Türk elləri: Altaylar türkün ruhu yurd yeri / Əziz Mustafa

0
803

 

 

Dünyada Altay qədər türklərə əziz olan bir yurd yeri tapmaq mümkün deyil. Altay dünya türklərinin anası hesab edilir desək, bəlkə də, səhv etmərik. Bunun da səbəbləri aydındır. Belə ki, bu gün gündoğandan günbatana kimi səpələnmiş bütün türk xalqlarının məhz Altaylardan çıxdığı və Altayın türklərin ilk yurd yeri olduğu məlumdur. Təsadüfi deyil ki, qədim türklər Altayı altun, al-tan adlandırmışlar və tədricən bu söz Altay halına düşüb. Türk xalqlarından danışarkən onların milli kimlikləri və dilləri məhz Altay dilləri qrupu ilə müəyyən edilir. Altay dünya sivilizasiyasına möhtəşəm bir mədəniyyət bəxş edən qədim şumerləri, kuşanları, osmanlıları və digərlərini  verib. Yeri gəlmişkən, şumerlərin eramızdan 3000 il əvvəl Mesopotamiyaya məhz Altaylardan köç etdikləri barədə kifayət qədər tarixi sübutlar var.  Şumerlərin Altaylardan çıxdığını bu yaxınlarda Ursul çayı ətrafında yerləşən Karakol (Qaragöl) kəndində üzə çıxarılan qədim məzarlıq da təsdiq edir. Bu məzarlıqda tapılan qədim mədəniyyət nümunələri eramızdan 3000-3500 il əvvəllərə aiddir və onlar şumer mədəniyyət nümunələri ilə sanki əkizdir. Bundan əlavə, son arxeoloji qazıntılar zamanı üzə çıxarılan analoji mədəniyyət nümunələri şumer mədəniyyət nümunələrindən daha qədimdir və bütün bunlar da şumer sivilizasiyasının köklərini Altaydan aldığını göstərir və şumerlərin özləri ilə Mesopotamiyaya böyük bir elmi, mədəni bilik xəzinəsi gətirdikləri şübhə doğurmur. Yeri gəlmişkən, onu da deyək ki, Şumer sivilizasiyası tənəzzül dövrünə qədəm qoyarkən, onların böyük hissəsinin yenidən doğma yurda qayıtdıqları, bir hissəsinin də Çinin cənubuna köç edərək, orada yeni bir sivilizasiyanın çiçəklənməsinə səbəb olduğu məlumdur. Sonrakı dövrlərdə də Altay türklər üçün ana yurd olaraq qalmaqda davam edib. Təsadüfi deyil ki, Altay dilində bütün türk ləhcələrini özündə ifadə edən sözlər tapmaq mümkündür. Türk dilinin bugünkü Altay ləhcəsi uyğur, xakas, qırğız, qaracay-balkar ləhcələri ilə, demək olar ki, eynidir.   Günümüzdə altaylılar Altay Respublikasında, Kemerovo vilayətində, Monqolustanda və Sintszyan-Uyğur Muxtar Respublikasında (Çin) yaşayırlar. 1991-ci ildə Altay iki yerə bölündü. Bu qədim türk yurdunun bir hissəsi  Altay ölkəsi (ərazisi 267,85 min kvadratkilometr, əhalisi 2 milyon 508 min nəfər) adlandırıldı. Bu ərazi müstəqil subyekt kimi Rusiyanın tərkibinə daxil edildi. Həmin ərazidə hazırda bir nəfər də olsa Altay türkü yaşamır. Ərazinin digər hissəsində Altay Respublikası (ərazisi 92,902 min kvadratkilometr) təşkil edildi. Bu ərazidə isə əhalinin 45-50 faizini ruslar, 40-45 faizini Altay türkləri, təxminən 7-10 faizini qazaxlar təşkil edirlər. Ruslar əsasən ölkənin şimalında, Maymin, Turoçak, Şebalin, Ust-Koksin rayonlarında və Dağlıq Altay şəhərində yaşayırlar. Altay türkləri isə daha çox Ulaqan, Ust-Kan, Onquday rayonlarında məskunlaşıblar. Qazaxlar isə əsasən Koş-Ağac rayonunda yaşayırlar. Altayın yerli əhalisi şimal və cənub qruplarına bölünür. Şimal qrupuna Çoy, Turoçak rayonlarında yaşayan tubular (tubu-kiji), Lebed və Biy çayı ətrafında (Turoçak rayonu) yaşayan çelkanlılar və kumandinlilər, şorlar aid edilir. Cənub qrupuna isə Altay çijiləri (Onquday, Ust-Kan, Şebalin, Maymin rayonları), telengitlər (Ulaqan, Koş-Ağac rayonları, Çui və Arquta vadiləri), teleslər (Ulaqan rayonu), teleutlar (Şebalin və Mayminsk rayonları) daxildirlər. Paytaxtı Qorno Altaysk olan Altayda 300 min nəfərə yaxın əhali yaşayır. Ölkə faydalı yeraltı qazıntılarla zəngindir. Altay Respublikasında 7 mindən artıq göl var. Ölkədə hər il “El-oyın” milli bayramı təntənə ilə qeyd edilir. Bundan əlavə, 1988-ci ildə “Çaqa bayram” və Yılqayak bayramları da xüsusi mərasimlə keçirilir. Altaylıların “Biy və Katun” adlı qədim eposu var.

 

Altay-sirli, ecazkar və mistik  ölkə

 

Dünyanın ən  gözəl və eyni zamanda ecazkar yerlərindən biridir Altay. Yamyaşıl dağları, diş göynədən bulaqları, yazda alışıb yanan, sanki mahir bir rəssam əli ilə çəkilən güllü-çiçəkli çölləri, qışda isə ağ örtüyə bürünərək nazlı bir gəlini xatırladan Altay türkün ən qədim yurd yerlərindən biridir.  Rusiyanın 1756-cı ildə bu gözəl diyarı işğal edərək illərlə orada assimilyasiya siyasəti aparmasına baxmayaraq Altay günümüzə kimi türkün ruhunu özündə qoruyub saxlaya bilib. Altay yazda da, yayda da, qışda da, payızda da bir sözlə ilin hər fəslində gözəldir. Ona görə də Altayı  sevməmək, onun gözəlliyinə vurulmamaq mümkün deyil. Görənlər bir də görmək, gələnlər bir də gəlmək, qoynunda dincələnlər bir də dincəlmək, suyunu içənlər bir də içmək istəyər Altayın. Yenə də nə üçünsə Altaydan söhbət düşəndə hər dəfə qulaqlarıma at kişnərtiləri, qılınc-qalxan səsləri, türk igidlərinin dəli nərələri gəlir. Sanki bir andaca ruhuma min illərin arxasının havası hopur, elə bil yenidən türkün o şərəf və şan dolu qəhrəmanlıq günərinə qayıdır, onlarla birlikdə yenidən yaşayıram o anları. Altay türklərin ən qədim məskənlərindən biri,  türklərin dünyaya çıxış nöqtəsi, zəfər yürüşü, yenə də ən ağır anlarında ana qucağı kimi ona sığındıqları müqəddəs bir ocaq yeridir. Bəlkə buna görə də bu qədər sehirli və ecazkardır bu qədim yurd yerimiz. Çünki hər daşında, hər qayasında, torpağında qədim türklərin izləri var, Türkün qəhrəmanlığı, saflığı hopub havasına, suyuna, türkün ruhu dolanır başının üzərində Altayın. Ona görə də bəlkə bu qədər görənlərə, gələnlərə doğmadır ulu yurd yerimiz.  Hər il Altaya 1 milyondan yuxarı turist gəlir. Onlar Altayın qızılı dağlarındakı şəffaf çaylara heyran olur, dillə təsəvvür edilməsi mümkün olmayan gözəlliklərinin, mistik aləminin sehrinə düşür, özləri ilə buradan xoş bir xatirə aparırlar. Altayın gəzməli, görməli yerlərini gəzməzdən, görməzdən öncə gərək onun tarixini biləsən. Bu yerin tarixini bilməsən, onu hiss edə, bu ecazkar gözəlliyin sirrini anlaya bilməyəcəksən.

Altay ruslar tərəfindən işial ediləndən sonra beynəlxalq aləmdə Rusiyanın Tibeti kimi tanınıb. Sıldırım qayalı dağların arasında

yerləşən Altay həqiqətən də özünəməxsus gözləlliyə və təbiətə malikdir.  Ona görə də Altaya səyahət edən “Amerikanın səsi” radiostansiyasının müxbiri Ceyms Bruk Altaydan hazırladığı reportajda buranın gözəlliyindən doya bilmədiyini xüsusi vurğulayır. Əslən Altay türkü olan Aleksey Kaiçi Ceyms Bruka doğma vətəni olan Altayın xalq mahnılarını həzin bir səslə ifa edir. Bu mahnıda türkün küskün ruhu aydın hiss edilir. Aleksey Kaiçi oxuduğu mahnıda doğma yurd yerini tərənnüm edərək belə deyir: “Mən həqiqətən də dağlara, dərələrə, bulaqlara sitayiş etməyin tərəfdarıyam. Çünki mənə hər bir yerin öz tanrısının olduğunu öyrədiblər.”  Təbitə aşiqlik türkün tarix boyu ruhunda olub və günümüzdə onu Aleksey Kaiç oxuduğu həzin və kövrək mahnıları ilə yaşadır.

BIR CAVAB BURAXIN