Son iki ildə manatın dollar qarşısında iki dəfə devalvasiyasının baş verməsi və nəticədə milli valyutamızın dəyərini gündən-günə itirməkdə davam etməsi cəmiyyətimizdə özünəməxsus bir xof əmələ gətirib. Bu da əslində səbəbsiz deyil. Çünki orta və yaşlı nəslin nümayəndələri ötən əsrin 90-cı illərinin əvvəllərində manatın dəyərdən düşməsinin ölkədə hansı acınacaqlı vəziyyətin əmələ gəlməsinə səbəb olduğunu yaxşı xatırlayırlar. Hər halda o dövrdə manatın dəyərdən itirməsi yüz minlərlə insanı aclıq və fəlakət qarşısında qoyaraq onlarda sabahkı günə olan inamlarının itməsinə gətirib çıxarmışdı. Üstündən təxminən 20-25 il ötəndən sonra analoji hadisələr təkrarlanmğa başlayıb. Əlbəttə, o dövrlə müqayisədə hazırda manatın dollar qarşısında dəyərini itirməsi daha yumşaq şəkildə, tədricən baş verməkdədir. Amma bütün hallarda manatın dəyərdən düşməkdə davam etməsi və buna paralel gündəlik tələbat mallarının, o cümlədən yanacaq-energetika daşıyıcılarının qiymətlərinin artması təbii ki, cəmiyyətdə daha çox insanın yoxsulluq uçurumuna yuvarlanmasına yol açmaqdadır.
Belə ki, əgər dünən ayda orta hesabla 350-400 manat alan hər hansı bir adam bu gün manatın dəyərini itirməsi nəticəsində ərzaq məhsullarına iki dəfə çox pul xərcləyirsə, bu, onun maddi durumunun pisləşməkdə olduğunu göstərir. Düzdür, dövlət səviyyəsində son illərdə əhalinin sosial, maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı qərarlar qəbul edilib, o cümlədən də qeyri-neft sektorunun inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Lakin nə qədər ağır olsa da deyək ki, əksər hallarda məhz məmur özbaşınalığı bu sahə ilə bağlı qəbul edilən qərarların həyata keçirilməsi yolunda ciddi maneələrdən birinə çevrilib. Məsələn, Azərbaycan özünün kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarını tam şəkildə ödəyə biləcək ölkələrdən biri hesab edilir. Buna baxmayaraq Azərbaycana hər il yaxın və uzaq xarici ölkələrdən yüz milyonlarla dollar dəyərində kənd təsərrüfatı məhsulları gətirilir. Buna paralel olaraq qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə verilən güzəştli kreditlər əksər halalrda sanki havaya sovrulur. Digər tərəfdən də gəlin açıq etiraf edək ki, qeyri-neft sektorunun inkişafı yolunda ciddi maneyə çevrilən amillərdən biri də qeyd etdiyimiz kimi məmur özbaşınalığıdır. Əksər hallarda məmur özbaşınalığı iş adamlarına aldıqları kreditləri təyinatı üzrə xərcləməyə imkan vermir. Bu da qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsinə və ərzaq məhsullarına görə xaricdən olan asılılığımızın davam etməsinə gətirib çıxarıb. Bu gün manatın dəyərdən düşməsinin bir səbəbi də məhz xaricdən daha çox kənd təsərrüfatı məhsullarının alınmasına görə dollar xərcləməyimizdir. Amma onu da qeyd etmək yerinə düşər ki, son iki devalvasiya yalnız əhalinin orta və aşağı təbəqəsinin maddi, sosial rifahına vurulan zərbə olmadı. Bu, eyni zamanda öz növbəsində ölkədə yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsii yolunda maneəyə çevrildi.