ABŞ Silahlı Qüvvələri birləşmiş qərargah rəisləri komitəsinin sədr müavini bəyan edib ki, Rusiya Soyuq müharibə zəmanəsinin nüvə silahlarına nəzarət müqaviləsinin “ruh və niyyətini” pozan quru mənzilli ballistik raketlərini “NATO-ya hədə yaratmaq üçün” yerləşdirib.
ABŞ Silahlı Qüvvələrində ikinci yüksək rütbəli zabit – general Paul Selva martın 8-də Rusiyanın qurudan atılan yeni SSC-8 ballistik raketlərini yerləşdirdiyini təsdiq edib.
ABŞ rəsmiləri Rusiyanın Ortamənzilli Nüvə Qüvvələrinə dair 1987-ci il tarixli müqavilənin (1987 Intermediate-Range Nuclear Forces Treaty – INF Treaty) xilafına olaraq SSC-8 raketlərini artıq bir neçə ildir ki inkişaf etdirdiyini və sınaqdan keçirdiyini Moskvanın nəzərinə çatdırmışdılar.
Selva ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə bildirib ki, “sistem özlüyündə bizim Avropadakı əksər qurğularımıza təhlükə təşkil edir”.
General Selva bildirib ki, Rusiya bu raketləri NATO-ya və NATO-nun məsuliyyət ərazisində olanqurğulara hədə yaratmaq məqsədilə bilərəkdən yerləşdirib.
Keçmiş prezident Barack Obama Rusiyanı sözü gedən müqaviləni pozmaqda ittiham edirdi, lakin general Selvanın ifadəsi Moskvanın bu raketləri gizli şəkildə yerləşdirdiyinə dair xəbərlərin ilk rəsmi təsdiqi olub.
Selva deyib ki, Birləşmiş Ştatlat bu məsələni artıq Rusiyanın qarşısında qaldırıb.
O müzakirələr bir nəticə verməzsə hansı tədbirlərə baxıldığı barədə məlumat verməyib.
Bununla belə general deyib ki, ABŞ-ın yaxın 5-10 il üçün nüvə siyasətini yönləndirən doktrinasına daxil edilmək üçün bir sıra tədbirlər işlənir.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner martın 8-də Selvanın Konqres komitəsinə ifadəsindən sonra deyib ki, ABŞ Rusiyanın İNF Müqaviləsini pozmaqda davam etdiyi qənaətində qalır.
Toner daha təfərrüatlı suallara cavab verməkdən imtina edərək deyib ki, “bu, kəşfiyyatla bağlı məsələlərdir”.
Selvanın qeydləri prezident Donalıd Trump-ın Rusiya ilə yaxınlaşmağa dair vədlərinin perspektivi üçün daha dərin mürəkkəbliklər yaradır.
The New York Times qəzeti fevralın 14-də yazırdı ki, Rusiya artıq “iki qadağan olunmuş ballistik raket batalyonu yaradıb”.
Məqalədə deyilirdi ki, batalyonlardan biri hələ də cənubi Rusiyadakı Kapustin Yar raket poliqonunda mənzillənib, lakin digər batalyon “dekabr ayında ölkənin başqa əməliyyat bazasına köçürülüb”.
The New York Times habelə yazırdı ki, hər bir batalyonda dörd raketatan qurğunun və “daha böyük raket ehtiyatının” olduğu düşünülür.
ABŞ Dövlət Departamenti Rusiyanın İNF Müqaviləsini pozmasına dair ittihamı ilk dəfə 2014-cü ilin iyulunda verdiyi rəsmi bəyanatda səsləndirmişdi.
Həmin ay Obama həmçinin Rusiya prezidenti Vladimir Putinə Moskvanın İNF Müqaviləsini pozduğuna dair xəbərdarlıq etmişdi.
2016-cı ildə vəziyyəti İNF Müqaviləsinin şərtləri çərçivəsinə qaytarmaq cəhdi ilə ABŞ-ın silahlara nəzarət rəsmiləri ABŞ və Rusiya texniki ekspertlərinin görüşünə çağırmışdılar.
Rusiya bu ittihamlara cavab olaraq Vaşinqtonu “meqafon diplomatiyası” aparmaqda günahlandırmışdı.
Moskva İNF Müqaviləsini pozduğu barədə iddiaları dəfələrlə təksiz edib.
Bundan başqa Kreml öz növbəsində ABŞ-ı Mərkəzi və Şərqi Avropada raketdən müdafiə sistemləri qurmaqda ittiham etmişdi.
İNF Müqaviləsi icra edilərkən ABŞ və Sovet İttifaqının quruda mənzillənən və zərbə dairəsi 500-5500 kilometr civarında olan raketləri də daxil nüvə silahlarını daşıyan maşınlarının bütöv kateqoriyası ləğv olunmuşdu.
Sənin fikrin