Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanun qüvvəyə minib

0
686

Azərbaycan prezidentiİlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dəyişiklik Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutur.

İndiyə qədər Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.

 

Qüvvəyə minən yeni qanuna əsasən bundan sonra Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN