Moskva Astana görüşünə kürdləri də dəvət edib

0
665
 

Rusiya, İran və Türkiyə arasında Suriyaya dair Astanada keçiriləcək danışıqlarda iştirak etmək üçün üç kürd lideri də rəsmən dəvət edilib.

Əsasən kürd mənbələrindən gələn xəbərlərə görə kürd nümayəndələr bu danışıqlara Rusiya tərəfindən, lakin Türkiyə ilə məsləhət əsasında dəvət edib.

Ankara, Kürd Milli Şurasının sədri İbrahim Bironun, Suriya Milli Şurası prezidentinin müavini Abdulhakim Bəşərin və müşavir Dərveş Mirkanın çoxtərəfli danışqılarda iştirakına etiraz etməyib.

Kürdlərin Rudaw saytı yazır ki, Ankara bu görüşdə Kürd Demokratik İttifaq Partiyasının (PYD) və onun silahlı qanadı Xalq Müdafiə Birliklərinin (YPG) iştirakına etiraz bildirib və Moskva hələlik bu barədə susmağa üstünlük verib.

Türkiyə PYD-ni PKK-nın Suriyadakı qolu hesab edir. Lakin ABŞ və Rusiya Suriya kürdləri barəsində fərqli mövqe tuturlar.

Ötən həftə Dövlət Departamentinin sözçüsü Mark Toner demişdi ki, YPG Suriyada real və mövcud qüvvədir və onun Suriyadakı vəziyyətin çözülməsi prosesində səsi eşidilməlidir.

Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu isə bu bəyanatla bağlı ironiya ilə deyib ki, “qoy onda ABŞ danışıqlara terrorçu İŞİD-i də dəvət etsin”.

Bununla belə, PYD-nin danışqılarda iştirak etməməsini Suriya müxalifətinin lideri Mahmud Əfəndi də tənqid edib.

“Təəssüf ki, PYD-nin iştirakına Türkiyə mane olub. PYD-nin atəşkəs sazişinə daxil edilməsinə qarşı da Türkiyə çıxıb. Təəssüf ki, bütün bunlar maneə yaradır. PYD və başqa silahlı qruplar danışıqlarda iştirak etməlidir” – deyib Əfəndi.

Bu arada xəbər verilir ki, Suriya hökuməti ilə Suriya kürdləri arasında kürd muxtariyyətinin yaradılmasına dair danışıqlarda Rusiya vasitəçilik edir.

Rusiya “kürd məsələsini” Hmeymimdə həll edir

Sputnik saytının yazdığına görə Rusiya Suriyada “kürd federasiyanın” yaradılmasına dair danışqıların qarantıdır.

Bu barədə məlumatı Sputnikə kürd siyasətçisi Ferid Sedun verib.

“Rusiyanın vasitəçiliyi ilə mən və başqa iki müstəqil kürd siyasətçi Dəməşqdə Suriya hökuməti ilə görüşmüşük. Biz Suriyada federal sistemin yaradılması məsələsini müzakirə etmişik” – deyib Sedun.

Ferid Sedunun məlumatına görə bundan əvvəl PYD ilə Suriya rəsmilərinin görüşü Hmeymim hərbi hava bazasında olub.

Ötən ilin dekabrında 24 kürd təşkilatının və Rusiya nümayəndələrinin iştirakılə Hmeymim bazasında keçirilən danışıqlarda PYD də vardı və həmin görüşdə məhz Astana sammitinə hazırlıqdan söhbət gedirdi.

Suriya kürdlərinin daha bir portalında verilmiş xəbərdə deyilir ki, bu həftənin əvvəlində yüzlərlə kürd Suriyanın şimalındakı Qamışlı şəhərinin küçələrinə çıxaraq PYD-nin qarşıdan gələn Astana görüşündən kənarlaşdırılmasına etiraz edib.

Bu barədə məlumatı kürdlərin Fransadakı nümayəndəsi Xaled İssa verib.

O deyib ki, PYD-nin Astana görüşünə dəvət edilməməsi Türkiyə hökumətinin güclü pressinqi nəticəsində baş verib.

BIR CAVAB BURAXIN