Bakı bazarlarına kilo ilə, yaxud hədsiz ucuz qiymətə satılan paltarlar barədə məlumat alıb getmişdik. Qarşılaşdığımız görüntülər elə sizi də təəccübləndirəcək.
Satıcı xanımla bir az dialoq qurmağımız bəs etdi ki, əsl səbəb ortaya çıxsın. Söhbətimiz zamanı məlum oldu ki, xeyriyyə məqsədilə toplanılan geyinilmiş paltarlar bazarda satışa çıxarılır.
Alverlə xeyirxahlıq arasında fərq tapa bilmədik və bazarı gəzməyə davam etdik. Bir sıra yerdə çox ucuz qiymətə fərqli geyimlər satılır.
Bu paltarlar harda istehsal olunur? Niyə bu qədər ucuzdur? “Malin dilini yiyəsi bilər” deyib satıcılıra üz tutduq. Hərəsi bir səbəb dedi.
Xalqa xidmət gözəldir, amma bu xidməti gərək keyfiyyətsiz məhsullarla etməyəsən. Vətəndaşların bir çoxu deyir ki, belə ucuz mallar daha çox Çindən gətirilir ki, istehsalında da ucuz və keyfiyyətsiz xammaldan istifadə edilir.
Məsləhətləşdiyimiz həkimlər bildirir ki, gəldiyi yer və mənşəyi məlum olmadığı üçün ucuz paltarlar insan bədəni üçün ciddi təhlükələr yarada bilər.
Belə paltarlardan yaranan xəstəliklər, hətta ailə üzvləri və başqa insanlara da keçə bilər. Odur ki, ayıq-sayıq olun. (“Xəzər TV”)