Ölüm mühasirəsindən qaçış, erməni tapançasıyla qətl, Bağırovun cinayət işi… – CANLI TARİX DANIŞIR

0
872

Düz 52 il prokuror işləyib. Hə, sizə zarafat gəlməsin, yarım əsrdən də çox. Deyir, Azərbaycan tarixində prokurorluq sistemində heç kimin bu qədər stajı yoxdur. Mircəfər Bağırovdan tutmuş Heydər Əliyevə qədər, ölkəni idarə etmiş şəxslərin hamısıyla işləyib. Neçə-neçə baş prokurorlar dəyişib, amma o işləyib, ona dəyməyiblər. Səbəbini isə özü belə izah edir: “Rüşvətxor olmamışam, amma mələk də deyiləm”.

 

95 yaşı var Nurəddin babanın. Daha doğrusu, sabah tamam olur. Amma maşallah, çox qıvraqdır. Yaşının bu vaxtında yoqayla da məşğul olur. İndinin özündə də hüquqla bağlı nəşr olunan bir kitabı da buraxmır, oxuyur.

 

Onunla evində görüşdük. Açığı, ən azı yaddaş problemiylə üzləşəcəyimi zənn edirdim. O isə 95 illik həyatını az qala saatına kimi xatırlayır. Brest qalasında mühasirəyə düşməyindən tutmuş, təqaüdə çıxmasınadək, hər şeyi…

 

Əslən Şəki rayonundandır Nurəddin baba. 1922-ci ilin bu günlərində, daha dəqiqi, fevralın 8-də anadan olub. 18 yaşında bütün sovet gəncləri kimi əsgərliyə gedib. Özü də Belarusa, Brestə. Məşhur Brest qalasında xidmət edib. Elə söhbətə də Brestdən başlayır gələcəyin prokuroru…

 

– İyunun 22-də, səhər saat 4 də hücuma keçdilər. Göydən başımıza od yağırdı, od. Bir neçə saat ərzində o boyda Brest vilayətini mühasirəyə aldılar. Ölən öldü, qalanları da geri çəkilməyə başladı. Mənim xidmət etdiyim polk pərən-pərən düşmüşdü. Xırda qrup halında mühasirədən bataqlıqlarla çıxa bildik. Özü də bir neçə nəfərlə. Birtəhər Belostoka qədər gəlib çıxdıq. Məlum oldu ki, oranı da mühasirəyə alıblar. Orada bir maşın tapdıq. Əsgərlər atıb getmişdilər. Yerli adamların köməyi ilə birtəhər özümüzü Minskə çatdırdıq. Şəhərdəki hərbi hisslərin birinə getdik. Üstümüzdə nə sənədimiz var, nə də silahımız. Silah deyəndə ki, olsaydı nə edəcəkdik avtomatla silahlanmış almanlara qarşı? 6 patronluq karabinlərlə almanın qabağında durmaqmı olardı? Onların silah-sursatını bizimkiylə müqayisə etmək belə olmazdı. Təsəvvür edin, bir günün içində 135 təyyarə və 340 tank itirdik. Alman təyyarələrinin, qırıcı “Messerşmidt”lərin,  bombardmançı “Yunker”lərin qabağında dayanmaqmı oladı? Hələ mənim xidmət etdiyim və general Pavlovun komandanı olduğu Qərb hərbi dairəsi yaxşı silahlanmış qoşunlardan sayılırdı. Gör, indi o birilər nə gündəydi də. (Gülür) Çox keçmədi ki, almanlar Minski də mühasirəyə aldılar. Yenidən geri çəkilmək əmri verildi. Özü də düz şərqə, Minsk-Moskva trasıyla. Təsəvvür elə, hər tərəf meşədir, ortada yol. O meşəliklər olmasaydı, hamımız qırılacaqdıq. Təyyarələri görən kimi qaçıb girirdik meşələrə. Sakitlik yaranan kimi yenidən maşınlara doluşub, gedirdik.

Elə həmin yoldaca bombardman nəticəsində ağır yaralandım, kontuziya aldım. Məni Voronejə hospitala göndərdilər. Orada müalicə aldım. Müalicədən sonra isə arxa cəbhəyə göndərdilər. Amma yenidən tibbi komissiyadan keçəndən sonra məlum oldu ki, hərbi xidmətə yaramıram. Bundan sonra vətənə qayıtdım.

 

Vətənə qayıdandan sonra Nurəddin Cəfərov Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Üçüncü kursda oxuyanda isə onu Bakı şəhər Voroşilov rayon (indiki Səbail) prokurorluğunda prokuror köməkçisi təyin edirlər. Rayon prokuroru Ambarsumyanın köməkçisi. Heç bir il keçmir ki, erməni Ambarsumyanın xidməti tapançasıyla qətl törədilir. Ambarsumyanı işdən azad edirlər. 4-cü kurs tələbəsi Cəfərov prokuror əvəzi təyin edilir. Və o gündən sonra düz 52 il bu sistemdə işləyir.

 

***

 

Amma Cəfərovu Voroşilov rayonunda çox saxlamırlar. Onu Əli Bayramlıya prokuror göndərirlər. Elə məhz Əli Bayramlıdan başlayaraq yerli birinci katiblərlə zaman-zaman münaqişələr yaşamağa başlayır.

 

– Hamısıyla konfliktdə olmuşam. Çünki çoxu rüşvətxor idi. Mən isə bununla barışmırdım.

Bu rayonda ilk toqquşmam yunla bağlı oldu. Dəqiq yadımdadı, 3 sentyabr 1951-ci il idi. Stalinin xüsusi fərmanı olmuşdu yun tədarüküylə bağlı. Bağırovdan yun tələb edirdilər. Özü də çox böyük plan qoymuşdular. Bağırov isə bütün rayon rəhbərlərinə göstəriş vermişdi ki, yorğan-döşəklərdəki yunu belə dövlətə təhvil versin camaat. Mən cavan oğlan idim. Rayondakı mehmanxanada yer vermişdilər orada qalırdım. O vaxt Bağırov hər rayona bir partiya məmuru təhkim etmişdi. Əli Bayramlıya da Gözəlov adlı birini göndərmişdilər. Camaatın evində yorğan-döşək qoymurdular. Zorla söküb aparırdılar. Bir gün həmin Gözəlov qayıtdı ki, Cəfərov, sən də 10 kilo yun verməlisən. Dedim ki, Gözəlov, mən mehmanxanada qalıram, yorğan-döşəyim pambıqdandır. Dedi bilmirəm, ver. Dedim get Bağırova de ki, vermirəm. Əsəbiləşdi. Bakıya qayıtdı nə elədi, nə dedi bilmirəm, məni Puşkin rayonuna, indiki Biləsuvara göndərdilər. Biləsuvar isə sən demə, əməlli kriminal imiş. Orada bir yerli NKVD rəisi vardı. Rüşvət içindəydi. Əvvəlcə onun fəaliyyətini araşdırmağa başladım. Materialları toplayıb, Bakıya göndərdim. Adamı işdən çıxardılar. Bağırova belə çatmışdı bu xəbər. İşdən çıxan kimi onu traktorçu təyin etmişdilər ki, get sür.

 

Çox qanunsuzluqlar baş verirdi həmin vaxt. Məsələn, belə bir qayda vardı ki, xalq düşmənlərini ifşa etmək-filan. Bir dəfə hansısa kolxozun yığıncağıydı. Bir qadın durub dedi ki,  kolxoz sədri dövlətin 3 ədəd qazını mənimsəyib. Adamı az qala tutacaqdılar. Amma sübut elədim ki, qazlar ona illik əmək bölgüsü kimi verilib. Yoxsa, əlli-ayaqlı gedəcəkdi. Katib isə israr edirdi ki, xalq düşməni, sovet əmlakını dağıdanlarla bağlı plan verməliyik. Razı olmadım. Həmin adamı buraxdırdım.

 

Elə Mircəfər Bağırovla da ilk dəfə Puşkində görüşdüm. Səhər tezdən idi, məni raykoma çağırdılar. Durub getdim. Gördüm ki, birinci katibin kabinetində oturub. Özü də rusca danışırdı. Qayıtdı ki, sən prokurorsan? Dedim bəli, yoldaş Bağırov. Rayondakı vəziyyəti soruşdu. Dedim, hərəni bir kolxoza təyin ediblər. Mən də eləcə. Tərs şəkildə katibə baxdı. Dedim yoldaş Bağırov, o yazıq neyləsin, siz sərəncam vermisiz ki, rayondakı hər vəzifəli şəxs bir kolxoza təhkim edilsin. Bağırov bir qədər susdu. Qəfil ayağa durub dedi ki, yaxşı, Bakıya qayıdan kimi sərəncamı ləğv edəcəm. Prokuror, milis rəisi öz işiylə məşğul olmalıdır. Eləcə də öz sərəncamını ləğv etdi.

 

Biləsuvardan sonra Nurəddin Cəfərovu Qaradağ rayonuna prokuror təyin edirlər. Bir qədər də burada işləyir. Qaradağdan sonra isə Oktyabr – indiki Yasamal – rayonuna prokuror göndərilir. Deyir, mənə qədər orada prokuror işləyən 3 prokuroru həbs etmişdilər. Özü də rüşvətə görə.

 

– O vaxt Nəsimi rayonu yox idi. Oktyabr rayonu Bakıda ən böyük idi. Təsəvvür elə, 300 min əhalisi vardı bu rayonun. 1960-cı ildən 70-ci ilədək orada işlədim.  Çox kriminal rayonuydu. Ev oğurluğu baş alıb gedirdi. Oğurluğun 75 faizini isə ermənilər edirdi. Narkotik, alverçilik, nə desən vardı bu rayonda. Yasamalın elə küçələri vardı ki, milis girməyə qorxurdu. 5 milis şöbəsi vardı bu rayonda… Bakının yarısını təşkil edirdi, hesab elə. 10 il bu rayonda işlədim…

 

1970-ci ildə isə məni Baş Prokurorluqda zona prokuroru təyin etdilər. Dağlıq Qarabağ vilayəti üzrə. Deməli, bir dəfə Xankəndinə getmişəm. Baxıram işlərinə, görürəm ki, tutaq ki, 10 nəfəri məsuliyyət alıblarsa, 7 nəfəri azərbaycanlıdır, 3-ü erməni. Dərhal araşdırmaya başladım. Çoxlu cinayət faktları müəyyən etdim. Moskvaya kimi şikayətə getdilər, xeyri olmadı. Yadımdadı, 10 nəfər erməni haqqında cinayət işi qaldırmışdım. Hamısı da haqlı. Hamısına da hökm oxundu.

 

Qəfil söhbət yenə 50-ci illərə qayıdır. Deyir, o vaxt mənim bir xidmətim də olub. Bunu isə ilk dəfə Lent.az-a açıqlayır. Sən demə, Mircəfər Bağırova Moskva Hərbi Məhkəməsində məhkəmə qurmaq istəyirmişlər. Nurəddin Cəfərovu təcili Moskvaya xüsusi missiya ilə göndərirlər. Nəyin bahasına olursa-olsun, Bağırovun işi Bakıya gətirilməlidir. Cəfərov bu  işin öhdəsindən gəlir. Moskvada hamını inandırır ki, Bağırovun fəaliyyəti Azərbaycan və azərbaycanlılarla bağlıdır. Azərbaycan zəhmətkeşləri onun Bakıda ittiham edilməsini istəyir. Həmin vaxt Moskva hərbi prokuroru 135 cilddən ibarət istintaq materiallarını Bakıya necə aparacağını soruşur Cəfərovdan. Cəfərovun inadından sonra xüsusi poçtla göndərilir materiallar.

 

İndiki Şəhriyar adına mədəniyyət sarayında isə Bağırovun məhkəməsi başlayır

 

– Sizcə, Bağırov belə ağır cəzaya layiq idi?

 

– Onu nəinki güllələmək, güllələnəndən sonra asmaq lazım idi. O, Azərbaycanın ziyalı elitasını məhv etmişdi. Bilirsiz, həmin vaxt mən siyasi repressiya qurbanlarının işinə də baxırdım. İnanmazsız, 10 mindən çox insanın işinə bəraət yazmışam. Onların heç bir günahı yox idi.

 

Nurəddin babaya bir sual da verirəm.

 

– Nə qədər adama güllələnmə ittihamı elan etmisiz?

 

– Olub. Amma hamısı haqlıdı. Məsələn, bir nəfərin güllələnməsiylə bağlı epizodu danışım. Adam iki dəfə bıçaqlanmaya görə məhbus həyatı yaşamışdı. Bir dəfə küçədə görür ki, bunun həyat yoldaşı bir taksi sürücüsüylə danışır. Sən demə, sürücü ünvan soruşurmuş. Arvadı nə qədər izah eləsə də inanmır. Arvadına 128 bıçaq vurub öldürür. Bunu necə güllələməyəsən?!

 

Keçmiş Oktyabr, indiki Yasamal rayonunda işləyib, özü də 60-larda. Məşhur “Qara Volqa”, “Brilyant məsələsi” kitablarından danışırıq. Cəmşid Əmirovun məşhur kriminal detektivlərindən. Gülümsəyir. Deyir, Cəmşidə bir çox xəbərləri onlar özləri verirdilər.

 

– O isə bədiiləşdirirdi. Amma maraqlı kitablar alınıb.

 

Sabah Nurəddin babanın 95 yaşı tamam olur. 100-də görüşəcəyik, bu heç. Amma…

 

Amma sənin yanına yaxın günlərdə yenə qayıdacağıq, canlı tarix. Bu dəfə tələsik oldu…

 

BIR CAVAB BURAXIN