Xocalı soyqırımı erməni vəhşiliyinin zirvəsi, sivil inkişaf tarixində qara ləkədir

0
826

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan öz tarixinin ən faciəli səhifələrindən birini yaşadı. Həmin gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə 7 min nəfər əhalisi olan Xocalı şəhərinə hücum edərək dinc sakinlərə- azərbaycanlılara qarşı dünyada misli-bərabəri görünməyən vəhşilik həyata keçirdilər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub.

Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan Xocalı şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 -də Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma şəhəri tərk edən Xocalı sakinindən çoxu yolda düşmən tərəfindən vəhşicəsinə məhv edildi. Bu zaman azğınlaşmış erməni quldurları mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən müxtəlif çaplı odlu silahlardan atəş açmış, tank, PDM və digər texnikanın altına salaraq əzməklə qətlə yetirdilər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları yollarda, Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili İşlər Şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədildi, dözülməz işgəncələr verildi, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər.Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Təəssüflər olsun ki, o dövrdə ermənilərin bu vəhşiliyi beynəlxalq aləm tərəfindən olduqca laqeyd və biganəliklə qarşılandı. Tarixboyu guya ermənilərin türklər tərəfindən “soyqırmı”na məruz qalması barədə yalançı iddiaları dəstəkləyən və bunu tez-tez gündəmə gətirən Qərb dövlətləri və ABŞ, o cümlədən yalançı islam təəsübkeşliyi ilə çıxış edən İran Xocalıda baş verən və bəşər tarixində qara bir ləkə kimi qalacaq bu qətliama hər hansı reaksiya verməyərək bununla da erməni cəlladlarını pərdə arxasından dəstəkləmə siyasətini nümayiş etdirdilər. Halbuki Qərb mətbuatı Xocalıda ermənilər tərəfindən həyata keçirilən bu dəhşətli soyqırımı ilə bağlı kifayət qədər reallığı əks etdirən məlumatlar vermişdilər. Məsələn, Fransanın “Krua l’Eveneman” jurnalı (Paris), baş verən qətliamın ertəsi günü yazırdı: “25 fevral 1992-ci ildə ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”.

25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələrı, keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər.

“Sandi Tayms” qəzeti (London), isə 1 mart 1992-ci il tarixli sayında erməni əsgərlərinin Xocalıda minlərlə ailəni məhv etdiyi barədə məlumat vermişdi. Həmin dövrdə digər bir tanınmış ingilis qəzeti “Faynenşl Tayms” qəzeti (London) yazırdı: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”. (9 mart 1992-ci il)

“Tayms” qəzeti (London) isə 4 mart 1992-ci il tarixli sayında Xocalıda erməni quldur dəstələri tərəfindən həyata keçirilən soyqırımını belə təsvir etmişdi: “Qətlə yetirilənlərin çoxu eybəcər hala salınmışdır, bir körpə qızınsa ancaq başı qalmışdır”.

Hətta o dövrdə ermənilərin müdafiəçisi rolunda çıxış edən Rusiyanın “İzvestiya” qəzeti də bu qətliama bicanə qala bilməyərək yazmışdı: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdü”. (Moskva, 4 mart 1992-ci il)

“Le Mond” qəzeti (Paris) isə Xocalı qətliamına həsr edilən 14 mart 1992-ci il tarixli məqaləsində yazırdı: “Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.

Xocalı hadisələrinin canlı şahidlərindən biri olan rus zabiti mayor Leonid Kravets isə “İzvestiya” qəzetinə verdiyi müsahibəsində (13 mart 1992-ci il) belə demişdi: “Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

Hadisə yerində olan İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti R. Patrik, reportajında belə demişdi:” Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”

Ermənilərdən etiraflar

Erməni faşizminin xaç atalarından biri olan və qətliamda şəxsən iştrak edən yazıçı -cəllad Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımını insanı dəhşətə gətirən bir şəkildə fəxrlə təsvir edib. Hazırda Livanda yaşayan yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətlər barədə “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində belə təsvir edir: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”. səh 62-63.

Bütün bunlardan sonra dünya ictimaiyyətinin erməni vəhşiliyinə göz yumması Qərbin nə qədər ikiüzlü və iyrənc siyasət yeritdiyini, demokratiya və insan haqqları adı altında milli, dini ayrı-seçkilklə məşğul olduğunu bir daha sübut edir. Şübhəsiz ki, Xocalıda qətliama məruz qalan ermənilər və ya xrisitianlar olsaydı, onda Qərb bir nəfər kimi onların müdafiəsinə qalxar və bu cinayəti törədənlərin hamısını beynəlxalq məhkəmə qarşısına çıxarardı. Bu ğün də Qərbdə erməni faşizmi müxtəlif yollarla dəstəklənir, onlara hərtərəfli yardımlar edilir. Erməni faşizminin dəstəklənməsində Rusiya, Fransa, ABŞ-da erməni lobbisi tərəfindən pulla ələ alınan bəzi senatorlar, o cümlədən müsəlman təəsübkeşliyindən dəm vuran İran xüsusi fəallıq göstərirlər. Bu baxımdan münaqişənin həllində sözdə “vasitəçi” rolunda çıxış edən Rusiyanın 1992-ci ilin fevralında Xocalıda olduğu kimi təcavüzkar və faşist Ermənistanı silahlandırmaqda davam etməsi, ona ən müasir silahlar, o cümlədən “İsgəndər” raketləri verməsi bölgədə yeni qırğınlar təhlükəsi əmələ gətirib. Amma tarix sübut edir ki, bütün imperiyalar tökdükləri qanların içində boğularaq tarixin siyasi səhnəsindən silinib gediblər. Şübhəsiz ki, erməni faşizmini və onları dəstəkləyən imperialist gücləri də eyni tale gözləyir…

Əziz Mustafa

BIR CAVAB BURAXIN