Alnına tuşla ləqəbi yazılmış “SUKA” kimidir? – “onu gəzdiyim qıza bağışlamışam…”

0
766

Alnına tuşla ləqəbi yazılmış “SUKA” kimidir? - "onu gəzdiyim qıza bağışlamışam..." - DƏHŞƏTLİ FAKT

Xanəmir Telmanoğlu təqdim edir:

Alnına tuşla ləqəbi yazılmış “suka” kimidir?

“Suka” kimlərin nələrini oğurlamışdı?

Saşa oğurluğunu necə boynuna alır və oğurladığı paltarı hansı qıza bağışlamışdı?

Əslini Kərəmə niyə vermədilər?

“SUKA”NIN ETİRAFI

İsmayılovun və Rəfiyevin rəhbərlik etdiyi inzibati orqan əməkdaşları rüb ərzində baş verən bir ölüm, 17 mənzildən oğurluq cinayətinin üstünü açıb cinayətkarları ifşa etməyə, o qədər də qadir deyillər.

Ona görə də vəziyyətə qiymət verən respublika DİN-nin CAİ-nin 14 nəfər əməkdaşını idarənin rəis müavini milis podpolkovniki Fazil Quliyevin rəhbərliyi ilə bir ay müddətinə Mingəçevir şəhərinə ezamiyyətə göndərdilər.

Biz əvvəlcə qalmaq yerini müəyyənləşdirdikdən sonra şöbəyə gəlib aramızda vəzifə bölgüsü apararaq işə başladıq.Biz şəhər mehmanxanasında, Quliyev isə turist bazasında qalmalı olduq.Mən ev oğurluğu cinayəti üzrə işləməli idim.Bu sahədə yerli milis işçilərinin apardıqları əməliyyat axtarış işini öyrənərkən qovluğun içərisində bir rus oğlanın izahatını oxudum.Oğlanın çox nadir ləqəbi vardı:”Suka”.Özünün də Zaqatalada yaşadığı göstərilmişdi.Mən “Suka “ ləqəbli Saşanı hələ Zaqatalada işlədiyim dövrdən tanıyırdım.O azyaşlı olan zaman oğurluq üstündə məhkum edilmiş, həbs düşərgəsində alnına tuşla “Suka” yazılmışdı. Eşitdiyimə görə “Suka” həbsdən buraxıldıqdan sonra da oğurluğu tərgitməmiş, elə bu yaxın günlərdə də Zaqatala rayon DİŞ-nin əməkdaşları tərəfindən mənzil oğurluğuna görə həbsə alınmışdır.Burada da Suka Mingəçevir şəhər DİŞ-nin əməkdaşlarına şahid kimi izahat verib çox rahatca aradan çıxmışdır.

Mülahizələrimi əməliyyat müşavirəsində söylədim və Zaqatalaya kömək üçün icazə istədim.

Çox yaxşı ağlabatan mülahizədir, yoxlanılması vacibdir, dedilər. Məsləhət belə oldu ki, Quliyev, rəis İsmayılov və prokuror Rəfiyev də mənimlə getsinlər. Biz Zaqatalaya çatanda saat 16 idi.Onunla iş otağında görüşdük. Rəfiyev vəziyyəti ona izah etdi. Daxili telefonla Həsənov, müstəntiq Nüsrət Abdullayevi çağırdı.Əhvalat yenidən müstəntiqə nəql edildi və “Suka” nın gətirilib birlikdə söhbət aparılması təklif olundu.Bu zaman müstəntiq Abdullayev heç bir etikaya sığmayan şəkildə rütbədə və vəzifədə özündən yuxarı yoldaşların qarşısında özündən razı halda bildirdi ki, “Suka “ haqqında olan cinayət işinin istintaqı tamamlanıb, təqsirnamə yazmağa başlamışam.Ona görə də, artıq ona heç kimlə görüş verə bilmərəm,lap sübut olsa belə, heç bir cinayət işi qəbul edən deyiləm, mənim istintaq müddətim sona yetir.Ona deyildi ki, sən düz fikriləşmirsən, təki bizim mülahizəmiz düz çıxsın, istintaqın vaxtını artırarsan. Elə “bircə o olmayacaq” deyə, yenə kobudluğa yol verdi.Nəticədə, Quliyevlə aralarında ciddi çəkişmə başladı.Mən dözməyib heç kimi gözləmədən Abdullayevin qolundan tutub çölə çıxardım.Vartaşen əhvalatını ona xatırlatdım və bu gün də düzgün yolda olmadığını və bunun pis nəticə verə biləcəyinə onu inandırmağa çalışdım və dedim, “qoy, sən deyən olsun, rəhbərlik sənə rəsmi göstəriş yazar, onda özün bizdə olan cinayət işini götürmək və zərər çəkmişləri dindirmək üçün Mingəçevirə gələrsən.Orada səni qarşılayıb kömək edən olmaz, onda bir daha səhvini yada salarsan.İndi isə növbətçiyə de, “Suka”nı çağırıb sənin iş otağına gətirsin, bəlkə o, heç biz fikirləşdiymiz adam deyil. Bu məsələni mən qaldırmışam, gələnlərin içərisində “Suka”nı bircə mən tanıyıram”. Beləcə, Abdullayevi razı saldım, o məhbusun gətirilməsi üçün növbətçiyə göstəriş verdi.

Mən Abdullayevin iş otağında oturub məhbusun gəlişini gözləyirdim. Növbətçi zabit qapını döyüb məhbusu gətirdiyini xəbər verdi,məhbus doğrudan da, mənim zənn etdiyim “Suka” idi. Onun əlində “Avrora” siqareti vardı. Elə bu bundan istifadə edib birbaşa sözə başladım:

-“Suka”, o etdiyin cinayətləri elə müstəntiqə boynuna al ki, sənə “Kazbek” siqareti alsın, bu nədir sən “Avrora” siqareti çəkirsən, -deyə ona bir paçka “Kazbek” papirosu verdim. Dedi:

-Vətəndaş Hacıyev, özünüz bilirsniz, biz köhnə tanışıq, onu da bilirəm ki, Respublika CAİ-də işləyirisiniz. Məni isə bir qutu “Kazbek”lə aldada bilməzsiniz, dərdinizi açıq deyin, hansı rayonun açılmamış işlərini mənə yamamağa gəlmisiniz?

– Saşa, sənə ayıb olsun, deyirsən biz köhnə tanışıq, özün də güman edirsən ki, mən saxtakarlıq etmək fikrinə düşmüşəm? Deməli, boş sözdür, sən məni yaxşı tanımamısan, – deyə ona cavab verdim. Əlavə etdim ki – çox namərd iş tutmusan, sənə etibar edən qızlarla bir həftə kefə baxmısan, lakin “Suka” kimi hərəkət edib nəticədə onların geyimlərini oğurlamısan. Üstəlik, etdiyin oğurluq üstündə milis əməkdaşlarını araya qoyub onlara şahid kimi izahat verib aradan çıxmısan. Üstəlik də, bu işdə sənə paltarlarını oğurladığın qızlar köməklik edib ki, o bizim qonağımızdır, biz ondan şübhələnmirik. Güman etmək olardı ki, qızların bu hərəkətinə görə vicdanın səni məcbur edər, sən də onların paltarlarını qaytararsan. Sən isə belə etmədin. Bəs nə edək, mənə də saxtakar dedin. İndi, Saşa, özün fikirləş, mən nə etməliyəm? Qoy, müstəntiq Abdullayev də qulaq assın, bir misal çəkəcəm, deyə sözə başladım:

Səhər-səhər bir erməni kişi öz öküz arabası ilə zəmidən qayıdırdı.Yolda bir azərbaycanlı kişi öz öküz arabası ilə onun qarşısına çıxır. Azərbaycanlı ürəyində deyir ki, bu ermənini bu yoldaca döyəcəm, dərə xəlvət, tülkü bəy, belə fürsət ələ düşməz. Ancaq döyməyə də bir bəhanə lazımdır. Elə ki, erməninin öküz arabası ilə qarşılaşır, azərbacanlı qışqırır, ”barev, axpercan, hardan gəlirsən?” Erməni deyir, “barev, axpercan, zəmilərdən gəlirəm”. Azərbaycanlı dərhal soruşur,” sizin zəmilər yaxşıdır, yoxsa bizim?” Kələyi anlayan erməni cavab verir ki, sizin. Sonra azərbaycanlı soruşur,” sənin araban yaxşıdır, yoxsa mənim?” Erməni deyir, “səninki yaxşıdır”. Sonra soruşur, “sənin öküzlərin yaxşıdır, yoxsa mənim?” Erməni yenə “sənin” deyir. Sual verir , “sizin kəndiniz yaxşıdır, yoxsa bizim?” Erməni deyir, “axpercan, kor kor, gör gör, nə varsa bizimkindən sizinkilər yaxşıdır”, deyəndə, azərbaycanlı çomağı qaldırıb erməninin başına endirir ki, ay dığa, elə mənə də bu lazım idi, əgər hər şey bizimki yaxışdırsa, bəs, nə üçün Əslini Kərəmə vermədiniz?

Erməni başlayır yalvarmağa ki, axpercan, qara keşiş hara, mən hara, mənim Əsli Kərəm əhvalatı ilə nə əlaqəm?

Bu yerdə Saşa dilləndi, “sizi başa düşdüm, vətəndaş Hacıyev, kişi kimi mənə söz versəniz, mən özümü döydürən deyiləm. Əgər söz verməsəniz, lap dərimi də soysanız heç nəyi boynuma alan deyiləm”.

Razılaşdıq, Saşa dedi:

– Qızların nəyini oğurlamışamsa, iki saata hamısını gətizdirəcəm. Bu şərtlə ki, bir alt köynəyindən xoşum gəlib, onu gəzdiyim qıza bağışlamışam, o da əyninə geyinib, onu soyundurmayın.Onu bir daha əmin etdim ki, yüz faiz arxayın ola bilərsən. Belə olanda Saşanın gəzdiyi qızı şöbəyə dəvət edib Saşa ilə görüş verdik. Doğrudan da, iki saat ərzində maddi sübutları protokollaşdırıb götürdük və Azərbaycan SSR prosessual qanun məcəlləsinin tələbi əsasında cinayət işini icraatda olan cinayət işinə birləşdirmək üçün müstəntiq Abdullayevə təhvil verdik.

SOLMAZI NƏ ÜÇÜN ÖLDÜRDÜ?

ÇAYÇI QADININ SƏBƏBKARLIĞI?

QATİL TÖRƏTDİYİ CİNAYƏTİ NECƏ BOYNUNA ALDI

Mən yenə də açılmamış ev oğurluqları cinayətləri ilə işləyir, açılmamış ölüm cinayətləri ilə maraqlanırdım. Əməliyyat müşavirələrində iştirak edirdim. Öldürülən Bədəlova Solmaz adlı yüngül xasiyyətli cavan bir qadın idi. O öz evində yorğan döşəkdə alt paltarında olduğu halda bıçaqla vurularaq qətlə yetirilmişdi.

Güman edilirdi ki, evdən heç şey oğurlanmamışdı. Hamamda isə diri hinduşka vardı.

Aparılmış tədbirlər nəticəsində Bədəlova Solmazın yanına ayrı-ayrı rayondan gələn 16 nəfərdən çox adam müəyyən edilmişdir. İş üzrə aparılan istintaqa bu qədər adamın cəlb edilməsi, hər dindirilən yeni adamın da başqalarının adlarını çəkməsi ilə istintaq dolaşmış, şübhəlilərin sayı çoxalmış, bir sözlə kələfin ucu itmişdi.

Rayon DİŞ-in bufetində çay içib nahar edərkən çayçı qadının danışıqlarına çox fikir vermişdim. O, hər söhbətdə özünə yaxın hesab etdiyi işçilərə qızının həyat yoldaşı Çingizdən söhbət açıb son vaxtlar Çingiz qumar oyununda həyat yoldaşının ziynət şeylərini uduzduğunu, qızını yığışdırıb öz evinə gətirməsi barədə danışırdı.

Bir dəfə mən bufetə girəndə çayçı qadının bir cavan oğlanla söhbət etdiyini gördüm.Onlar məni görcək söhbəti kəsdilər,oğlan çıxıb getdi, mənə elə gəldi ki, gedən oğlanı şöbənin qarşısında dayandığını mən çox görmüşəm.Çayçı qadından oğlanın kimliyini soruşdum.Dedi ki, qızımın başı batmış həyat yoldaşı Çingiz bu, oğlandır.Solmazın ölümündə ondan da şübhələniblər, çağırıb dindiriblər.

Bura gəlməsində məqsəd, guya ölüm cinayətinin üstünün açılıb açılmamasını öyrənməkdir. Bu bəhanə ilə mənmlə söhbətə girişir, sonra da xahiş edir ki, icazə verin həyat yoldaşını aparsın. Dedim, cavandırlar, barışdır, qoy gedib yaşasınlar. Özün deyirsən ki, tez-tez gəlib xahiş edir. Çayçı qadın dedi, onu Allah vurmuşdu, qulağının dibini görər, mənim qızımı görə bilməz. Bu söhbət mənə çox qəribə təsir etdi. Çayçı qadın qızını ərdən boşandırır, ər ölüm cinayəti üçün milisə çağrılır, sonra milisdən birdəfəlik uzaqlaşmaqdansa, o ora tez-tez gəlir, cinayətkarın tapılıb tapılmaması bəhanəsi ilə qayınanası ilə söhbətə girişib həyat yoldaşı ilə barışması barədə aralarında çox mehriban söhbət gedir. Bu necə olan işdir, əgər doğrudan da, ona həyat yoldaşı lazımdırsa,bu məsələ qız evində həll edilər.

Mən bu fikir ətrafında öz mülahizələrimi yürütdüm və rəhbərlikdən xahiş etdim ki, ölüm cinayətinin açılmasında köməklik etmək üçün mənə də səlahiyyət versinlər. Prokurordan da xahiş etdim ki, Çingizin atası evində axtarış aparmaq üçün mənə qərar versin. Prokuror dedi, axtarış aparılıb. Dedim, Çingiz və onun ailəsi ilə yaxından tanış olub, onunla təklikdə ürəkdən söhbət etmək üçün bu tədbir vacibdir.

Ev axtarışına qərar alan kimi Çingizi tapıb heç bir söz demədən saxlanılması üçün növbətçiyə təhvil verdim. Kömək götürüb Çingizin atası evində axtarışa getdim. Onlar beşmərtəbəli beş bloklu evin ikinci blokunun 3-cü mərtəbəsində 3 otaqlı mənzildə yaşayırdılar. Axtarış 6 saat davam etdi. Bu müddət ərzində onların şəxsi albomlarında fotoşəkillərlə tanış oldum, demək olar ki, ailə həyatları haqqında xeyli təsəvvürüm oldu.

Axtarışdan qayıtdıqdan sonra rəis müavini İmanovun iş otağında Çingizlə üz -üzə oturdum.

Hərəmiz bir stəkan çay içdik, sonra dedim, Çingiz, “sən bir papiros çək,mən bir qədər bu kitaba baxım, sonra söhbət edərik”.Bir azdan Çingiz dedi, “sualını ver, mən papirosumu çəkdim”. Dedim, “birini də çək, mən hələ qurtarmamışam”. Çingiz dedi, ayaqqabı ayağımı sıxır”. Onun ayaqlarının altına bir qəzet açdım, dedim “ayaqqabılarını çıxar bura qoy, corabların bulanmasın, gödəkcəni də çıxar papağının yanından as.Bir stəkan da çay iç, sonra danışarıq”.

Nəhayət, Çingiz bir də “sualını ver”, deyə dilləndi, onda əlimdəki kitabı ona uzadıb işarə qoyduğum 3 abzasın yerini ona göstərib “oxu “ dedim. Oxudu, çox təəccüblə üzümə baxdı,dedim, “ mənim üzümə baxma, kitabın üzünə bax.Kitabın üstündə yazılmışdır: qanun qanundur”.Çingiz dedi, “bunlar hamısı nə üçündür?” Dedim, “Çingiz, sən tam ali savadlı olmasan da, texnikum bitirmisən, əsgərlikdə matros olmusan,evlisən, atan-anan qarşında sağ-salamat,gərək cinayət əməlinə yol verməyəydin.Evdə cavan həyat yoldaşın ola-ola əxlaqsız qadının yanına, qumar oyununa getməyəydin.Artıq bunlar keçib, hətta istintaqa yalan ifadə verib onları çaşdırmaqla başqalarını da zəhmətə salmısan.Cinayəti törətdiyini kişi kimi etiraf edib səbəbini izah etsən, istintaqı dolaşdırmayıb, hər şeyi olduğu kimi etiraf etsən, bax, o oxuduğun abzaslar köməyinə çatar.”

Çingiz uzun zaman dərin fikrə getdi, mən onu tələsdirmədim.O köksünü ötürüb bir də sual verdi, tutaq ki, Solmazı öldürdüyümü boynuma aldım, məni güllələnməkdən kim qurtarar? Dedim, “heç kim.” Dedi, “sənin mənə nə kimi köməyin dəyər?” Dedim, “mən artıq köməyimi sənə etmişəm.Nə rəis, nə biz Bakıdan gələn, nə prokuror sənin cinayətinin müqabilində cəzanın yüngülləşəcəyinə kömək edəcəyik desək yalan olar. Bütün bunlar sənin öz əlindədir.Əməlini etiraf edəcəksən, mən də bu saat bir protokol yazacam ki, Çingiz könüllü gəlib Solmazı qətlə yetirdiyini etiraf edib. Bundan sonra, bax, beləcə cinayət işini aparan müstəntiqlə təkbətək qalacaqsan.Savadlı oğlansan, dindirmə protokoluna öz xəttinlə hadisəni olduğu kimi şərh et ki, müstəntiqin sənə sual verməyinə yer qalmasın.”

Çingiz sözə başladı:Əhvalat belə olmuşdur. Bir il idi ki, Solmazla qeyri -qanuni yaşayırdım. Bəzi hallarda ondan borc pul alır, sonra da qaytarırdım.Onun yanına başqa rayonlardan da gələnlər olurdu. Onda daima çox pul olurdu.Bir dəfə pullarımı qumarda uduzmuşdum. O isə hər dəfə borcu istəyirdi.Bir gün ciblərimi axtardı, pul olmadığını görüb atamın adına olan “Moskviç” markalı avtomaşının texniki pasportunu götürdü. Nə qədər xahiş etdim vermədi, dedi ki, bax, bu çamadana qoyuram, pulunu gətirəndə apararsan.

Bir ay keçdi, pulu qaytarmağa imkanım olmadı. Bir gün kolxoz bazarından bir hinduşka, mağazadan da bir şüşə araq alıb Solmazgilə getdim ki, onun könlünü alım, bəlkə texpasportu qaytarsın.Hinduşknı hamama buraxıb axşam kəsərik dedim. Solmaz süfrə açdı, bir şüşə arağı ikimiz içdik, sonra mən soyundum, ona da soyunmağı təklif etdim, fikirləşdim ki, yorğan döşəkdə onu razı sala biləcəm.Lakin bu fikrim də baş tutmadı.Qorxuzmaq məqsədi ilə onu boğmağa başladım, birdən o güclü təkanla məni itələyib kravatdan yerə yıxdı.Hirs məni boğdu .Stolun üstündəki mətbəx bıçağını götürüb 3 dəfə sinəsindən vurdum, sonra göstərdiyi çamadanı açıb “Moskviç”in texpasportunu götürdüm.Bıçağı da evin qabağından axan çirkab su kanalına atdım.Cinayəti bu günə kimi etitraf etməməyimin də səbəbi sizin işçilərdir. Cinayət açılmamış qalmaz deyərlər, cidanı çuvalda gizlətmək olmadığı kimi. Odur ki, hadisə aşkar olanın səhəri günü (Onu da deyim ki, Solmazın öldürülməsi inzibati orqanlara 3 gün sonra məlum olmuşdu) özüm şəhər DİŞ-nə gəldim, fikrim var idi ki, rəisi tapıb hadisəni danışım.Rəis iş otağında idi, mən iki dəfə onun qapısını açıb icazə istədim, o hər dəfə mənə acıqlı səslə gözlə dedi. Mən də ürəyimdə dedim gözləyərəm,siz də cinayətkarı axtarın.Daha 3 gün keçmişdi ki, məni küçədə tutub milis şöbəsinə gətirdilər.Əvvəl rəis müavini İmanov, sonra prokuroroluğun müstəntiqi məni danışdırdı.Gördüm ki, onlar mənə elə ümumi suallar verirlər. Solmazı nə vaxtdan tanıyıram, axırıncı dəfə nə vaxt onlarda olmuşam,onunla daha kimlərin əlaqədə olmasını bilirəm.Onda başa düşdüm ki, mənə qarşı heç bir şübhələri yoxdur,mənə sadəcə Solmazın müştərilərindən biri kimi yanaşırlar.Bir gün şəhər DİŞ-də qaldıqdan sonra məni gecə ikən buraxdılar.Elə həmin gün televizor ekranlarında “Baharın 17 anı” filmi nümayiş etdirilirdi.Hər axşam kinoya baxdıqdan sonra öz-özümə söz verirdim ki, səhər gedib hadisəni olduğu kimi rəisə danışacam, səhər bura gəlib hərənin öz işi ilə məşğul olduğunu görüb qaynanamla bir qədər söhbət edirdim və belə qərara gəlirdim ki, mənə qarşı heç bir şübhə yoxdur, yenidən çıxıb gedirdim.Elə ki, dedilər Bakı şəhərindən yoldaşlar gəlib, dedim, mən yəqin yenidən şöbəyə çağrılacam.Qoy özümü sınayım, əgər onlar da yerli işçilər kimi işə səthi yanaşsalar, deməli öz yanımdan gedib həbsə girmək lazım deyil.

Bax, o gündən mən gecə-gündüz əziyyət içərisində yaşayıram, çox sağ olun, hadisəni sizə danışdım, ürəyim boşaldı, artıq özümü yüngül hiss edirəm.

Artıq gecə saat 3 idi.Mən prokuror Rəfiyevə zəng vurub yuxudan durğuzdum, əhvalatı ona danışdım.Prokuror dedi, növbətçi avtomaşını göndərsin gəlirəm.O əlində bir şüşə araq, bir qədər kolbasa və çörək içəri girdi.Prokurora dedim ki, milis müstəntiqi Tağıyev öz iş otağındadır, bizə çay verir, sağ olsun.Elə bu vaxt prokurorluğun müstəntiqi də gəlib çıxdı.Üçümüz bir yerdə yenidən Çingizə qulaq asdıq,sonra müstəntiqlə Çingiz qaldı, biz Tağıyevin iş otağına getdik.Bir qismət çörək yemək istəyirdik ki, Çingizin qışqırıq səsi bizi diksindirdi.Yenidən təcili müstəntiqin iş otağına qaçdıq.Çingiz bizi görən kimi dedi ki, istəyirsiniz məni öldürün heç nədən xəbərim yoxdur.Çingizlə bir qədər söhbətdən sonra o bildirdi ki, müstəntiq deyir nə üçün səni biz dindirəndə deməmisən bunu,ancaq bu gecə vaxtı Bakıdan gələnə danışdın, qoy o sənə kömək etsin.İstintaqda baxarıq deyə mənə hədə gəlir.Yenidən Çingizlə söhbə etdim,bir daha ona dedim, ifadəni özün yaz və ifadədə də göstər ki, səhər məni apararsınız Solmazı vurduğum bıçağı da sizə verərəm.Vəssəlam.Daha müstəntiqlik bir iş qalmır ki, o əlavə sənə nəsə pislik etsin.

Bundan sonra dedim ki, mən Çingizin istintaqının sonuna kimi maraqlandım və nəticədə öyrəndim ki, düzgün etirafı, doğrudan da, ona kömək olmuşdur.Məhkəmə baxışında Çingiz 8 il azadlıqdan məhrum edilmişdir.

O məktubunda yazırdı ,”Vətəndaş Hacıyev, nə yaxşı ki, mən sizinlə rastlaşmışam.Fikirləşdikdə dəhşətə gəlirəm, mən qatı bir cinayət işləmişəm, başqasının həyatını söndürmüəm.Əslində, belələrinin həyatı mütləq söndürülməlidir, deyə özümə təskinlik vermək istəyirəm.Ancaq dediyim düz alınmır,mən bunu qeyrət mənasında etmiş olsaydım yaxşı olardı.Lakin etdiyim cinayətin sizin kimi bir milis işçisinin əli ilə açılmış olması məni ölüm cəzasından qurtardı.”

BIR CAVAB BURAXIN