Britaniya mətbuatı: Rusiya və Türkiyə İranı Suriyadan uzaqlaşdırmaq istəyirlər?

0
939

Astanada keçirilmiş Suriya danışıqlarında Rusiya və Türkiyənin mövqelərinin daha da yaxınlaşması hiss olunub.Fotonun müəllifiGETTY IMAGES
Astanada keçirilmiş Suriya danışıqlarında Rusiya və Türkiyənin mövqelərinin daha da yaxınlaşması hiss olunub

The Guardian” qəzetində mükafatlı jurnalist Martin Çulov yazır ki, Astanada keçirilmiş Suriya danışıqlarında Rusiya və Türkiyənin mövqelərinin daha da yaxınlaşması hiss olunub.

Məqalədə deyilir ki, danışqılar yumşaq deyilsə, elə də ciddi bir nəticə verməsə də, bir məsələyə tam aydınlıq gəlib: Suriya müharibəsinin əsas iştirakçısı olan Rusiya bu münaqişənin başa çatdırılmasını həqiqətən də istəyir və bu yolda əlindən gələni əsirgəməyəcək.

İkinci aydın olan məsələ isə bundan ibarətdir ki, Əsəd rejimi döyüş meydanlarında qalib gəlsə də, “diplomatik dili” kifayət qədər qısadır.

“The Guardian” yazarının qənaətinə görə Rusiyanın Bəşər əl-Əsədin taleyi barədə son söz deyəcəyi gün yaxınlaşır.

Məqalədə deyilir ki, Əsəd qoşunları Hələb şəhərini İranın dəstəyi ilə geri aldıqdan sonra istər-istəməz Rusiya və Türkiyənin münasibətlərində yaxınlıq yaranıb.

Əslində Rusiya ilk dəfə olaraq Astanada Əsəd rejiminin nümayəndələrinə təpinib. Rəsmi Dəməşq bu görüşdə Vadi Barada üzərinə hücumun əl-Qaeda tərəfindən aparıldığını bildirsə də, Rusiya tərəfi deyib ki, atəşkəsi Suriya müxalifəti yox, İran və Suriya qüvvələri pozublar.

Bundan başqa, Rusiya Suriya rəsmilərinin terrorçu adlandıqları iki qruplaşmanı aşırı şəkildə “legitimləşdirməyə” çalışıb. Bunlar Əhrar əş-Şəm və Ceyş əl-İslam qruplaşmaları olmaqla silahlı müxalifətin özəyini təşkil edirlər.

Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz ölkəsinin Suriyaya müdaxiləsi barədə ilk dəfə tam çılpaqlığı ilə danışaraq Moskvanın köməyini Əsədin başına qaxıb. Lavrov deyib ki, 2015-ci ildə Putin Rusiya qoşunlarını Suriyaya göndərməsəydi, Əsəd üç həftədən sonra devriləcəkdi.

Burada verilən kollekrtiv mesaj tam aydındır, “The Guardian” yazır. Ölkəni zəbt etdikdən və müxalifəti bombardmanla danışıqlar masası arxasına oturtduqdan sonra Putin indi özünün şeypur kimi çalacağı nəticə istəyir.

Bu, həm də Putinin yeni qlobal nizam düzəltmək arzularının təntənəsi olardı.

Rusiya rəsmiləri inanırlar ki, ABŞ prezidenti Donald Trump özünün Yaxın Şərq siyasətini yalnız İsraili qorumaq kimi minimum çərçivədə quracaq. Onlar həm də düşünürlər ki, Suriyaya çox da maraq göstərməyən yeni ABŞ prezidenti münaqişəni tamamilə Rusiyanın öhdəsinə buraxacaq.

“The Guardian” yazır ki, Rusiyanın Türkiyə ilə təmir edilmiş münasibətləri Astanada daha da möhkəmlənib. Əslində, Rusiyanın Əhrar əş-Şəm qruplaşmasını “rəsmiləşdirməsi” Ankaranın ürəyindən olub.

Türklər hələlik kürdləri danışıqlar prosesindən kənarda saxlayıblar və Əsədin devrilməsini artıq gündəliyin birinci məsələsi hesab etmirlər.

Məqalədə deyilir ki, Rusiyanın Astanada İranla eyni mövqedən çıxış etməsi Suriyada tamamilə fərqli postmüharibə vəziyyəti yarada bilərdi.

Türkiyə Suriya münaqişəsinə İranın həddindən artıq “ideoloji müdaxiləsindən” təngə gəldiyini hiss etdirir. İran isə öz növbəsində Türkiyəni cihadçılara dəstək verərək münaqişəni daha da qızışdırmaqda günahlandırır.

“The Guardian” yazır ki, yekun bəyannaməsini nə Əsəd rejimi, nə də müxalifət imzalamayıblar.

Lakin bunun indi əhəmiyyəti çox azdır. Hakimiyyətin də, müxalifətin də innən belə döyüşməsinə az meydan var. Onları dəstəkləyən regional güclər də münaqişəni körükləmək istəmirlər. Suriya müxalifəti bilir ki, onun Suriya üzərində nəzarəti ələ almaq planları iflasa uğrayıb. Əsədsə bilir ki, qələbəni onun əvəzinə qazanmış Rusiya onun öz məsələsini də özü həll etmək istəyir.

BIR CAVAB BURAXIN