ABŞ kəşfiyyatını mat edən casus: Rudolf Abel (2)

0
678

Əziz Mustafa

Xeyxanenin açıqlaması ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün lap göydəndüşmə olmuşdu. MKİ bu gözlənilməz “qələbəni” toy-bayrama çevirmişdi. Demək olar ki, bütün xüsusi xidmət orqanları Xeyxanenin verdiyi məlumatlar əsasında sovet kəşfiyyatının ABŞ-dakı fəaliyyətinin üzə çıxarılmasına cəlb edilmişdilər. Bu barədə hər gün şəxsən ölkə başçısına məlumat verilirdi. Demək olar ki, hər gün bir və ya bir neçə sovet casusu həbs edilirdi. Həbs edilənlərin sayı o qədər çox idi ki, onları dindirmək üçün kifayət qədər təcrübəli müstəntiq tapılmırdı.

Hadisələrin bu cür cərəyan etməsindən ciddi narahat olan Vilhelm Fişer gizlənməyi qərara aldı. O bu məqsədlə elə bir otaq tapmışdı ki, onun harada gizlənməsi MKİ-nin ən təcrübəli kəşfiyyatçılarının ağlına belə gəlmirdi. Demək olar ki, Fişer otaqdan bayıra çıxmırdı. Fişer gizlənməzdən əvvəl həbs edilməyən casuslara müvəqqəti olaraq fəaliyyətlərini dondurmağı və heç kimlə əlaqə qurmamağı tapşırmışdı. Amma MKİ artıq çoxlarının izinə düşmüşdü və necə deyərlər, addım-addım casus şəbəkələrini məhv edirdi. Bununla belə, MKİ-nin bütün səylərinə baxmayaraq, Fişerin izinə düşmək mümkün olmurdu. Düzdür, MKİ Fişerin adını və soyadını bilmirdi. MKİ-yə Fişer haqqında yalnız onun təxəllüsü (Maks) və satqın Xeyxanenin verdiyi məlumatlar əsasında sifət cizciləri məlum idi. Nəhayət, uzun axtarışlardan sonra Fişerin kiçik bir fotosu tapıldı. Bu şəkil çoxaldılaraq 100 min nəfərdən çox xüsusi xidmət əməkdaşına paylanmışdı. Əlavə edək ki, Fişeri yalnız xüsusi xidmət orqanları axtarmırdılar. Ölkənin bütün güc nazirliklərinə sovet kəşfiyyatının ABŞ-dakı rezidentinin axtarılması tapşırılmışdı. Amma rezidenti gördüm deyən yox idi.

Xoşagəlməz təsadüf

Fişeri hələ uzun müddət tapa bilməyəcəkdilər. Amma həyatın özünün də yazılmamış qanunları var və bəzən qəribə bir təsadüf ən gizli sirlərin belə açılmasına səbəb olur. Fişer də, belə demək mümkünsə, təsadüfün qurbanı oldu. O, adətən, bayıra zəruri ərzaq malları almaq üçün, özü də küçələrdən əl-ayaq yığılan vaxtı çıxırdı. Həmişə də bir aylıq ərzaq ehtiyatını alırdı. Fişer ara sakitləşən kimi ABŞ-dan başqa adla çıxıb getməyi planlaşdırmışdı. Bunun üçün onun başqasının adına pasportu da var idi. Bəlkə də, Fişer öz məqsədinə nail olacaqdı. Çünki Fişeri axtarmaqdan yorulan xüsusi xidmət orqanları rezidentin ölkəni tərk etdiyi qənaətinə gəlmişdilər. MKİ rəhbərliyi də bu işin səmərə verməyəcəyi qənaətində idi. Belə bir vaxtda ABŞ kəşfiyyatı gözlənilmədən Fişerin izinə düşdü. Şəhərin mərkəzi küçələrindən birindəki binada yaşayan yaşlı qadın heç vaxt tanımadığı bir adamın onunla üzbəüz mənzildə qaldığını, həmin şəxsin ancaq ayda bir və ya iki dəfə ancaq gecə küçəyə çıxması barədə polisə məlumat verdi. Polis mənzilə gələrkən Fişer orada yox idi. O, özü də səbəbini anlamadığı bir hissin təsiri altında gizli qaldığı evdən küçəyə çıxmışdı. Halbuki o bilirdi ki, günün günorta çağı küçəyə çıxmaq çox təhlükəlidir. Lakin Fişer uzun müddət bayıra çıxmadığı üçün hər şeyi unudaraq bütün günü küçələri dolaşdı. Evə yalnız gecəyarı qayıtdı. Polis Fişeri gözləməkdən yorularaq çıxıb getmişdi. Amma yaşlı qadın yatmamışdı. O, pilləkənlərdən ayaq səsi eşidəndə qapını açaraq gələnin kim olduğunu bilmək istədi. Qadını görəndə Fişerin canından qəribə bir gizilti keçdi. O, yuxarı mərtəbəyə çıxdı. Ancaq qadın onu artıq tanımışdı. O, bir müddət qapının deşiyindən baxdı və nəhayət, naməlum adamın ehtiyatla qapını açaraq içəri girdiyini görən kimi polisə zəng vurdu. Dərhal üç nəfərdən ibarət xüsusi qrup naməlum şəxsi tutmaq üçün yaşlı qadının göndərdiyi ünvana yollandı. Qapı döyüləndə Fişer artıq ələ keçdiyini anladı. Onun qaçmaq üçün heç bir imkanı yox idi. Buna görə də təmkinini qoruyub saxlamağa çalışaraq qapını açdı. Qapıda üç nəfər polis dayanmışdı. Onlar dərhal qarşılarındakı şəxsdən pasportunu tələb etdilər. Fişer özünəməxsus soyuqqanlılıqla pasportunu onlara uzatdı. Polislərdən biri onun pasportunu nəzərdən keçirərkən digərləri otaqları yoxladılar. Əllərinə heç nə keçmədiyindən geri döndülər. Sonra onlar evin kimə məxsus olması ilə maraqlandılar. Bu evin sahibi Fişerin casusluğa cəlb etmədiyi dostlarından birinin idi. Onlar Fişerin dincəlmək üçün sakit bir yer axtardığını bildikdə mənzillərini ona təklif etdilər. Onsuz da bu mənzildə onlar uzun illər idi ki, yaşamırdılar. Polislər mənzilin qeydiyyatı haqqında şəhadətnaməni də yoxladılar və heç nədən şübhələnmədən çıxıb getmək istəyəndə onlardan birinə Fişerin siması tanış gəldi. Amma o, heç nə xatırlaya bilmədi. Polis şöbəsinə qayıdanda Fişeri kiməsə oxşadan polisin gözü stolun üstündə onlara MKİ tərəfindən axtarış məqsədi ilə təqdim edilən şəklə sataşdı. O, dərhal şəkildəki adamla bir az əvvəl kimliyini yoxladıqları şəxs arasında qəribə bir oxşarlıq hiss etdi. Polis bir az götür-qoy edəndən sonra dərhal şübhələri barədə MKİ-yə məlumat verdi. MKİ əməkdaşları tərəddüd etmədən hadisə yerinə yollandılar. Düzdür, MKİ əməkdaşları polisin dediyi adamın onlar tərəfindən axtarışda olan şəxsin olmasına inanmırdılar. Amma hər halda, şübhədən çıxmaq istəyirdilər. Həmin an Fişer polislərin mənzilə gəlməsinin xoşagəlməz nəticələrə səbəb olduğunu düşünərək yaşadığı otaqdan çıxıb getmək istəyirdi. Qapı döyüləndə o, mənzildən çıxmaq istəyirdi. Ona görə də yenidən qapı döyüləndə artıq sövq-təbii hiss etdi ki, ilişib. Amma yenə də soyuqqanlılığını qoruyub saxlamağa çalışaraq, otağın qapısını açdı. MKİ əməkdaşları onu görən kimi dərhal axtardıqlarını tapdıqlarını anladılar. Onlar Fişerə özləri ilə getməsini bildirdilər. Fişer müqavimət göstərməyin mənasız olduğunu anladı və onların ardınca düşməkdən başqa çarəsi qalmadı.

Abelə çevrilən Fişer sirri açmır

Fişer özünü MKİ-yə çoxdan həyatdan köçən dostu Rudolf İvanoviç Fişer kimi təqdim etdi. Dərhal ABŞ-ın kütləvi informasiya vasitələrində SSRİ kəşfiyyatının rezidenti Rudolf İvanoviç Abelin həbs edildiyi barədə sensasiyalı məlumatlar yayılmağa başladı və SSRİ-nın bu ölkədəki casusluq fəaliyəti ətrafında böyük hay-küy qalxdı. Moskvada dərhal anladılar ki, Rudolf İvanoviç Abel adı altında həbs edilən Vilhelm Fişer, eyni zamanda, Markdır.

Ən ağır cəzalar belə Abel – Fişeri sındıra bilmədi. O, casusluqla məşğul olduğunu boynuna almadı. İş orasındadır ki, Abel – Fişeri ələ keçirilən casuslardan yalnız Xeyxanen tanıyırdı. Abel isə Xeyxanenin söylədiklərini onun fantaziyası və ya özünü xarici kəşfiyyatın gözündə daha çox qiymətə mindirməsi ilə izah edirdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları hətta onun əsl adını belə öyrənməyə nail ola bilmədilər. Uzun sürən istintaqdan sonra Federal Məhkəmə Fişeri çoxdan həyatda olmayan Abel adı altında 30 illiyə azadlıqdan məhrum etdi. Həbs cəzasını keçmək üçün onu Atlanta şəhərindəki həbsxanaya göndərdilər. O, həbsxanada belə, ruhdan düşməyərək riyaziyyatla məşğul olurdu.

Kreml Abeli Pauersə dəyişir

5 illik həbsxana həyatı Abel üçün əsl imtahan oldu. O, haçansa özünün azad ediləcəyini səbirsizliklə gözləyirdi. Xoş xəbər ona qəfil gəldi: ABŞ və SSRİ rəhbərliyi Abelin Ural üzərində vurulan casus təyyarənin pilotu Frensis Pauersə dəyişdirməyi qərara almışdı. 1962-ci il fevral ayının 10-da Pauerslə Abelin dəyişdirilməsi baş tutdu. SSRİ-yə gələn Abel bir müddət Dövlət Kəşfiyyat İdarəsində işlədi. O, xaricə göndərilən bir qrup kəşfiyyatçıların hazırlanmasında iştirak etdi. Onun SSRİ-dəki həyatı nisbətən çətin dövrlərə düşmüşdü. 60-cı illərin əvvəllərində ölkədə ərzaq böhranı yaranmışdı. Hətta Abel kimi görkəmli bir kəşfiyyatçı belə, günlərlə çörək növbəsində dayanmalı olmuşdu. Rusiya Xarici Kəşfiyyat İdarəsinin məsləhətçisi, general-leytenant Vadim Kirpiçenko bununla bağlı yazır: “Mənim həyat yoldaşım da kəşfiyyatda işləyir. Bir dəfə o, evə sarsılmış bir vəziyyətdə gəldi. Bunun səbəbini ondan soruşanda dedi ki, bufetdə adambaşına yarım kiloqram sosiska verirdilər. Abel də növbədə dayanmışdı. Yarım kilo sosiskanı satıcı Abelə uzadanda elə bil ki, ona bir dünya bağışladılar. Sanki illərlə aclıq çəkmişdi”. Bütün bunlar da göstərir ki, Fişer-Abel o dövrdə ən ağır günlərini yaşayıb.

Abel – Fişer 1971-ci ildə 68 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Son

BIR CAVAB BURAXIN