Ağlamayaq, kişilər!
Bu haray adi haray,
Bu səs adi səs deyil.
Nə qədər ağlasaq da
Bu gün bizə bəs deyil,
Ağlamayaq kişilər!
Harayımda qəzəb var,
Qəzəbimə səbəb var:
Bu – intiqam harayı,
Bu – intiqam səsidir,
Bu gün ağlamaq deyil,
Savaşmaq vədəsidir,
Ağlamayaq, kişilər!
Kədərimiz, qəmimiz
Aşsa da başımızdan,
Gərək bu gün bərk ola
Başımız daşımızdan.
Mərmimiz tükənəndə
Mərmi ola başımız.
Mübarizə var öndə,
Axmasın göz yaşımız,
Göz yaşları yerinə
Zərbə yığaq yaylığa
Düşməni döymək üçün.
Güllə yığaq yaylığa,
Ağlamayaq, kişilər!
Fürsəti fövtə verib
Ağlamaq olmaz daha.
Bu qaranlıq gecədən
Çıxmalıyıq sabaha,
Ağlamayaq, kişilər!
Bu gün yağı düşmənin
Qolunu qırmaq üçün,
Əlini qırmaq üçün,
Belini qırmaq üçün
Belimizi qırmasın
Xocalı faciəsi.
Bu faciə xalqımın
Cavanlı faciəsi,
Qocalı faciəsi.
Qocanı ağlatmayın,
Cavanı ağlatmayın,
Dindirib həzin-həzin
Qaboyu ağlatmayın,
Kamanı ağlatmayın.
Düşməsin sinəmizə
Muncuq-muncuq göz yaşı.
Göz yaşları yerinə
Qoy qəzəb gələ bizə.
Öndədir hələ bizə
Xocalının savaşı,
Ağlamayaq, kişilər!
Gizli deyil, bu gün biz
Çox işdə gecikmişik,
Davada gecikmişik,
Döyüşdə gecikmişik,
Gecikək qəhərdə də,
Ağlamayaq, kişilər!
Dözərək bu dərdə də,
Ağlamayaq, kişilər!
Zəfər çağı gələndə,
Zəfərdən könlümüzə
Qəhər çağı gələndə,
Qəhərdən hamımızın
Ağlamağı gələndə,
Yığıb silahımızı
Ambara qalaq-qalaq,
Qırxıb saqqalımızı
Gülə-gülə ağlayaq…
Ağlamayaq kişilər!!!
Şahin Fazil