Prezident Kitabxanasında “Əsrin Faciəsi sənədli filminin və “Soyqırım Muzeyi” kitab-albomun təqdimat mərasimi keçirilmişdir

0
657

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə  AMEA Tarix İnstitutunun birgə ərsəyə gətirdikləri “Soyqırım muzeyi” kitab-albomun və Hərbi Prokurorluğunun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanmış “Əsrin Faciəsi sənədli filminin və təqdimat mərasimi keçirilmişdir. Milli Məclisin bir qrup deputatlarının, Hərbi Prokurorluğun məsul işçilərinin və Tarix İnstitutunun əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mərasimini giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, bu günlər həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində XX əsrin faciəsi – Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almamışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzalamışdır. Prezidenti Administrasiyası bu sərəncamın icrası məqsədilə tədbirlər planı təsdiq etmişdir

Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, Azərbaycan xalqı son 200 il ərzində davamlı olaraq havadarların köməyi ilə erməni millətçiləri tərəfindən həyata keçirilən deportasiyalara, etnik təmizləmələrə və soyqırımlarına məruz qalıb: “Ümid edirik ki, Soyqırım Muzeyi haqqında hazırlanmış bu kitab insanlığa qarşı törədilmiş soyqırımı cinayətlərinin unudulmaması və beynəlxalq aləmdə tanıdılması üçün görüləcək işlərin bundan sonra da ardıcıl surətdə davam etdirilməsinə mühüm təkan verəcəkdir”.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovqeyd edib ki,institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir: “Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və Azərbaycan tarixçiləri bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər”.

“1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır. Sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. O, “Daşnaksütyun” partiyasının Bakı Komitəsinin üzvü idi”, – deyə Tarix İnstitutunun direktoru bildirib.

Azərbaycan Respublikasının Hərbi prokuroru, Əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev kitaba yazdığı ”Ön söz”də qeyd edir ki, Hərbi Prokurorluğun Soyqırım Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib: “Muzey 4 bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir”.

Təqdimat mərasimində bildirilib ki, muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barəsində tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında onların təbliğini genişləndirməkdir.

Xanlar Vəliyev kitabın “Ön söz”ündə yazır ki, muzeyin soyqırımlar və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, habelə Xocalı və ətraf əraziləri əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib: “Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır”.

Tədbirdə çıxış edənlər təqdim olunan “Soyqırım Muzeyi” kitabının əhəmiyyətindən danışıblar. Xatırladaq ki, bundan əvvəl, 2016-cı ildə Tarix İnstitutunun Hərbi Prokurorluq ilə birgə layihəsi əsasında “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı hazırlanıb və nəşr olunub.

Qeyd edək ki, layihə müəllifləri Tarix İnstitutunun direktoru Y.Mahmudov və Hərbi prokuror X.Vəliyevdir.

 

 

Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

 

BIR CAVAB BURAXIN