“Aprel döyüşləri də, Qarabağ münaqişəsi də bizim daxili işimizdir”

0
792
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim edib.

Azərbaycan prezidenti bütün Azərbaycanın Çingizlə fəxr etdiyini bildirib. “Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaq. Mən bu gün sizi dəvət etmişəm. Dünən Çingizin üç mərasimi verildi. Bu gün sizi dəvət etmişəm ki, bu yüksək mükafatı – Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim”.

Ç.Qurbanovun atası Salman Qurbanov isə bildirib ki, bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə dövlət başçısı tərəfinizdən verilən qiymətdir: “Sizə dərin minnətdarlığımı bildirirəm, cənab prezident. Mən bir şəhid atası kimi, sizi əmin edirəm ki, sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab prezident, sizə minnətdaram”.

“Keçən ilin dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi. Çünki aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişdi. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ordusu erməni silahlı qüvvələrinə elə zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər: “Aprel hadisələrindən sonra nəinki Ermənistan ordusu, hətta Ermənistan dövləti belə sirkələndi, generallar rütbələrini, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü, bu gün də bu davam edir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır: “Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar. Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, çox çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – Ermənistan həmin təşkilatın üzvüdür – bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq öz torpağımızı biz heç kimə verən deyilik. Aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.

Xatırladaq ki, bu günlərdə azərbaycanlı jurnalist Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrova Azərbaycanın Qarabağda hərbi əməliyyatlar keçirəcəyi halda Moskvanın buna mümkün reaksiyasını soruşanda o belə cavab vermişdi: “Bu məsələ Azərbaycanın daxili işi deyil”.

İndi belə görünür ki, prezident məsələni növbəti dəfə gündəmə gətirərək Qarabağda döyüşlərin aparılmasının və ümumiyyətlə münaqişənin Azərbaycanın daxili işi olduğunu vurğulayaraq Lavrovun həmin qalmaqallı bəyanatına eyham vurur.

 

BIR CAVAB BURAXIN