Rəis Nəzərəliyevin əməlləri…

0
834

Daha bir vəzifəli şəxsin barəsində cinayət işi baxılmaq üçün məhkəməyə təqdim olunub. Bu dəfə söhbət ləğv edilmiş MTN-nin yüksək rütbəli qanqsterlərindən və ya Azərbaycan Beynəlxalq Bankını boşaltmış “kredit oliqarxları”ından getmir. Həmin cinayət işi “Azərsu” ASC-nin yerli idarələrindən birinə-Bakının Nərimanov rayonu Sukanal İdarəsinə rəhbərlik edən Anar Nəzərəliyev barəsindədir.

Hansı ki, çoxsaylı dələduzluq əməllərində ittiham edilən Nəzərəliyevin həbsi mətbuatda geniş rezonans doğurmuşdu, çünki o, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu, yaxud bacısı oğlu kimi təqdim olunurdu. Virtualaz.org dəqiqləşdirib ki, Nəzərəliyevin “Azərsu” ASC-nin prezidenti ilə qohumluq əlaqələri var, ancaq onun bacısı oğlu dərəcəsində yaxın qohumu deyil, hansısa formada uzaq qohumudur.

Cinayət işinin materiallarından görünür ki, Nərimanov rayon Su-Kanal İdarəsinin keçmiş rəisi üçün “atmaq” məsələsində heç bir sərhəd, qırmızı xətt-filan olmayıb. O, tabeçiliyindəki işçinin bankdakı əmanətindən tutmuş təsadüfən tanış olduğu kimsəsiz qadının qızıllarına qədər hər cür maddiyatı aldatma yolu ilə mənimsəməyə hazır idi.

Zərərçəkənlərdən biri, Babayeva Jalə Əli qızı deyir ki, 1998-ci ildən Nərimanov rayon Sukanal İdarəsində işləyir. Anar Nəzərəliyevi 2012-ci ilin yanvar ayında işlədiyi İdarəyə rəis vəzifəsinə təyin olunarkən tanıyıb. Lakin, sonradan onun atasının əvvəllər yaşadığı binanın qaz nəzarətçisi İlham Nəzərəliyev olmasını bilib. Beləliklə də onların arasında yaxşı münasibətlər yaranıb. Şəxsi evi olmadığından iki övladı ilə birlikdə doqquz ildir ki, kirayə mənzillərdə yaşayır. Valideynləri yaşadıqları binanın həyətində olan qarajı sataraq onun pulunu mənzil almaq üçün ilkin ödəniş kimi ona vermişdilər. Qadın həmin pulu- 16.500 ABŞ dollarını 2009-cu ildə “Nikoil Bank”a depozitə qoyur.

Jalə rəisi ilə işdən sonra görüşüb nə deyir…

Təxminən, 2012-ci ilin sonu, 2013-cü ilin əvvəllərində Jalə Babayeva bank sektorunda böhranın başlamasından təşvişə düşərək “Nikol Bank”da faizləri ilə birlikdə 20 min dollara çatan depozitinin 10 min dollarını götürməyi qərara alır. Günlərin birində Jalə işdən sonra rəisinə yaxınlaşıb maaşlarını aldıqları “Zaminbank”da tanışı olub-olmadığı, ev almaq üçün saxladığı 20 min dolları həmin banka qoymaq istədiyini, bunun nə dərəcədə riskli ola biləəcyini soruşur. Və qadın bununla həyatının ən böyük səhvlərindən birini etmiş olur. Nəzərəliyev ona deyir ki, pulu banka qoymaqdansa ona versin. “Mən sənə hər ay bankın verdiyi faiz qədər pul verim, istədiyin vaxt da pulunu götürə bilərsən”-deyir.

Jalə Babayeva rəisinə səmimi qəlbdən inanırdı və bir az tərəddüd etsə də bu təklifi qəbul edir. Evindəki 10 min dollarını, üstəlik bankdakı qalan pulu da çıxarıb Nəzərəliyevə verir. Növbəti aydan etibarən “bankir” Nəzərəliyev qadına faiz ödəməyə başlayır, birinci ayda 400 manat, sonrakı aylarda 250, 300, 400 manat. 2013-cü ilin noyabr ayına qədər idarə rəisi işçisinə bu minvalla cəmi 1700 manat faiz ödəyir. Həmin vaxt Nəzərəliyev işdən azad olunur, qadın ona zəng vurub xahiş edir ki, 20 min dolları geri qaytarsın. Anar pulu tezliklə qaytaracağına dair söz verir, ancaq müxtəlif bəhanələr gətirməklə qadına “atır”.

 

Dələduzluğun və sadəlövhlüyün beləsini görən olubmu

Lakin Anar Nəzərəliyevin keçmiş işçisinə “atması” bununla da yekunlaşmır. O, dələduzluq elminin bütn sirlərini mənimsəmiş biri kimi yaxşı başa düşürdü ki, əgər “obyekt” bir dəfə aldanıbsa onun ikinci, üçüncü dəfə də aldadılması mümkündür. Sadəcə bunun üçün yeni fənlər işlətmək lazımdır.

Jalə Babayeva daha sonra ifadəsində göstərib ki, 2015-ci ilin yay aylarında, Anar Hövsan qəsəbəsində yerləşən bağ evini satıb ona olan borcunu qaytarmaq istədiyini, lakin, hansısa banka olan borcuna görə məhkəmə tərəfindən bağ evinin üzərinə həbs qoyulduğunu, bu səbəbdən onu sata bilmədiyini danışır. Anar evin üzərindən həbsin götürülməsi və digər sənədlərin hazırlanması üçün ona 5 min  manat pul lazım olduğunu deyərək ondan həmin məbləğdə pul istəyir. Anara pulu olmadığını deyəndə keçmiş rəisi “Mən sənin üçün çalışıram, pulunu qaytarmaq istəyirəm, sən mənə köməklik et ki, mən də sənin pulunu qaytarım” kimi sözlər deyərək onu yenə də inandırıb. Nəticədə o, yay aylarında müxtəlif vaxtlarda Anar Nəzərəliyevə hissə-hissə cəmi 5050 manat pul verib.

“Rayondan mal gətirirəm, çatan kimi pulu verəcəm…”

Lakin, Anar yenə də müxtəlif bəhanələrlə onu aldadıb, hər dəfə tezliklə evini satıb pulunu qaytaracağını desə də vədinə əməl etməyib. Sonuncu dəfə Anarla 2016-cı ilin mart ayının 9-da telefonla danışıb. Anar ona guya hansısa rayondan mal gətirdiyini, Bakı şəhərində müştərinin onu gözlədiyini, malı çatdıran kimi 25 min manat pul alacağını və onun borcundan bir qismini qaytaracağını deyir. Bundan sonra qadının keçmiş rəisi ilə əlaqəsi kəsilir, dəfələrlə ona zəng etsə də cavab ala bilmir. Nəhayət 2016-cı ilin mart ayının sonlarında iş yoldaşlarından Anarın həbs olunmasını eşidir və onun barəsində şikayət etməyi qərara alır…

“Təzə bazar”da santexnika məhsullarının satışı ilə məşğul olan Çingiz Cəfərovu isə Nəzərəliyevin qarmağına milliyətcə türk olan Nurinin sayəsində keçir. Onun dediyinə görə, bazarakı tanışlarındna tez-tez malan alan Nurini tanıyırdı və 2015-ci ilin avqustunda bu şəxs zəng vurur, nisyə santexnika malları xahiş edir. Çingiz əvvəlcə malı vermək istəmir, ancaq Nuri çox xahiş-minnətlə onu razı salır.

 

Əynində kostyum, qoltuğunda qovluq…

Təxminən bir saat sonra mağazaya kostyumda, əlində qovluq olan bir nəfər əvvəllər tanımadığı şəxs gəlir  və özünü Anar kimi təqdim edərək, onu Nurinin göndərdiyini bildirir. Anar əvvəllər “Azərsu” ASC-nin Nərimanov Sukanal İdarəsində rəis vəzifəsində işlədiyini, həmin cəmiyyətin rəhbər vəzifəli şəxsi ilə qohum olduğunu, hazırda isə Bakı şəhərində sayğacquraşdırma və digər bu kimi işlərini apardığını, buna görə ona material lazım olduğunu deyir. Bundan sonra Anar ona siyahı verir, siyahıda olan malların qiymətini hesablayıb ona demişdir. Bundan sonra Nuriyə zəng edib qiymətlərlə bağlı bir daha razılaşırlar.

Ertəsi gün Anar 17 min 570 manat dəyərində olan santexnika mallarını Çingizin Dərnəgüldəlki topdansatış anbarından götürür, razılaşmaya görə malın pulunu bir aya verməli idi. Bir ay keçir, puldan xəbər çıxmır. Çingiz əvvəlcə onu Anara calaşdıran Nuriyə zəng vurur. Nuri xahiş edir ki, Anara oktyabr ayına qədər möhlət versin. Anara zəng edəndə o da eyni məzmunlu xahiş edir. 2015-ci ilin dekabrında Nəzərəliyev ona iki dəfəyə olmaqla 4 min manat qaytarır, qalan 13 min 570 manatdan isə xəbər çıxmır…

Sonradan Çingizə məlum olur ki, Anar həmin Nuriyə  də atıb, ondan bahalı təmir-tikinti avadanlıqlarını icarə adı altında alıb və dəyər-dəyməzinə satırmış…

 

Nuri Eşmənin malı da getdi, pulu da

Türkiyə vətəndaşı həmin Nuri Eşme Mustafa oğlu ifadələrində göstərir  ki, o, 2004-cü ildən Azərbaycan Respublikasında yaşamaqla təmir-tikinti işləri ilə məşğul olur. Müvəqqəti qeydiyyat və yaşayış ünvanı Kürdəmir rayonu, Qaraqocalı kəndidir. Nəzərəliyev Anar İlham oğlunu 2013-cü ilin əvvəllərindən tanıyır. Belə ki, həmin vaxt Anar “Azərsu” ASC-nin Nərimanov Su-kanal İdarəsinin rəisi olub. Bu  ərəfələrdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Azərsu” ASC-nin su şəbəkəsinin çəkilişi və sayğac quraşdırma işini aparan “Yuqa İnşaat” şirkətində sahə rəisi işləyib. İşinə görə Anarla tanış olub.

Təxminən 2015-ci ilin avqust ayında Anar ona zəng edərək artıq Nərimanov Sukanal idarəsində işləmədiyini, şəxsi işlə məşğul olmaqla Bakı şəhəri Nizami rayonunda su şəbəkəsinin çəkilişi və sayğac quraşdırma işini götürdüyünü, buna görə də ona iş alətləri, aparatlar lazım olduğunu bildirir. Həmin aparatlar, alətlər Nuri Eşmede olmadığından o, Anarı bu malların satışı ilə məşğul olan tanışına yönəldir. Anar həmin şəxsdən 5 min manatlıq alət-aparat alır.

Daha sonra Anar Nuridən 7 min manatlıq qaynaq aparatı və 2.500 manat qiyməti olan beton deşən-kəsən aparatı alır. Üstəlik onun sayəsində Çingizdən nisyə mal əkişdirir, ardınca Nuridən 3500 manatlıq elektrofuziyon aparatını  da alır. Bütün bunların pulunu isə təbii ki, vermir. İstintaq materiallarına əsasən Anar həmin avadanlıqları və nisyə aldığı malları su xətlərinin çəkilməsi ilə məşğul olan iş adamlarına satıb, pulunu mənimsəyib…

Xanımzarın Neftçilər metrosunun qarşısında nakam tanışlığı

İş üzrə zərərçəkmiş və şahid qismində dindirilmiş Bayramova Xanımzar Qurban qızı ifadələrində göstərir ki, o, Anar Nəzərəliyevi təxminən 2015-ci ilin oktyabr ayında tanıyıb. Həmin vaxt Meyrənsə adlı tanışı ilə metronun “Neftçilər” stansiyasının yaxınlığında olarkən sonuncu Anarla görüşüb,   onu yerlisi kimi təqdim edib. Anar özünü çox mehriban, gülərüz göstərib, hansısa su İdarəsində işlədiyini deyib. Hətta həmin vaxt telefonla ona borcu olan bir nəfər şəxslə danışarkən telefonu alıb həmin şəxslə danışıb, ondan təcili pulu qaytarmasını tələb edib.  Fağır Xanımzar bütün bunları görüb Anarın “yaxşı bir oğlan” hesab edir. Ona telefon nömrəsini də verir və Anar deyir ki, həmin adam borcu qaytarmasa xəbər versin. “Zəng edib özüm bununla məşğul olacam”-“yaxşı oğlan” deyir.

Xanımzar deyir ki, pula ehtiyacı olduğundan 2016-cı ilin yanvar ayının 11-də özünə məxsus bir ədəd qızıl boyunbağını, bir cüt brilliant qaşlı qızıl sırğanı və bir ədəd brilliant qaşlı üzüyü “Moskva” Univermağında satmaq üçün götürüb qohumu Almuradova Səriyyə Mehbalı qızı ilə birlikdə oraya getmişdi. Orada boyunbağını nisyə olaraq Kəmalə adlı tanışına 600 manata satıb. Digər qızılları isə Səriyyə satmağa qoymur.

 

Keçmiş rəis qızılı götürüb aradan çıxır

Univermaqdan çıxmaq istəyərkən Anar Nəzərəliyevlə rastlaşır, söhbət edərkən ona qızıllarını satmaq üçün oraya gəldiyini, boyunbağını satdığını, komlektə daxil olan üzüklə sırğasını da satmaq istədiyini demişdir. Anar həmin qızılları nağd şəkildə alacağını deyərək onları qadından istəyir. Xanımzar nə fikirləşirsə deyir ki, qızıllar evdədir və onu Anara evdə verə bilər. Onlar Anarın avtomobilində qadının evinə gəlirlər, həyətdə Zərifə adlı qonşusu qabağına çıxır, qonşusu ilə birlikdə evə daxil olurlar.

Orada Xanımzar  Zərifənin gözü qarşısında bir cüt sırğanı və bir ədəd üzüyü Anara verir. Razılığa görə Anar onları 500 manata almalı idi. Keçmiş rəis pulu həyətdə saxladığı maşından götürmək üçün evdən çıxır, bir  daha geri qayıtmır. Xanımzar ona zəng vuranda Anar deyir ki, qızılı hansısa qızıl alverçisinə verib, o da satıb pulunu verəcək. Beləcə bir müddət keçir, Xanımzar yenə Anara zəng vurur. Bu dəfə keçmiş rəis qızılın pulunu vermək əvəzinə qadından 800 manat da borc istəyir. Deyir ki, 3-4 ay sonra ona 800 manatın əvəzində 1500 manat qaytaracaq. Xanımzar Anarın dələduluğundan şübhələnib daha pul vermir. Qızılların pulunu qaytarmağı xahiş edir. Təkidlə pulunu istədiyi üçün Anar onun evinə qayıdır və qızılları satmaq üçün hansısa qadına verdiyini, həmin qadın bir müddət sonra pulu gətirəcəyini deyir. Sonra Anar pulu qadından götürmək adı ilə çıxıb gedir, Xanımzarın telefon zənglərinə cavab hər dəfə bir bəhanə gətirir qızılın pullarını beləcə əkişdirir…

Nəzərəliyevin əməlləri isə bunlarla yekunlaşmır, onun aldatdığı daha bir neçə şəxsin ifadələri istintaq materiallarında yer alır və məlum olur ki, son illər kəskin şəkildə artan vəzifəli-vəzifəsiz dələduzlar arasında su-kanal idarəsinin keçmiş rəisinin öz dəst-xətti olub.

Virtualaz.org

BIR CAVAB BURAXIN