Son illərdə Ermənistanda baş verən siyasi hadisələr və bu baxımdan adı çəkilən ölkənin müstəqlliyini artıq itirməkdə olduğu barədə tanınmış politoloqlar tərəfindən kifayət qədər fikirlər səsləndirilib. Hər halda bu əsassız deyil. Çünki ötən əsrin 90-cı illərinin sonlarında Ermənistan parlamentində baş verən qanlı hadisələr nəticəsində prezident Ter-Petrosyanın hakimiyyətdən getməyə məcbur olmasından sonra ölkənin suveren dövlət kimi mövcud olması təhlükə altına düşdü. Hər halda Petrosyanı prezident postunda əvəz edən Robert Koçaryan ilk günlərdən Ermənstanın tədircən Rusiyanın quberniyasına çevrilməsinə yönələn siyasət yeritməyə başladı. Putinin Rusiyanı idarə etməyə başlamasından sonra isə Ermənistanın vassal dövlətə çevrilməsi prosesinə yeni təkan verildi. 2008-i ildə seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gələn və buna qarşı çıxan etiraz aksiyasını Rusiyanın yardımı ilə qan içində boğan Serj Sarkisyanın idarəçiliyi dövründə isə Ermənistan de-fakto müstəqilliyini itirdi. Artıq bu fakt həm beynəlxalq aləm, həm də Ermənistandakı belə demək mümkünsə sağlam qüvvələr tərəfindən də təsdiqini tapmaqdadır. Məsələn, hələ ötən ilin mart ayının 30-da politoloq İqor Muadyan “Liragir” qəzetində yazmışdı: “Amerikalılara deyəndə ki, Ermənistan müstəqil dövlət kimi artıq mövcud deyil, onlar bunu bildiklərini deyirlər”.
Eyni sözləri əksər Qərb dövlətlərinin Ermənistanuı Rusiyanın artıq tərkib hissəsi olduğunu qəbul etməsi barədə də demək olar. Bu baxımdan Ermənistanda keçirilən son parlament seçkiləri də ölkənin Rusiya tərəfindən tam şəkildə idarə oldunduğunu bir daha ortaya qoymuş oldu. Məhz Sarkisyanın bu ilin mart ayının 14-də Moskvaya səfər etməsindən və orada yenidən ölkəni idarə etmək üçün Putinin razılığını almasından sonra parlament seçkilərinin sadəcə olaraq oyun olacağı barədə deyilənlər öz təsdiqini tapdı. Təsadüfi deyil ki, ötən həftə Ermənistanın Birinci kanalına verdiyi müsahibəsində ekspert Aşot Yeqiazaryan açıq şəkildə : “Ermənistan parlamentinin necə seçilməsi bizə məlumdur. Bu o deməkdir ki, Ermənistan nəinki suveren hüquqlarının çox hissəsini itirib, əslində o bir dövlət kimi mövcud da deyil”,- dedi.
Ötən gün isə daha bir politoloq İqor Muradyanın Birinci kanala verdiyi müsahibəsində növbəti dəfə Ermənistanın müstəqil dövlət kimi mövcud olmadığını deməsi diqqəti cəlb edib. Onun sözlrinə görə, ölkə konstitusiyasına edilən dəyişiklik də məhz Ermənistanın Rusiyanın bir hissəsinə çevrilməsinə xidmət edib.
Bəs Ermənistanın de-fakto müstəqilliyini itirməsi bölgəyə qonşu dövlətlərə, o cümlədən Azərbaycana nə vəd edir?
Məsələ ilə bağlı sualımıza cavabında politoloq Qabil Hüseynli “Yeniavaz.com”-a açıqlamasında Ermənistanın tədricən müstəqilliyini itirdiyini, əvvəlcə onun forpostuna, sonra isə quberniyasına çevrildiyini açıqladı: “Ermənistan Rusiyaya olan borcuna görə bütün işləməyən sənaye müəssisələrini onlara verdi. Ermənistanın sərhədlərini Rusiya qoruyur. Moskvanın icazəsi olmadan Yerevan xarici siyasət sahəsində bir addım ata bilmir. Son parlament seçkiləri də Moskvanın razılığı əsasında da həyata keçirildi və onları qane edən qüvvələrin qələbəsi təmin edildi. Rusiya müəyyən dövrdən sonra Abxaziya və Cənubi Osetiyada olduğu kimi Ermənistanı da öz ərazisinə qatacaq. Bunu həyata keçirmək üçün Rusiyanın Ermənistanda kifayət qədər qüvvəsi, 10 min nəfərdən artıq əsgəri, böyük həcmdə hərbi texnikası da var. Yəni Ermənistan faktiki olaraq müstəqilliyini itirib və o suveren dövlət deyil”.
Bütün bunlar isə Mokvanın Ermənistana qonşu ölkələri də ələ keçirməyə şirnikləndirə bilər. Amma bütün hallarda Ermənistana qonşu ölkələr kifayət qədər balanslaşdırılmış siyasət yeridirlər və bu da onlara Rusiyadan gələn təhlükəni aradan qaldırmağa imkan verir. Məsələnin digər tərəfinə gəlincə, politoloqların da qeyd etdiyi kimi Ermənistan de-fakto müstəqil dövlət kimi mövcud deyil. İqor Muradyanın da dediyi kimi günlərin birində bununla bağlı BMT-də məsələ qaldırılsa və Ermənistan qeyri-müstəqil dövlət kimi bu quruma üzvlükdən xaric edilsə, buna beynəlxalq aləmdə artıq təəccüblənməyəcəklər.
Əziz Mustafa