“Los Angeles Times” qəzetinin verdiyi məlumata görə Rusiyanın hərbi təyyarələri Suriyada Pentaqon tərəfindən dəstəklənən qiyamçılara hava zərbələri endirib.Pentaqon bu insidenti Suriyada hava kampaniyasına başlayandan bəri Moskvanın ən böyük təxribatı adlandırıb.
Virtualaz.org xəbər verir ki, hava zərbələri İordaniya sərhədi yaxınlığında, Rusiya təyyarələrinin əvvəllər uçmadığı ərazidə endirilib. Sözü gedən qiyamçı bazasında ABŞ hərbçiləri olmasa da, Pentaqon təcili olaraq qaynar xətlə Moskvadan zərbələrin dayandırılmasını tələb edib.
Bundan əlavə ABŞ-ın F-18 təyyarələri havaya qaldırılıb və pilotlar Rusiyanın iki Su-34 təyyarəsi ilə vizual kontaktda olublar. Rusiya təyyarələri əvvəlcə ərazini tərk etsələr də, az sonra ikinci zərbəni endirmək üçün qayıdıblar. Lakin bu vaxt ABŞ təyyarələri yanacaq doldurmaq üçün öz bazalarına dönmüşdülər.
ABŞ rəsmiləri bildiriblər ki, Rusiya ya öz qüvvələri üzərində tam nəzarətə malik deyil, ya da bilərəkdən təxribat törədir. Vaşinqton bütün hallarda Moskvadan izahat gözləyir.
Siyasi təhliçilər diqqəti belə bir məqama çəkirlər ki, bu insident 51 ABŞ diplomatının imzaladığıbəyanat açıqlanandan az sonra baş verib. Bu məktubda faktiki olaraq Dövlət Departamentinin tabeçiliyində olan diplomatlar prezident Obamanın Suriyadakı siyasətini kəskin tənqid edir, hökuməti Suriya rejiminə münasibətdə sərt mövqe tutmağa çağırırlar.
Dövlət Departamentinin sözçüsü Con Kirbi bu sənədi “qeyri-adi” adlandırıb. CNN isə bildirir ki, ABŞ administrasiyasında çaşqınlığa səbəb olmuş müraciət dərhal Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Səudiyyənin xarici işlər naziri Adel əl-Cübeyir “biz bunları münaqişə başlanandan deyirik” bəyanatını verib.
Rusiya təyyarələrinin vurduğu qiyamçı bazasında ABŞ hərbçiləri 180 döyüşçüyə İŞİD-lə mübarizə üçün təlim keçmişdilər. “Los Angeles Times” yazır ki, Rusiyanın bu hərəkəti, onun Vaşinqtonu öz mövqeyinə yaxınlaşdırmaq istəyindən qaynaqlana bilərdi. ABŞ rəsmiləri bildiriblər ki, insident Moskva ilə ciddi şəkildə müzakirə ediləcək.
Lakin analitiklər qeyd edirlər ki, Putin diplomatların bəyanatının yayılmasının ardınca ABŞ-ın dəstəklədiyi üsyançı qrupa nümayişkarənə hava zərbəsi endirərək Obama administrasiyasının qətiyyətsizliyini növbəti dəfə nümayiş etdirmək istəyib, eyni zamanda belə mesaj verib ki, ABŞ Bəşər Əsədin qüvvələrini vurmaq fikrinə düşsə bu, Rusiya ilə birbaşa hərbi qarşıdurma demək olardı.
Virtualaz.org