Türkün qara dastanı – Çaldıran

0
720

Tarix boyu düşmən qabağında yenilməyən türklər həmişə daxili çəkişmələrin qurbanları olublar. Necə deyərlər, türkü düşmən deyil, türkün özü yenib və bu da sonda günümüzdə yaşanan faciələrimizə gətirib çıxarıb. Çox təəssüflər olsun ki, bu gün türkün başına gələn və ya gətirilən bütün bəlaların əsasında məhz onun öz qılıncının özünü kəsməsi dayanır. Əlbəttə, bütün hallarda türkün özünün özünə qılınc qaldırması şübhəsiz ki, tarixi faciə idi. Bu faciələrdən ən böyük ikisini türk milləti orta əsrlərdə yaşadı. Onlardan biri Türküstanın (Orta Asiya) ən böyük sərkərdələrindən biri olan və özünü fəxrlə türk adlandıran Teymurləngin Osmanlının ən böyük hökmdarı və Avropanı öz hakimiyyəti altında birləşdirmək istəyən İldırım Bayazidə qarşı açdığı savaş və onu məğlub etməsi idi. Digər bir faciə isə qardaş qırğını baxımından türkün tarixində qara ləkə kimi qalan Çaldıran döyüşüdür. Teymurləngin məğlub edilməzliyi ilə bütün Avropaya səs salan İldırım Bayazidi yenməsi sonuncuya Atillanın Avropadakı zəfər yürüşünü təkrar etməyə imkan vermədi. Çaldıran döyüşündə isə iki məğlubedilməz türk sərkədəsi və dövlət xadimindən birinin digərinə yenilməsi günümüzdə baş verən faciələrimizin əsasını qoydu. Çaldıran Osmanlının əsaslarını laxlatdı. Türk Səfəvilər dövləti də bu döyüşdən sonra zəifləyərək bir neçə əsrdən sonra köklərindən uzaqlaşdı və fars dövlətinə çevrildi. Necə deyərlər, Səfəvilər dövləti daxilində türk düşmənçiliyi üzərində köklənən farslar Çaldıranda baş verənlərdən məharətlə istifadə etdilər. Belə demək mümkünsə Osmanlıya yenilmək saray daxilində qardaş düşmənçiliyinin artmasına və bu da son nəticədə Səfəvilərin milli faciəsinə gətirib çıxardı. Halbuki, Çaldıran döyüşündən əvvvəl Səfəvilər Hindistana qədər səfərlər edərək 1,5-1,8 milyon kilometrlik bir ərazini öz hakimiyyəti altında birləşdirən yenilməz bir güc idilər. Yeri gəlmişkən məsələ ilə bağlı bir məqamı da xatırlatmaq istəyirəm: Çaldıran döyüşü ərəfəsində Sultan Səlim şah İsmayıla göndərdiyi məktubu farsca yazmışdı. Amma Şah İsmayıl Sultan Səlimə cavab məktubunu türk dilində göndərmişdi. Şah İsmayılın Sultan Səlimə cavabı türkcə yazmasının arxasında əslində onun özünün əsl-nəcabətinin türk olmasına vurulan bir işarə idi. Bəlkə də başqa bir məqam olsaydı türkcə yazılan cavab məktubu Çaldıran döyüşünün baş verməsinin qarşısını ala bilərdi… Amma artıq çox gec idi. Çaldıran döyüşünün baş verməsində Osmanlıya düşmən Avropa güclərinin də az rolu olmadı. Avropanın Səfəvilər və Osmanlı sarayına yol tapan bəzi gizli nümayəndələri Türkün iki böyük hökmdarını qardaş qanı axıtmağa sövq etdilər. Sultan Səlimin 200 min nəfərlik ordu ilə Çaldırana səfəri hələ müharibə başlamamışdan əvvəl Anadoluda Səfəvilərə rəğbət bəsləyən minlərlə insanın qətlinə yol açdı.

Nəhayət, nə qədər açı da olsa bir faktın üstündən sükutla keçməyimiz mümkün deyil. Bu da Səfəvilərlə Osmanlı arasında olan məzhəb fərqi idi. Osmanlı imperiyası ilə müqayisədə Səfəvilər imperiyası məzhəb ideyası üzərində qurulmuşdu və bu da tərəflər arasında düşmənçilik hisslərini daha da körükləyən amillərdən biri idi…

Şah İsmayıl Çaldıran döyüşü ərəfəsi özünü əsl türk kimi apardı. O tərəfdarlarının qarşı tərəfə yolda ikən qəfildən hücum etmək təkliflərini rədd etdi və özünün karvanbasan quldur olmadığını onlara söylədi. Bu döyüş tarixdə ən qanlı döyüş oldu. Əgər o dövrdə Osmanlı ordusunda toplar olmasaydı, onda Çaldıranda bəlkə də yenilən Şah İsmayıl olmayacaqdı…

Əslində bu döyüşdə hər iki tərəf yenildi: Osmanlı və Səfəvilər hər biri bir orduya bərabər məşhur sərkərdlərini, Hasan Paşa, Süleyman Paşa, Malkocoğlu, Üveys bəyi, Məhəmməd xan Ustaclu, Saru Pirə Ustaclu, Hüseyn bəy lələ Şamlı, Xadim bəy Xülafəni itirdilər. Çaldıran döyüşündə qələbə çalan olmadı, yenilən isə hər iki tərəf oldu.

Bu gün də Anadolu və Azərbaycan türklərinin üzləşdikləri faciələrin əsasında məhz Çaldıran döyüşü dayanır… Necə deyərlər Çaldıran döyüşü türkün qanla yazılan ən qara dastanı oldu.

BIR CAVAB BURAXIN