Kremlin KQB-yə Qarabağ əmri – General sirləri açdı

0
754


 

1983-cü ilin iyun ayından 1988-ci ilin mart ayına qədər Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) Dağlıq Qarabağ Muxtar Vilayəti bölməsinə rəhbərlik etmiş general-mayor Georgi Septa erməni millətçilərinin separatçı fəaliyyəti və Kremlin Qarabağ münaqişəsində oynadığı rolla bağlı yeni faktlar açıqlayıb.

Publika.az xəbər verir ki, G.Septa 1968-ci ildən KQB-də xidmətə başlayıb. 1983-cü ildə isə Qarabağa göndərilib. 1988-ci ildə Qarabağda erməni separatizmi başlayandan sonra onu KQB-nin Stavropol bölməsinə rəhbər göndərirlər.

G.Septa danışır ki, Cənubi Qafqazda Sovet hakimiyyəti qurulan zaman bir sıra subyektiv səbəblərə görə, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi yenidən aparılmışdı: “Bu gələcəkdə münaqişə və müharibəyə səbəb oldu. Qarabağ ətrafında vəziyyət 1988-ci ilin 20 fevralında kəskinləşdi. Xankəndində Qarabağın Ermənistanın tərkibinə qatılması ilə bağlı vilayət deputatları şurasının növbədənkənar sessiyası keçirildi. Moskvada DTK-nın vilayət bölməsinə əmr gəldi ki, sessiyaya mane olmayaq. Həmin vaxt DTK hələ də güclü idi, əgər əmr verilsəydi ki, mane olun, o zaman sessiya baş tutmayacaqdı. Lakin bu sessiyanın keçirilməsi görünür kiməsə sərfəli idi. Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin yerli deputatlar qrupu Qarabağın Ermənistana birləşdirilməsinin əleyhinə çıxdılar. Lakin Ermənistan Ali Soveti daha sonra Qarabağın özlərinə birləşdirilməsi haqda birtərəfli qərar qəbul etdi. Məhz bu məqam münaqişənin başlanğıc nöqtəsi oldu. Əslində Qarabağın zorla alınması ideologiyası lap əvvəldən hazırlanmışdı. Sadəcə, yenidənqurma vaxtında fəallaşdı”.

G.Septa əlavə edib ki, DTK-nın muxtar vilayət bölməsindən partiyanın yuxarı orqanlarına separatçılıqla bağlı mütəmadi məlumatlar verilirdi.

“Ermənistan 1987-ci ildə Qarabağdakı ermənilər arasında fəal təbliğata başlamışdı. DTK-nın sədr müavini F.Bobkov göndərilən məlumatlara reaksiya verirdi. O, bildirdi ki, “artıq iki ildir biz Ermənistan və Azərbaycan arasında gələcək münaqişə haqda təhlükəli siqnalı veririk”. Daha sonra yuxarıların göstərişi ilə Ermənistana və Dağlıq Qarabağ Muxtar Vilayətinə briqada göndərildi. Məsələ SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsində müzakirəyə çıxarılmışdı. Lakin briqada daha sonra geri çağırıldı. Heç kim münaqişənin olacağını qəbul etmək istəmirdi. Kreml rəhbərliyinin iki il ərzində ziddiyyətli siyasi xəttinin nəticəsində kədərli hadisələr oldu. 1987-ci ildə ermənilər Moskvaya ərazi məsələsi ilə bağlı çoxsaylı müraciətlər göndərirdilər. SSRİ Ali Sovetinin birmənalı reaksiya verməməsi erməniləri daha da həvəsləndirirdi. Digər tərəfdən, Moskva bu mövzunu Azərbaycan rəhbərliyi ilə müzakirə etmirdi. Ərazi iddiaları SSRİ-nin partiya və dövlət rəhbərliyi üçün gözlənilməz deyildi. Kreml Qarabağda və onun ətrafında hazırlanan separatizmi bilirdi. Hətta separatizm tərəfdarları Kremlin kabinetlərində məsləhətləşərək, radikal şüarlar hazırlayırdılar. Qarabağın Ermənistana verilməsilə bağlı açıq çıxış və kütləvi nümayişlər 1987-ci ilin noyabrında İrəvanda başlandı. Bu, bir növ məşq idi və münaqişənin siqnalı hesab oluna bilərdi. Lakin Moskva bu nümayişlərə heç bir müdaxilə etmədi və diqqət yetirmədi. 1988-ci ilin fevralından sonra isə muxtar vilayətində nümayişlər, qarşıdurmalar başlandı”, – deyə o vurğulayıb.

DTK generalı qeyd edir ki, İrəvanda və Xankəndindəki hadisələr ermənilərlər azərbaycanlıların qarşıdurmasına səbəb oldu: “Daha sonra azərbaycanlılar evlərindən köçürüldü. Lakin bu faciənin ilk mərhələsi idi və baş verənlərin qarşısını almaq mümkün idi. “Yenidənqurmanın memarları” isə neytral mövqe tutaraq, faktiki olaraq, sonrakı müharibəyə rəvac verdilər”.

BIR CAVAB BURAXIN