“Sankt-Peterburqda Sarkisiyana deyilib ki…” – MÜSAHİBƏ

0
778

Rasim Ağayev: “Erməni seli Rusiyaya doğru irəliləyir” 
Teleqraf.com sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevin müsahibəsini təqdim edir.
– Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələrini necə qiymətləndirirsiniz?
– Qarabağ konflikti ilə çoxdan məşğul olan mütəxəssis olaraq deyim ki, belə bir görüş öncədən gözlənilirdi. Əlbəttə, biz görüş və müzakirələrlə bağlı möcüzəli xəbərlər almırıq. Lakin tərəflər bir-birinə qarşı olan aqressiv mövqedən diplomatik dilə keçid etdilər. Yəni qarşıda anlaşma görünə bilər. Öncədən də siyasi dairələrdə gəzən şayiələr var idi. Guya Moskva hansısa təşəbbüs və planla sıxış edir, bu planlar tərəflərlə razılaşdırılır və s. Ola bilsin ki, Sankt-Peterburq görüşündə bu xəbərlər müəyyən qədər yerini tapdı. Eyni zamanda qeyd edilməlidir ki, Ermənistanın daxilində və ətrafında yaranan durum Qarabağ konfliktinin həlli istiqamətində müəyyən qədər zəmin yaradır.
– Konkret nəyi nəzərdə tutursunuz?
– İlk dəfədir ki, ABŞ, Avropa və Rusiya birmənalı olaraq İrəvana çatdırırlar ki, müharibə Azərbaycanın ərazisində gedir. İkincisi, əgər söhbət Dağlıq Qarabağdan, oradakı problemdən gedirsə, bu ayrı məsələdir. Amma fakt budur ki, sən Dağlıq Qarabağa aid olmayan ərazini işğal etmisən və özündən böyük bir ölkəyə diktə etmək xəttini yürüdürsən. Bu, açıq-aydın aqressiyadır.  Faktiki olaraq belə situasiyaya görə, Rusiyanın özünə Avropa və Amerika sanksiya tətbiq edir. Bəs Ermənistan kimdən artıqdır? Yəni İrəvana belə təsirlər var. Xüsusilə bir məqamı da qeyd etmək yerinə düşərdi. Əgər biz ilk illər Qarabağ məsələsinə görə, ermənilərə və Ermənistana dünyanın dəstək verdiyini görürdüksə, indi belə bir situasiya mövcud deyil. Ümumimilli erməni siyasəti indiki dünyanın siyasəti ilə ziddiyyət yaradır. Amerika və Avropada ciddi iqtisadi və maliyyə problemləri müşahidə olunur. Ermənistan da deyir ki, gəl qonşu olsaq da dalaşaq. Bu sözsüz ki, qəbul edilmir. Əksinə, Ermənistandan tələb edilir ki, bu məsələləri kompromis yolla həll etsin. Məncə, Putinin əsas təşəbbüsü bununla bağlıdır. Əlbəttə, bununla məsələ bitmir. Əslinə qalsa, problemin kökü Qarabağdır, ermənilərin də məqsədi saxta bir erməni dövləti yaratmaqdır. Bu, öz-özlüyündə strateji fikirdir. Çünki 20 ildən sonra ermənilər deyə bilər ki, Rusiyada da belə bir ərazi var. Məsələn, Krasnodarda, Stavropolda ermənilər yaşayır. Eləcə də Gürcüstanda ermənilərin kompakt yaşadığı məkan var. Yəni sabah ermənilərin bundan digər ölkələrə qarşı da istifadə etməsi üçün zəmin var.
Əlbəttə, Azərbaycan prezidenti haqlı olaraq qeyd edir ki, əgər ermənilər Qarabağda yaşamaq istəyirsə, yaşasınlar. Lap Bakıya gəlib yaşasınlar. Ancaq Azərbaycan ərazilərində yeni erməni dövlətinin yaradılmasına heç vaxt razı olmayacağıq. Məncə, bu mərhələdə konfliktin həlli üçün tətbiq edilə biləcək plan görünür.
– Siz, mərhələli həll ideyasını nəzərdə tutursunuz?
– Birinci mərhələdə əraziləri boşaltmaq lazım gələcək. Danışıqların predmetindən asılı olaraq 3 və ya 5 rayon boşaldıla bilər. Bundan sonra dəhlizlə bağlı müzakirə aparıla və son mərhələdə Azərbaycan özü Xankəndinə gedərək danışıqlar apara bilər. Belə bir kompromis yol görünür. Məncə, bu plan hətta 100 faiz deyil, 50 faiz reallaşarsa, Azərbaycan üçün böyük qazanc olacaq. Çünki söhbət işğal edilən torpaqlardan gedir. Bu torpaqlar ya güc yolu, ya da danışıqlar vasitəsilə geri qaytarılmalıdır. Biz sülh yolu ilə bunu tapmışıq. Bundan əvvəl isə güc yolu ilə müəyyən ərazilərimizi geri qaytardıq. Burada nə qədər ərazinin güc amili əsasında geri alınmasının fərqi yoxdur. Əsas odur ki, güc amili ilə az da olsa, torpaq azad edilib. Ermənilər anlayırlar ki, əsas məsələ – Ermənistanın daxili siyasi vəziyyəti uçurum həddindədir. Erməniləri ciddi problem gözləyir. Üstəlik erməni milli düşüncəsi dəstək əldə etmir. Məsələnin ciddiyyəti odur ki, Ermənistan boşalır. Bu ölkədə hakimiyyətdə elə bir mafiya əyləşib ki, resurslardan tutmuş sənayeyə qədər hər şeyi satıblar. Bu ölkənin ən böyük obyektləri Rusiyanın əlindədir. Ermənistan iqtisadi və siyasi müstəqilliyini itirib. Ən vacibi odur ki, ermənilər artıq burada yaşamaq istəmir. Dünyada qlobalizasiya prosesi gedir. Afrikadan milyonlarla insan Avropa və Türkiyəyə axın edir. Biz müşahidə edirik ki, MDB ölkələrindən əhalinin çoxu Amerikaya, Kanadaya, Avropaya köçür. Bu təsadüfi deyil. Bu göstərir ki, ənənəvi yaşayış modeli, yəni bu torpaqlar mənə tarixən aiddir və mən burada qalacam yanaşması artıq hakim deyil. Çünki “mən burada qalacam” deməklə məsələ bitmir. Bəs sən nə ilə camaatı dolandıracaqsan? Normalda insan gündə 3 dəfə qidalanmalıdır. Sən də bu qidanı tapıb insanlara verə bilmirsən, ancaq öz yaxın çevrənə verirsən. Üstəlik ermənilərin tarixi gedişatına baxmaq lazımdır. Onlar qərbdən, Balkanlardan Türkiyəyə tərəf gəlib. İndi ermənilərin əksəriyyəti şimala, yəni Rusiyaya gedir. Bir qismi də Amerikada məskunlaşıb. Azərbaycanda olan ermənilər faktiki olaraq burada müvəqqəti yaşayırdı. İndi erməniləri Gürcüstanda da sıxışdırırlar. Faktiki olaraq ümumi erməni seli Rusiyaya doğru gedir. Bu da zaman məsələsidir. Ermənistan indi belə problemlə üz-üzədir. 20 ilə Ermənistanda yaşayan ermənilərin sayı daha az olacaq. Üstəlik resurslar da tükənmək üzrədir.
– Siz Rusiyanın patronluğu ilə aparılan danışıqları müsbət hesab edirsiniz?
– Yaranan vəziyyətdə istər Rusiya olsun, istər Fransa, bizim üçün problemin həlli vacibdir. Məsələn, 20 ildir deyirlər ki, Rusiya təqsirkardır, bu problemi həll etməyə imkan vermir və s. Bəs 20 ildə Paris və Vaşinqton bu məsələni yoluna qoyardı da. Xatırlayıram, Heydər Əliyev Fransaya səfər etdi, prezident Jak Şiraka dedi ki, ermənilər ərazilərimizi işğal edir və s. Şirak da qayıtdı ki, biz erməniləri 200 ildir tanıyırıq, sizi isə yenicə tanımışıq. Demək biz 200 il gözləməliyik ki, fransızlar bizi tanısın və kömək etsin? Elə indi həll edin də. Ermənilər Fransanı ikinci vətənləri hesab edirlər.
Mən 20 il əvvəl demişəm və indi də onu qeyd edirəm. Bu konfliktin yaranmasına səbəb Qarbaçovun yenidənqurma siyasəti oldu. Eyni zamanda Qarbaçovdan tutmuş Yelsinə qədər  Rusiyanın hərəkətləri Amerikadan idarə olunurdu. Qarbaçov, Yelsin və digərləri də onların muzdlu adamları idi. Qarabağ məsələsini faktiki olaraq Qərb Rusiyanın əli ilə etdi.
– İddia edirsiniz ki, Qarabağ problemini Qərb ölkələri Rusiyanın əli ilə yaradıb. Fikrinizi arqumentləşdirə bilərsinizmi?
– Bəli, Qərb Rusiyanın əli ilə bu problemi yaratdı. Ancaq ona görə yaratmadı ki, erməniləri çox sevirlər. Bəli, erməniləri sevmək məsələsi var. Ancaq onlar düşünürdülər ki, bunun nəticəsi olaraq Rusiyada yaşayan muxtar qurumların hamısı ayağa qalxacaq, Qarabağ erməniləri kimi nələrsə tələb edəcəklər. Və Rusiya məsələsi də bununla bitəcək. Ancaq gördüyünüz kimi, bu, baş vermədi. Rusiya bunun qarşısını aldı. Putin yaxşı başa düşür ki, Qarabağ problemini hansısa yolla həll etməsə, 10 il, lap 20 ildən sonra Rusiya imperiya kimi təhlükə altına düşəcək. Yəni sabah Qarabağda ikinci bir erməni dövləti yaranacaqsa, bu zaman Rusiyada yaşayan tatarlar, başqırdlar, çeçenlər və digər onlarla xalq ayağa durub deyəcək ki, biz də müstəqillik istəyirik. Bu, faktiki olaraq Rusiyanın sonu demək olardı. Odur ki, hazırda prezident Putin bu problemləri aradan qaldırmaq üçün təşəbbüslər göstərir, Qarabağ məsələsini həll etmək istəyir. Bəzi xəbərlərə görə, Sankt-Peterburqda Sarkisiyanla ciddi söhbət olub. Sarkisiyana deyilib ki, ermənilərin şıltaqlığına görə biz Rusiyanın tarixini sual altına qoya bilmərik.

BIR CAVAB BURAXIN