Tramp deyir ki, Rusiya sanksiyaları barədə danışmaq hələ tezdir

0
675

ABŞ prezidenti Donald Trump və Britaniyanın baş naziri Theresa May Ağ Evdə keçirilən mətbuat konfransında

ABŞ prezidenti Donald Trump və Britaniyanın baş naziri Theresa May Ağ Evdə keçirilən mətbuat konfransında

ABŞ prezidenti Donald Trump yanvarın 27-də deyib ki, Rusiya üzərindən sanksiyaların qaldırılması məsələsinin müzakirəsi hələ tezdir.

Bundan az əvvəl prezidentin müşavirlərindən biri bu məsələyə “baxıldığını” demişdi.

AzadlıqRadiosu bildirir ki, Trump və Kellyanne Conway-in fərqli bəyanatları ABŞ prezidentinin Rusiya prezidenti Vladimir Putinlə yanvarın 28-ə planlaşdırılmış telefon söhbətinin ərəfəsinə təsadüf edir.

Vaşinqtonda və Moskvada dolaşan bəzi şayiələrdə Trump-ın Barack Obama tərəfindən qoyulmuş sanksiyaları qaldıra biləcəyi deyilirdi.

Ağ Evdə Britaniyanın baş naziri Theresa May-lə birgə keçirdiyi mətbuat konfransında Trump Rusiya üzərindəki sanksiyaların qaldırılması ehtimalı barədə sualdan bir növ yayınmışdı:

“Sanksiyalara gəlincə, onlar barədə danışmaq hələ çox tezdir” – demişdi prezident.

Bundan əvvəl Trump-ın müşaviri Conway televizya müsahibəsində sanksiyalar məsələsinin “masa üstündə” olduğunu söyləmişdi.

Trump mətbuat konfransında Putinlə “fantastik münasibətlərə” ümid etdiyini dilə gətirsə də, bunun baş tuta bilməyəcyini də vurğulamışdı.

Əvəzində Britaniyanın baş naziri sanskiyalar barədə konkret və kəskin danışmış və bildirmişdi ki, Moskva Ukrayna münaqişəsinin həllinə dair Minsk razılaşmalarına əməl etməyincə sanksiyalar yerində qalmalıdır.

Buna baxmayaraq Vaşinqtonda intensiv şəkildə dolaşan söz-söhbətlərə görə Trump Rusiya üzərindən Krımın ilhaqına görə qoyulmuş sanksiyaların qaldırılması məsələsini diqqətlə öyrənir.

Sanksiyaların qaldırılmasına qarşı bir çox respublikaçı millət vəkilləri, o çümlədən Senatın Silahlı Qüvvələr Komitəsinin sədri senator John McCain çıxış edir.

Yanvarın 27-də verdiyi bəyanatında McCain Trump-ın Rusiya sanksiyalarını qaldırmağa cəhd göstərəcəyi təqdirdə bu sanksiyaların daha da möhkəmləndirilməsini ehtiva edən qanunvericilik aktının qəbuluna çağırıb.

“Amerikanın milli maraqları və müttəfiqlərimizin maraqları naminə mən ümid edirəm ki, prezident Trump bu şayiələrə son qoyacaq və belə məsuliyyətsiz siyasəti rədd edəcək, – deyib McCain, – Əgər bunları etməsə, mən və həmkarlarım Rusiyaya qarşı sanksiyaların qanun şəklinə salınması istiqamətində işləyəcəyik”.

Rusiya üzərinə bir çox sanksiyaların Barack Obama-nın sərncamları ilə qoyulduğuna görə, texniki olaraq Trump bu sanksiyaları öz sərəncamları ilə qaldıra bilər.

Məhz buna görə də sanksiyaların qanunlaşdırılması Trump-ın bu istiqamətdə yolunu birdəfəlik kəsmiş olacaq.

McCain-in təşəbbüsü bir sıra senatorlar tərəfindən dəstəklənir. Ohayo ştatından senator Rob Portman da sanksiyaların qanun halına salınması ideyasını dəstəkləyib və deyib ki, bu sanksiyaların qaldırlıması “çox təhlükəli mesajlar” verə bilərdi.

Ağ Ev təsdiq edib ki, Trump habelə Almaniya kansleri Angela Merkellə, həm də Fransa prezidenti Francois Hollande-la telefon söhbətləri edəcək.

BIR CAVAB BURAXIN