Albaniya, Ərməniyyə və İberiya Turanın bir parçası olub? – I Yazı  

0
1737
Dos., Dr. Faiq Qəzənfəroğlu
Türk/Turan tarixinin dəqiqləşdirilməmiş səhifələrindən biri də Turan Parfiyası və İran Sasaniləri dövründə mövcud olmuş Albaniya, Ərməniyyə, İberiya dövlətləri, həmin dövlətlərin hökmdarlarıyla əhalisinin etnik kimliyidir. Həmin dövlətlərin etnik-siyasi və dini-fəlsəfi həyatına işıq tutan əsas əsərlərdən biri Moisey Kalankatluklunun (7-ci əsr) «Albaniya tarixi» əsəridir. O, bu kitabında Nuh oğlu Yafəsin soyu arasında kimmerler, əşkinazlar, gürcülər və turanlıların da adlarını çəkmişdir. Onun yazdığına görə, Albaniya əhalisi arasında əşkinazlar/sarmatlar, arşakilər/qarqarlar, kimmerler də olmuşdur. Mənbələrə görə, Turanlı Parfiya/Partiya çarı Vologez Albaniyaya Aranı hökmdar təyin etmişdir ki, Yafəs nəslindən və Sis­ak­an (Sünik) soyundan olan Aranın nəsilləri də Uti, Gir­dı­man, Tsovd və Qarqar knyazlıqlarda yaşayan etnoslar idilər. Kalankatuklu bir tərəfdən albanların, o cümlədən utilərin, qar­qar­ların, sovdeylərin soykökünü Aranla bağlamış, başqa tərəfdən isə Aranın nəslindən saydığı qarqarlarla, kamiçik eftalitlərin e.ə. IV əsrin sonlarında Makedoniyalı İskəndər tərəfindən Qafqaz dağlarının ətəklərinə köçürüldüyünü də qeyd etmişdir.
Aranın turanlı/türk adı olduğunu nəzərə alsaq, ümumilikdə al­ban ya da alpan adlanan  tayfaların etnik mənşəyi bəlli olur. Burada albanın aranla, alpanın isə ərənlərlə səsləşməsi təsadüfi deyil. N.Y.Marr, İ.A.Orbeli Urartu kitabələrindəki alban etnik adını halpan kimi oxuyaraq hesab edirlər ki, utilər və halpanlar Qarabağa köçməzdən qabaq Göyçə bölgəsində yaşamışlar (dokladı Marr i Orbeli 1922, s.52). Bir-biriylə qohum olan utilərlə alpanların da əsas mənşəyi Aran nəsilidir.Əski müəlliflər alban sözünü isti, mülayim kimi yozurlar ki, aran da eyni mənanı verir. “Alban/Alpan” adı qədim türk sözü olub cəsurlar, igidlər deməkdir.
Tarixçi alimimiz Yusif Yusifov yazırdı ki, «alban» anlayışı Albaniyada yaşayan bütün əhaliyə şa­mil edilirdi və burada əsasən türk etnosları yaşayırdılar. Onun fikrinə görə, Azərbaycan, türk­mən, qazax və b. türk dillərində «alban», «alpan» adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilin­dəki alp//alb (cəsur, igid, ər) sözünə söykənən «alban» adı «igidlər, cəsurlar» kimi mənalan­dırılır». İlk Albaniya hökmdarının adı «Ar­an» olmuş­dur ki, bu söz də türk dillərində «cəsur, qoçaq, mərd» məna­sını verir. Başqa bir tarixçi alimimiz Mahmud İsmayilovun fikrincə də, qədim dövrdə Azərbaycandan Orta Asiyaya köçmüş matienlər və albanlar burada özbək, qazax, qırğız, türkmən, qaraqalpaq və başqa millətlərin təşəkkülündə mühüm rol oynamış və son­ralar öz qədim vətənlərinə qayıtmışlar.
Albaniyanın əsas əhalisi olan albanların etnik mənşəyi ilə bağlı dəyərli alimimiz Süleyman Əliyarlı da yazırdı ki, onların irandilli və ya qafqazdilli olmaları haqqında heç bir bilgi yoxdur: «Bu adı daşıyan toplumlar yalnız türk xalqlarının: qazax­ların, qırğız­ların və türkmən­lərin arasında ötən yüzillərdə qeydə alınmışdır. Tyan-Şan dağının ətəklərində Qazax xal­qının «alban» adlı boyu günlərimizə kimi qalmaqdadır. Türk­mənistanda indi də iki «alban» yer adı (toponimi) bəllidir. Onun fikrincə, «Kitabi-Dədə Qorqud»da «Alp Rüstəm», «alplar», Mahmud Kaş­ğa­ridə «Alb Ərən» sözlərinin işlədilməsi də göstərir ki, al­ban­lar türk soylu olublar.
Alpaniyanı idarə edən ilk sülalənin turanlı aranlar/Aranşahlar və ilk hökmdarının Aran olması qeyd-şərtsiz bu xalqın, yəni avropalı­ların ifadəsincə «Alban» ad­la­nan xalqın əsasən, türk mənşəli olmasını ortaya qoyur. Deməli, yunanlarla romalılar tərəfindən “Albaniya” adlanan bü ölkənin əsasını, əslində türk­mənşəli aranlar, eləcə də türk-qıpçaq mənşəli qar­qar­lar, beçeneqlər, suvarlar, kumanlar, (k)utilər, bulqarlar, xəzərlər, kimmerlər, çullar və başqaları təşkil etmiş, ancaq onun tərki­bin­də, indinin özündə olduğu kimi türk olma­yan az saylı et­nos­lar (udinlər, leqlər, silvlər, saxurlar və b.) da olmuşdur.
Ancaq digər tarixçilər İqrar Əliyev, Fəridə Məm­mədova hesab edirlər ki, albanlar qafqazdilli olduğu üçün Aranlar sülaləsi də türk soylu deyil. F.Məmmədova yazırdı: «M.Kalankat­lının Aranşahilər haqqında məlumat­ları məhdud, ötəri və ziddiyyətlidir». Ümumiyyətlə, F.Məmmədova bir tərəfdən Albaniyanın hay torpağı olmadığını, albanların isə müstəqil xalq olduğunu sübut etməklə yanaşı, eyni dərəcədə Albaniyanın türk dövləti, albanların isə türk olmadığını, moğolların XIII əsrdə Alban şahlığını süquta uğratması ilə «…albanların böyük hissəsi müsəlmanlaşmış və ar­tıq o vaxt ölkənin ən güclü etnosu olan türkdilli tayfalara qa­rışmış, yerdə qalan kiçik bir hissəsi isə ermənilərin və gürcülərin mədəni-ideoloji assimilyasiyasına məruz qalaraq, həmin millətlərə qarışmışdır».
F.Məmmədova sovet dövründə yazdıqlarının davamı olaraq qələmə aldığı «Qafqaz Albaniyası və albanlar» (2005) kita­bında da yazır ki, Azərbaycan xalqının əcdadlarından biri olan alban xalqı və onun alban dili  nax-dağıstan dil ailəsinə aiddir. Türk­dilli tayfalar isə yalnız eramızın III-V əsrlərində və sonralar Albaniyanın bir çox vilayətlərində, o cümlədən Qafqaz, İran və başqa ölkələrdə kompakt şəkildə məskunlaşmışlar və Albani­ya­da, Atropatenada türkləşmə, islamlaşma, islam mədəniy­yətinin yaranması XII əsrdən tez baş verməmişdir. Onun fikrinə görə, Azərbaycanın alban əhalisi Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə də öz milli varlıqlarını qoruyub saxlamış və XVIII əsrdə 5 alban məlikliyi yaranmışdır. Yalnız XIX əsrdə Alban kilsəsinin erməni kilsəsinə tabe etdirilməsi ilə onların deetnikləşməsi baş vermiş, yəni albanların bir hissəsi erməni­ləş­miş və gür­cüləşmiş, böyük bir hissəsi isə türkləşmişdir.
Beləliklə, F.Məmmədova iddia edir ki, yeni bir «kəşf» etmişdir: «Azərbaycan xalqı (Azərbaycanlılar) üç qüdrətli, təməl təşkil edən milli-mədəni laylardan – Qafqaz dilli (al­banlardan), farsdilli (midiyalılar, kürdlər, tatlar, talışlardan) və türkdilli laylardan formalaşıb». Guya, albanların iki minillik zəngin mədəniyyəti Qafqaz xalqları – Azər­baycan, Gürcü və Dağıstan xalqlarının mədəniyyətinə daxil olub, onlar xüsusilə Azərbaycanın antik, erkən orta əsrlər və orta əsrlər mədəniyyətinin əsas yaradıclarındandır: «Alban­lar Azərbay­can, gürcü, Dağıstan xalqlarının əcdadlarından biridir. Bununla Azərbaycan tarixində, Qafqaz tarixində və bəşəriyyət mədəniy­yəti tarixində albanların yeri müəyyən edilir». Bununla da F.Məmmədova açıq şəkildə elmi obyektivliyi bir kənara qoyaraq Azərbaycan xalqının etnogenezini və dilini, mədə­niy­yətini qafqazdilli saydığı albanlara bağlamış, alban­ları Azərbaycan xalqının əsas əcdadlarından biri saymış və türkdilli tayfaların Azərbaycan ərazisinə gəlmə olduğunu «elmi» əsaslarla «sübut» etmişdir.
Əşkinaz/İç Quz nəslindən, özü də ilk hökmdarı Aran olan Aranşahlar/Arşakilər sülaləsinin Albaniyada və İberiyada hökm sürməsi Turanın əski varlığının davamından başqa bir şey ola bilməz. İberiyanın ilk çarı Aran nəslindən Azon idi ki, o, m.ö. 4-cü əsrin sonlarında Makedoniyalı İskəndərin vassalı olaraq bu ölkəni idarə etmişdir. İberiya və Alpaniya böyük Turan imperiyası olan Parfiyanın da mühüm bir hissəsini təşkil etmişdir ki, burada da Turanlı hökmdarların hakimiyyət sürməsi təbii idi. Maraqlıdır ki, M.Ka­lan­katuklu bu kitabında iki Arandan: 1) İbrahim peyğəmbərin müasiri  Aranla (m.ö.20-19-cu əsrlər), 2) Aranşahların banisi Arandan bəhs edir. 1-ci Aranın İbrahim peyğəmbərin qardaşı (yəhudi tarixçi İosif Flavi, 1-ci əsr,) ya da oğlu olması (Viquru) mülahizələri mövcuddur. Bu o anlama gəlir ki, Türk/Turan soylu Aranlar ən azı m.ö. 2 minillikdən İberiya və Azərbaycanda mövcud olmuş, bu ərazilərdə hökmranlıqları da m.ö. 4-3-cü əsrlərdən başlamışdır. Şopenin fikrincə Aran Oğuz, yəni öküz totem adının başqa bir formasıdır.
Hesab edirik ki, yalnız İberiya deyil indiki hayların sahibləndiyi Parfiya dövründəki Ərməniyyə də əsasən Turanlı Qıpçaq/Qarqar kimliyinin tərkib hissəsi olmuşdur. Əlbəttə, burada söhbət Parfiya dönəmindəki Ərməniyyə və İberiyadan gedir, indiki haylardan və gürcülərdən yox!!! Başqa sözlə, m.ö. 1-ci minilliyin sonu, yeni minilliyin başlanğıcında Parfiyanın Qafqazda, o cümlədən Cənubi Qafqazda iki-üç yarımüstəqil vasallı var idi: 1) Ərməniyyə, 2) Alpaniya və 3) İberiya, hər üçündə də hakimiyyətdə əsasən Turanlı Qıpçaq/Qarqar kimlikli hökmdarlar idilər. Bunu, M.Kalankatuklu da yazır: “Həmin parfyanların nəslindən 620 il ərzində ərmənləri Vologezdən Ərdəşirə qədər 24 çar idarə etmişdir. Sonra mülk Arşakilərin əlindən alınır, müqəddəs riqorin patrikliyi isə ləğv olunur”. M.Ka­lan­katuklunun Yafəsdən başlayaraq kitabında Arana qədər (Aran, Aray, Ərbaq, Toqarma, Əmbək, Dalaq, Ərbun, Xoy, Bəzək, Qaynaq vəb.) və Aranla başlayan Aranşahlar/Arşakilər sülaləsinin (Aran, Uruz, Vaçaqan, Urnayr vəb.) adlarına baxanda da yalnız Albaniyanın deyil, Ərməniyyə hökmdarlarının da əksəriyyətinin Turanlı/Türk kimlikləri açıq şəkildə ortaya çıxır.
Bir sözlə, özəlliklə Parfiya və Sasanilərin ilk vaxtlarında Albaniya, İberiya və Ərməniyyəni idarə edən sülalələrin Turanlı/Türk kimliyinin daşıyıcı olması ən güclü ehtimallardan biridir. Bu anlamda həmin dövrdə hər üç ölkənin xristianlıq dininə keçənə qədər hökmdarlarının (Sanatruk, Arslan və b.), tanrılarının (Turan), coğrafi, insan adlarının bir çox halda eyni, yəni Turanlı kimlikli olması təbiidir. Hətta, Ərməniyyədə ya da ərmənilər arasında Turan adlı ilahiyə sitayişlə bağlı bilgilər var.
Çox yazıqlar olsun ki, 18-ci əsrdən etibarən dünyada Ərməniyyə, İberiya və Albaniya əhalisini turanlı/türk kimliyindən uzaq bir kimlik üzərində təbliğatı qurulmuşdur. Belə ki, hər üç ölkənin hökmdarları və əhalisi əsasən turanlı-qıpçaq kimliklərini daşıdığı ortada olduğu halda, Avropa və Rus alimləri onların kimliklərini Arilik adı altında farslaşdırmağa, yunanlaşdırmağa, yəhudiləşdirməyə, “dağistan”laşdırmağa başlamışlar. Bunu edərkən də həmin dövrdə ciddi çəkisi olmayan qeyri-türk ya da mələz etnosları ön plana çıxartmağa çalışmışlar. Bu anlamda günümüzdə say etibarilə 100 mindən çox olmayan qeyri-türk və mələz etnosların keçmişi haqqında az qala mif tarixlər ortaya qoyulmuşdur. Şübhəsiz, burada əsas məqsəd həmin dövlətlərin varlığını ortaya qoyan turanlı/türk kimliyini mümkün olduğu qədər saxtalaşdırmaq ya da inkar etmək olmuşdur. Çünki gerçək faktlar onu göstərir ki, adı çəkilən ölkələr və onların himayəçisi Parfiyada başlıca ulus Turanlılar/Türklər olmuşlar.

BIR CAVAB BURAXIN