Mərkəzi Kəşfiyyat İdarəsi niyə “terrorçu” ovuna çıxmışdı? (2)

0
689

Əziz Mustafa

Misirdə bu adamlara ağır işgəncələr verdilər. Ümumiyyətlə, Mərkəzi Kəşfiyyat İdarəsinin insanlara verdiyi işgəncələri yalnız faşist Almaniyasındakı həbsxanalarda verilən qeyri-insani cəzalarla müqayisə etmək olar. Bu işgəncələri xüsusi təlim görmüş, belə demək mümkünsə, insanlıq sifətini itirmiş və insan adı ilə çağırılması mümkün olmayan olduqca qəddar qrup həyata keçirirdi. Onlar məhkumlara işgəncələr verərkən onların iniltilərindən həzz alır, vəhşilərə xas olan tərzdə bundan sevinirdilər. Bunu misirli günahsız məhkum Şevki Səlamənin dedikləri də sübut edir. Məhkəməyə çıxarılarkən Şevki Səlamə bildirdi ki, onu aylarla yarıya qədər çirkab sularının içində saxlamış, cinsiyyət orqanlarına elektrik cərəyanı vermiş, günlərlə yatmağa qoymamışlar. Məhkəmədə özünü mətanətlə aparan Şevki Səlamə bütün bunlara görə ABŞ-ı “adamyeyən” ölkə adlandırdı və onların demokratiyasının yalan olduğunu ifşa etdi. O, qeyd etdi ki, bütün bunları edən bir ölkənin yer üzündə mövcud olmağa haqqı yoxdur və gec-tez tarix onlardan günahsız insanların intiqamını alacaq.

Bu işgəncələr qarşısında insan günahı olmasa belə ona nə diktə etsələr, onu boynuna almağa məcbur olur. Çünki bu qeyri-insani işgəncələrə dözmək, demək olar, mümkün deyil. İşgəncələrə dözməyərək ölənlər də olurdu. Bunu Tələt Fuad Qasımla bağlı baş verənlər də sübut edir.

1995-ci ilin sentyabr ayında MKİ terrorçu və islamçı qruplaşmalardan birinə mənsub olmaqda şübhəli bilinən Tələt Fuad Qasımı Xorvatiyanın Zaqreb şəhərində ələ keçirdi. Onu dərhal Adriatik dənizindəki ABŞ hərbi gəmilərindən birinə apardılar, sonra da Misirə təhvil verdilər. Tələt Fuad Qasımın günahını sübut etmək üçün ona da ağır işgəncələr verməyə başladılar.

Lakin bir gün o, saxlandığı kameradan yoxa çıxdı. Belə güman edilir ki, Fuad Qasım cəza stolunda ölüb və Misir istintaq orqanları onun qətlini gizlətmək üçün müəmmalı şəkildə yoxa çıxdığını ortaya atıblar. Qeyd edək ki, Misir həbsxanalarında da ABŞ üçün təhlükəli hesab edilən məhkumlara işgəncələr MKİ-nin yuxarıda qeyd etdiyim bu sahə üzrə ixtisaslaşan xüsusi “mütəxəssislər”i tərəfindən verilirdi. Məhz onların misirli “həmkarları” ilə birgə Tələt Fuad Qasıma verdikləri işgəncələrdən sonra sonuncunun buna dözməyərək dünyasını dəyişdiyi ehtimal edilir. Bununla bağlı Tələt Fuad Qasımın guya kameradan yoxa çıxdığı barədə deyilənlər də iz itirməkdən başqa bir şey deyil. Çünki Tələt Fuad Qasım olduqca təhlükəli hesab edildiyindən onun kamerası 4 qat mühafizə ilə qorunurdu və onun adicə necə nəfəs alması belə xüsusi video-izləyicilər vasitəsi ilə qeydə alınırdı. Ona görə də Tələt Fuad Qasımın işgəncə altında öldüyü şübhə doğurmur. Ona işgəncələr verənlər tərəfindən isə bunu gizlətmək üçün onun “yoxa” çıxması barədə ortaya atılan iddialar əslində heç bir sağlam məntiqə söykənmir.

Tülkü siyasəti

Ümumiyyətlə, şübhəli şəxs kimi qaçırılanlara münasibətdə Mərkəzi Kəşfiyyat İdarəsi əsl tülkü siyasəti yeridir. MKİ-də 21 il çalışan Robert Bayer mətbuata verdiyi açıqlamada bildirib: “Biz Amerika üçün təhlükəli hesab etdiyimiz, ancaq günahı sübut edilməmiş adamları da özümüz qaçırırdıq, ya da bunu işgəncələr verilməsinə görə ittiham edilən dost ölkələrdən birisinə həvalə edirdik. Əgər şübhəlinin edam olunmasını arzulayırdıqsa, onda onu Misirə və ya Suriyaya təhvil verirdik. Çünki Misir həmişə bizim istəmədiyimiz şübhəli adamların edamında cəlladımız rolunu oynayır. Əgər şübhəlinin günahı olub-olmadığını ciddi şəkildə araşdırmaq istəyirdiksə, onda onu İordaniyaya verirdik. Biz şübhəliləri ABŞ-a aparmırdıq və onları müxtəlif ölkələrdəki həbsxanalarda saxlayırdıq. Çünki belə olanda biz iz itirə və ittiham hədəfi olmaqdan qoruna bilərdik”.

MKİ-nin digər əməkdaşı, 22 il bu qurumda çalışan Maykl Şör 1995-99-cu illərdə Üsamə bin Ladenin axtarılmasında iştirak edib. Şör deyir ki, 4 il ərzində onlar şübhəli şəxs hesab edilən 50 nəfəri oğurlayıblar. 2005-ci ilin mart ayında Şör CBS kanalının “60 dəqiqə” proqramına verdiyi müsahibədə deyib: “Şübhəli adam qismində ələ keçirdiyimiz adamlara hərbi əsir statusu verilməsin deyə ABŞ-a aparmırdıq. Biz ABŞ-ın əleyhinə hansısa iclasda, adi toplantıda və küçədə adamlar arasında çıxış edənləri bəzən evlərinin qapıları qarşısında yaxalayır və sonra onlara işgəncə vermək və ondan istəniləni almaq üçün müxtəlif ölkələrdəki gizli həbsxanalara aparırdıq”.

Robert Bayerin bu açıqlaması əslində ABŞ xüsusi xidmət orqanlarının nə qədər iyrənc hərəkətlərə baş vurduğunu bir daha sübut edir. Təbii ki, bütün bunlar da günümüzdə ABŞ-a qarşı olduqca xoşagəlməz münasibətlərin formalaşmasına yol açıb.

Qaçırılanların təhvil verildikləri ölkələr arasında artıq ABŞ-dan üz döndərən Özbəkistan da olub. Böyük Britaniyanın Özbəkistandakı keçmiş səfiri Kreyq Mürrey 2002-ci ildən başlayaraq, MKİ-nin onlarla şübhəli adamı adıçəkilən ölkəyə verdiyini bildirib. Bu insanlara həbsxanalarda çoxlu işgəncələr verildiyi barədə faktlar toplayan Mürrey məsələ ilə bağlı Londona müraciət edib. O, Özbəkistanın və MKİ-nin şübhəli insanlarla bağlı qeyri-insani hərəkətlərinə son qoyulmasını istəyib. Amma London onu səlahiyyətlərini aşmaqda günahlandırıb. 2004-cü ildə isə Mürrey vəzifəsindən azad edilib. Amma Mürrey işdən çıxarılsa da, internetdə xüsusi sayt açaraq, MKİ-nin oğurlanan insanlarla bağlı həyata keçirdiyi qeyri-insani işgəncələri ifşa edən məlumatlar yaymaqda davam edib.

Qaçırılmalar davam edir

Dünya xalqlarının etirazlarına məhəl qoymadan bu gün də ABŞ adam oğurluğu və onlara işgəncələr verilməsi ilə bağlı çirkin əməllərini davam etdirir. “Amerikan Associated Press” (AP) agentliyi 25 dekabr 2005-ci il tarixli açıqlamasında MKİ-nin 11 sentyabr 2001-ci il hadisələrindən sonra 150-200 adamı oğurladığını və onları müxtəlif ölkələrdə saxladığını bildirib. Onlar arasında Əl-Qaidənin məşhur simalarından olan Əbu Zübeydə, Rəmzi bin Şibh və Xalid Şeyx Məhəmməd də var. Onlardan biri Livan əsilli, ancaq Küveytdə anadan olmuş Xalid əl-Misridir. 1985-ci ildən Almaniyada yaşayan və 1995-ci ildə bu ölkənin vətəndaşlığını alan Xalid əl-Misri tətilini keçirmək üçün avtobusla Makedoniyaya gedərkən Serbiya ilə sərhəddə yaxalanıb. Əvvəlcə, onu Makedoniya polisi dindirib, sonra isə MKİ bu işlə məşğul olmağa başlayıb. Onu bir müddət Makedoniyanın paytaxtındakı qonaq evlərindən birində saxlayıblar, sonra isə “Aeqo” şirkətinə məxsus “N313P” nömrəli təyyarə ilə, əvvəlcə, Bağdada, sonra isə Əfqanıstana aparıblar. Onu Kabilin şimalındakı “Salt Pit” adlı köhnə bir fabrikə gətiriblər. Bu fabrik ABŞ-ın Əfqanıstandakı gizli həbsxanalarından biri hesab edilir. MKİ əməkdaşları Misriyə hələ yolda ikən dəhşətli işgəncələr veriblər. Belə ki, ona müxtəlif təyinatlı iynələr vurmuş, soyunduraraq çılpaq halda fotoşəkillərini çəkmişlər. Bütün bunlardan şoka düşən əl-Misri aclığa başlayıb. Onun mədəsinə zorla yemək tökürbər. Uzun-uzadı işgəncə və araşdırmalardan sonra məlum olub ki, Xalid əl-Misrinin günahı yoxdur və onu səhvən başqa adamla qarışıq salaraq tutublar. Bundan xəbər tutan ABŞ Dövlət katibi Kondoliza Rays bu bədbəxtin sərbəst buraxılması üçün göstəriş verib. Bundan sonra əl-Misrini gətirib Albaniya ilə sərhəddə buraxıblar. Burada isə onu bu dəfə alban sərhədçiləri həbs ediblər. İstintaq zamanı onun başına gətirilənlər məlum olur. Almaniya vətəndaşı olduğu üçün Albaniya hökuməti ortaya əlavə problem çıxmasın deyə, onu almanlara verib. Almaniyada İnsan Hüquqları Məhkəməsinə müraciət edərək, onların vasitəsilə MKİ-ni məhkəməyə verib. Amma məhkəmə onları günahkar çıxarmadı və çıxara da bilməzdi. Çünki bu məsələnin arxasında dövlətin imici dayanırdı… Ona görə də müxtəlif yollarla baş verənləri bir daha qabartmamağa cəhd etdilər.

Bu məsələni işıqlandıran mətbu orqanlar da nədənsə bir daha adıçəkilən mövzuya qayıtmaq istəmədilər. Ola bilsin ki, onlara hansısa səviyyədə təzyiqlər olub. Amma baş verənlərin ABŞ həyatında ən qara ləkə kimi qalacağı şübhə doğurmur.

BIR CAVAB BURAXIN