Pireney yarımadasının şimal-qərbində yerləşən Qalisiya əsrlərboyu tədqiqatçıları təəccübləndirməkdə davam edir. Bu da əsassız deyil. İspaniyanın muxtar əyalətlərindən biri olan Qalisiya qədim kelt mədəniyyətinin, kelt dilinin ana vətənlərindən biri hesab edili. Qalisiya özünəməxsus mədəniyyət, incəsənət mərkəzi, orta əsrlərdə İspaniyada məşhur olan lirik balladalar əyaləti kimi tanınır. Buna paralel olaraq Qalisiyada qədim dövrlərə aid çoxsaylı maddi mədəniyyət abidələri, bu günə kimi fəaliyyətini davam etdirən qədim Roma mayakı və çoxsaylı sirli petroqliflər var.
Qalisiyada yaşayanlar ispan dilinə bənzəməyən dildə danışırlar. Tədqiqatçılar bu dilin vaxtı ilə latın dili əsasında əmələ gəldiyini, ona daha çox yaxın olan hesab edirlər. Amma əsrlər keçdikcə əvvəlcə kelt dilinin, sonralar da qonşuluqda yaşayan portuqalların təsiri altına düşən Qalisiya dili tədricən adı çəkilən xalqın dilindən yüzlərlə söz götürərək onun yerli ləhcələrindən birinə çevrilib. Qalisiya dilində 3 milyondan yuxarı insan danışır. Ləhcə baxımdan Portuqaliya dilinə bənzəməsi amili onların bir dil olub-olmaması barədə çoxsaylı mübahisələrin ortaya çıxmasına gətirib çıxarıb. Amma dil oxşarlığına baxmayaraq qalisiyalılar Kastiliya əlifbasından istifadə edirlər. 1978-ci ildə Qalisiya dilinə İspaniyada işlədilən rəsmi dil statusu verilib. Hazırda bölgədə orta təhsil həm ispan, həm də Qalisiya dilində tədris edilir. Amma Qalisiyada ali təhsil yalnız yerli dildə verilir. Əgər kimsə ispan dilində ali təhsil almaq istəyirsə, onda o gərək əyalətdən Madird və ya İspaniyanın digər iri şəhərlərindəki universitetlərə üz tutsun.
Qalisiyanı Avropada tanıdan bir amil də buranın vaxtı ilə cadugərlər yuvası olması ilə bağlıdır. Orta əsrlərdə Qalisiyada cadugərlərə qarşı amansız cəza tədbirləri həyata keçiriblər. Buna baxmayaraq Qalisiya uzun illər Avropanın cadugərlər mərkəzi olaraq qalmaqda davam edib. Günümzdə belə iri şəhər mərkəzlərindən uzaqlardakı kəndlərdə cadugərliyin izləri qalmaqda davam edir.
Qalisiyalılar Kelt əsillidirlərmi?
Avropanın ən qədim və zəngin mədəniyyətinə malik olan Kelt xalqına adətən irlandları, şotlandları, uelsliləri, kornuollalaları, Men və Bretan adalarında yaşayanları aid edirlər. Amma tədqiqatçılar qalisiyalıları Avropada 7-ci kelt xalqı hesab edirlər. Qalisiyalılar keltlərə etnik, irqi baxımdan çox oxşardırlar. Onların vaxtı ilə kelt dilində danışdıqları, həmçinin unudulmuş latını dilinin çoxsaylı ünsürlərini özündə əks etdirdiyi məlumdur. Lakin qeyd etdiyimiz kimi tədricən qonşuluqda yaşayan portuqalların təsiri altına düşən qalisiyalılar kelt dilindən uzarqlaşıblar. Qalisiya da keltlərin ana vətəni olan İrlandiya kimi miqrantlar yurdudur. Onlar da keltlər kimi qədimlərdə bütün Qalisiya boyu dairəvi şəhər fortlar inşa edərək orada yaşamağa üstünlük veriblər. Bu şəhərlərin çoxu eramızın IV əsrində dağılsa da onların əksəriyyətinin qalıqları günümüzə qədər gəlib çatıb.
Herkules qülləsi
Qalisiyada günümüzə qədər gəlib çatan ən qədim abidələrdən biri də vaxtı ilə buranı öz müstəmləkəsinə çevirən romalılardan qalma Herkules- mayak qülləsidir. Eramızdan əvvəl II əsrdə inşa edilən Herules-mayak qülləsi La Korunyada qayalıq təpədə inşa edilib. Həmin dövrdə Herkules-mayak qülləsi məşhur İsgəndəriyyə mayakından sonra dünyada ikinci böyük mayak-qüllə hesab edilirdi. 57 metr hündürlüyü olan mayak-qüllə gəmilər üçün nəzərdə tutulub.
Qalisiyalılar Kolumbu da özlərinki hesab edirlər. Xalq arasında gəzən rəvayətlərə görə, Kolumbun əsl adı Pedro Madruqa olub və əslən qalisiyalı olan varlı Fernan de Sotomayorun qeyri-qanuni oğlu olub.
Sirli petroqliflər
Qalisiyada çoxsaylı petroqliflər aşkar edilib. Onların hamısı Qalisiyanın Atlantik okeanı sahilləri boyu qayalıqlardadır. Petroqliflərin forması da müxtəlifdir. Onlar dairəvi, kvadrat, xaç, ziqzaq formasındadır. Radiokimyəvi analizlər göstərib ki, petroqliflər bürünc dövrünə aiddir. Belə petroqliflərə demək olar Avropanın əksər yerlərində, o cümlədən Fransada, Böyük Britaniyada, İsveçrədə, Norveçdə rast gəlinir. Hələlik Qalisiya petroqliflərinin hansı anlam daşıdığı və nəyə xidmət etdiyi tam şəkildə məlum deyil.
Torre de San Saturnino
Qalisiyada vikinqlərin hücumu ilə bağlı bəzi yadigarlar da aşkar edilib. Bunlardan biri də vikinqlərən hücumlarına qarşı inşa edildyi ehtimal edilən Torre de San Saturnino qəsridir. VIII-IX əsrlərdə inşa edildiyi ehtimal edilən qəsr bölgənin yadelli hücumlarından müdafiəsində əsas rol oynayıb. Vikinqlərlə bağlı bölgədə kurqanların aşkar edilməsi də onların burada müvəqqəti yaşadıqlarını sübut edir.
Qalisiyadakı məşhur yerlərdən biri də Kelt olimpi adlanan Monte Pindodur. Burada eramızdan 4 min il əvvəl insan yaşadığı ehtimal edilir. Bura uzun müddət yerli əhali tərəfindən müqəddəs yer hesab edilib. X əsrdə yepiskop Flaviya Monte Pindonun təpəsində qala-istehkam inşa edib.
Qalisiydakı qədim mədəniyyət abidələrindən biri də Luqo qala divarlarıdır. Eramızdan əvvəl 61-ci ildə romalılar tərəfindən inşa edilən Luqo qalası eyni adlı şəhərin ən görkəmli yerlərindən biridir.
Əziz Mustafa