Dünyanın, demək olar ki, hər bir ölkəsində başqa bir ölkənin müxtəlif tapşırıqlarını yerinə yetirən casuslar var. Onların qeyri-adi keçən casusluq həyatı haqqında məlumatlar isə illər sonra açılır. Dünyada bir çox məşhur casuslar olub. Onlara Xuan Puyolu, qadın casus Vircinia Holu və başqalarını misal göstərə bilərik. Dünyanın ən təhlükəli, ən sirli casuslarindan biri də Sidney Reylidir. Əslində bu casusun bir neçə adı olub: Karl Qan, Pedro Qarsia və sair. Ancaq o daha çox dünyada Sidney Reyli adı ilə tanınıb. Sidney Reyli 1873-cü ildə Odessada doğulub. Reyli 6 ölkənin casusu kimi həm onlara, həm də onların əleyhinə işləyib. O dəfələrlə adını və pasportunu dəyişərək başqa-başqa ölkələrdə casusluq edib. Sidney Reyli peşəkar casus olmasına baxmayaraq, həddindən çox zərərli vərdişlərə yiyələnmişdi. Narkotik, spirtli içki və qumar düşkünü olan Reyli bir neçə dəfə milyon dollar qazanmış və hamısını da eyş-işrətə sərf etmişdi. Reyli həmçinin gözəl geyinməyi sevirdi.
Onun peşəkar casusluğundan bir çox dövlətlərin xüsusi xidmət orqanları faydalanırdı. Belə orqanlardan biri də Yaponiyanın xüsusi xidmət orqanı olan “Kem-Peitai”dir. Bu gizli orqan onu Braziliyaya Pedro Qarsia adı ilə gizli məlumatlar toplamağa göndərərək istədiyi məlumatları əldə etmişdi. Reylinin həyatı da qəribə faktlarla doludur. O, həyatında 4 qadınla evlənmişdi və nə qədər qəribə olsa da, evləndiyi qadınların hər biri onu başqa-başqa adlarla tanımışdı. Evləndiyi qadınlardan Marqaret Tomas onu Karl Qan, Nadin Massimo Pedro Qarsia, Nelli Barton isə Sidney Reyli adı ilə tanımışdı. İngiltərənin gizli xidmət orqanı tərəfindən ona Ser Corc Sidney Reyli adı verilmişdi. Reyli 1909-cu ildə həmin dövrün varlı şəxslərindən sayılan Uilyam Noks Darsinin Rotşild ilə başladığı “neft müharibəsi”ndə iştirak edir. Darsini zərərsizləşdirmək üçün çalışdığı gizli xidmət orqanı onu Fransaya göndərir. Reyli burada katolik bir rahib cildinə girərək Darsinin yanına gedir. Orada nə baş verirsə, sonradan Darsi bu savaşda uduzur və neft Rotşildin əlinə keçir. Sidney Reyli Osmanlı gizli kəşfiyyat tarixində də çox vacib işlər görüb, ancaq nədənsə bu barədə o qədər də danışılmayıb. Reylinin kod adı “SİT” idi. Almanlar onu Siqizmund, Avropa və Osmanlı isə “Mister Konstantin” adı ilə tanıyırdı. Reyli qeyri-adi keçən həyatına ilk dəfə iki anarxisti öldürüb pullarını oğurlamaqla başlamışdı.
Bir gün Reyli İngiltərəyə gəlir və dindar bir xristian ailəsi ilə iş əlaqəsi qurur. Burada işlədiyi müddətdə evli bir qızla tanış olur. Qız isə evli olduğu üçün Reyli ilə maraqlanmır. Reyli isə ondan uzaqlaşmır və axırda onun könlünü oğurlayır. Reyli bundan sonra qızın ərini yox etmək qərarına gəlir və onu zəhərləyib öldürür. Həmin qadın isə ərinin ölümünə o qədər də təssüflənmir və bir müddət sonra ərinin öz əcəli ilə ölməsinə aid sənədləri imzalayan həkim Endryu adlı bir şəxslə evlənir. Maraqlıdır ki, mərhumun öz əcəli ilə ölməsinə dair sənədləri imzalayan bu həkim haqqında heç bir məlumat yoxdur. Bunun isə bir səbəbi var. Həmin həkim əslində Sidney Reyli idi. O, yeni ailə qurduğu qadın sayəsində çox varlı olmuşdu. Reyli 1901-ci ildə Qafqaz ölkələrinin nefti haqqında məlumat toplamaq üçün İstanbula gəlmişdi. Tapşırığı yerinə yetirdikdən sonra Misirə getmiş, oradan da Çin və Yaponiyaya yollanmışdı.
Reyli Birinci Dünya Müharibəsi vaxtında da sakit dayanmamışdı. O, Almaniyada tanınmış Krupp fabrikində baş usta cildində casusluq etmişdi. Onun xeyli vaxt orada işləməsinə baxmayaraq, heç kəs ondan zərrə qədər şübhələnməmişdi. Reyli Almaniyada olduğu müddət ərzində Osmanlı-Alman ittifaqı qurulmuşdu. Sonra ingilis gizli kəşfiyyat təşkilatı Mİ 5-in direktoru Uilyam Melvill tərəfindan Sidney Reyli xüsusi bir tapşırıqla İstanbula göndərilmişdi. Reylinin vəzifəsi Osmanlının Alman “Blom und Foss” firmasın gizli gəmi sifarişlərini öyrənmək və təxribat törətməkdən ibarət idi.
Nəhayət, Reyli 1914-cü ildə, müharibənin başladığı bir dövrdə öz vəzifəsini yerinə yetirdi və Londona qayıtdı. Casusluq Reyli üçün təkcə sənət yox, həm də ən sevimli məşğuliyyətə çevrilmişdi. Reyli lazım olanda vəsifəsini yerinə yetirmək üçün qadınlardan da istifadə edirdi. Sənətinə bağlı olan bu casus o qədər “professionllaşmışdı” ki, vəzifəsi uğrunda gözünü qıpmadan adam öldürə bilirdi. Reylinin üç qadın agenti vardı. Bu qadınlar bir-birindən gözəl qadınlar idi. Reyli bu qadın agentlərdən istifadə edərək bir çox vəzifəli şəxslərdən istədiyi məlumatı əldə edə bilmişdi.
Reyli sovet rejimini devirmək üçün yeganə çıxış yolunu Lenini öldürməkdə görürdü. Belə ki, o, Leninə qarşı bir sui-qəsd planı hazırladı. O, bu sui-qəstdə Fanya Kaplan adlı yəhudi mənşəli bir qadından istifadə etdi. Bu qadın 1918-ci il 30 avqustda Leninin yanına daxil olur, hətta tapançadan atəş də açır, ancaq Leninin bəxti gətirir və ölmür. Leninin aldığı bu güllə yarası tam sağalmamış və 6 il sonra ölmüşdü. Fanya Kaplanın Lenini öldürməyə Reyli tərəfindən göndərildiyini Sovet hökumətinin vəzifəli şəxsləri artıq bilmişdilər.
1919-cu ildə bolşeviklər tərəfindən qondarma “TRUST” adlı bir təşkilat yaradılır. Bu təşkilatın vəzifəsi bolşevikləri pisləmək və Rusiyada Çar rejimini geri qaytarmaqdan ibarət idi. Bu təşkilatın rəhbəri Feliks Dzerjinski idi. Dzerjinski bu vəzifənin öhdəsindən yaxşı gəldi. Bu təşkilata inanan Fransa, Türkiyə və Almaniyaya qaçmış bir çox aristokratlar Çar rejiminin qaytarılacağına inanaraq Rusiyaya qayıtdılar. Böyük sevinclə Rusiyaya geri dönən bu aristokratların hamısı güllələndi.
Sidney Reyli 1923-cü ildə “TRUST” təşkilatının qərbliləri aldatmaq üçün bilavasitə Dzerjinski tərəfindən qurulduğunu anladı. Həmin vaxt “Gadfly” (Mozalan) kod adından istifadə edən Reyli Rusiyaya getdi. O, Rusiyada qiyam qaldırmaq üçün gizli təşkilat yaratdı və yenidən vətənə qayıtdı. Amma Reyli 1925-ci ildə xüsusi bir tapşırıqla finlandiyalı bir tacirə aid sənədlə yenidən Rusiyaya qayıtdı. Məşhur casusun bu dəfəki adı isə Şternberq idi. Rusiyada Reylini “TRUST” və “Ceka” təşkilatları adından çalışan ancaq Mİ 6-ya işlədiyi bilinən bir agent qarşıladı. Bu agent ona “TRUST”-ın Moskvada da fəaliyyət göstərdiyini və onunla əlaqə yaratmağın vacib olduğunu dedi. Reyli nəyə görəsə, bu agentin dediklərinə inandı, ancaq son anda tələyə düşdüyünü anladı. Reyli üç həmkarı ilə birlikdə Finlandiyaya qaçmağa cəhd göstərir, ancaq Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həbs olunur. Həmkarları öldürülür, ancaq Reyli istintaq üçün saxlanılır. Bundan sonra olanlar haqqında isə heç bir məlumat yoxdur. Ancaq İngiltərənin israrı nəticəsində Sovet höküməti 1927-ci ildə bir açıqlama verdi ki, Reyli 1925-ci ilin sentyabr ayında rəsmən həbs olunub. Ancaq sovet hökuməti başqa heç nə açıqlamadı. İngilis kəşfiyyatının əldə etdiyi məlumatlara görə isə Reyli 1925-ci il dekabrın 5-də Dzerjinskinin cəlladları tərəfindən güllələnib. Həmin vaxtda Reylinin Pepita adlı həyat yoldaşı isə mətbuat konfransı keçirərək ərinin ölmədiyini və Amerikaya qaçdığını söylədi, ancaq bu məlumat öz təsdiqini tapmadı. Bəzi məlumatlara görə, isə Reyli sorğu zamanı siyasi söhbətlər edib, öz casusluq həyatından isə heç nə danışmayıb. Onun dediyi bir cümlə isə böyük çaxnaşma yaratdı. Reyli: “Mən 1915-ci ildə alman kəşfiyyatında işləyirdim və orada yaşayan rus vətəndaşı olan bir alman casusu ilə tanış oldum, onun adı Vladimir İliç Uliyanov Lenin idi”.
Reylinin öldürülməsindən səkkiz ay sonra ingilis casusun Lenin haqqında dedikləri üstündə Dzerjinski ilə Stalin arasında şiddətli mübahisə oldu. Mübahisə zamanı Dzerjinski infarkt keçirərək öldü. 20 iyul 1926-cı ildə isə Sovet hökuməti Dzerjinskinin infarkt nəticəsində öldüyünü rəsmən açıqladı.