulmalı və bununla bağlı müvafiq qurumlar tərəfindən addımlar atılmalıdır”.

Fazil Mustafa bu müstəvidə də Azərbaycanın Fransadakı səfirinin məsələ ilə bağlı hərəkətə keçməsinin, Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxiləyə son qoyulmasını Fransanın müvafiq qurumları qarşısında qaldırmasının vacibliyini vurğuladı: “Söhbət Dağlıq Qarabağ münaqişəsi ətrafında əsassız ajiotaj qaldıraraq Azərbaycanın daxili işlərinə müdaxilədən gedirsə, onda zənnimcə buna dövlət səviyyəsində sərt reaksiya verilməlidir”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN