Trump müşavirinin ABŞ-dakı Rusiya səfiri ilə danışdığı xəbər verilib

0
655

 

Michael Flynn

Michael Flynn

ABŞ-dan alınan xəbərlərdə deyilir ki, prezident seçilmiş Donald Trump-ın milli təhlükəsizlik müşaviri bir ay bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfirinin telefon zənginə cavab verib.

Səfir və prezident müşaviri Donald Trump və Vladimir Putin arasında telefon söhbətinin təşkilini müzaklirə ediblər.

Reuters və Associated Press xəbər verirlər ki, Barack Obamanın 35 Rusiya diplomatını ölkədən qovduğu gün Trump-ın müşaviri Michael Flynn və səfir Sergey Kislyak arasında çoxsaylı telefon zəngləri olub.

Barack Obama 35 diplomatın ölkədən çıxarılması və Moskva üzərinə yeni sanksiyaların qoyulması qərarının Rusiyanın ABŞ-ın seçki prosesinə müdaxiləsinə cavab olduğunu demişdi.

Flynn və Kislyak arasında əlaqələr barədə ilk dəfə The Washington Post yanvarın 12-də xəbər vermiş və yazmışdı ki, Trump komandasının Rusiya rəsmiləri ilə sıx əlaqələri Vaşinqtonun bir çox siyasi dairələrində ciddi narahatlıq doğurub.

Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak

Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak

Qəzet adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən bildirirdi ki, Flynn Kislyaka dekabrın 29-da Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi və Rusiya hərbi xorunun təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı vermək üçün zəng edib.

Trump-ın mətbuat katibi Sean Spicer yanvarın 13-də Flynn və Kislyak arasında telefon söhbətinin olduğunu təsdiq edib, lakin bildirib ki, bu, Obamanın sanksiyaları elan etməsindən bir gün əvvəl baş verib.

Spicer deyib ki, dekabrın 28-də Flynn və Kislyak inaqurasiyadan sonra Trump və Putin arasında telefon söhbətinin təşkilini müzakirə ediblər.

Lakin AP və Reuters ABŞ rəsmilərinə istinadən qətiyyətlə bildirirlər ki, telefon söhbəti dekabrın 28-də olub.

ABŞ mediası yazır ki, əslində Trump komandası ilə Kreml arasında təmaslar onun bütün seçki kampaniyası dövründə davam edib.

8 noyabr seçkisindən sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İnterfax agentliyinə demişdi ki, Rusiya hökuməti seçki kampaniyası boyunca Trump-ın siyasi komandası ilıə təmasda olub.

Flynn-in özü ötən il Moskvada RusiyanınRussia Today agentliyinin yubileyində iştirak etdiyinə görə kəskin tənqid olunur.

Tədbirdən çəkilən fotolarda Flynn-in Putinlə eyni masada oturduğu görünür.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, administrasiyaya Flynn-in telefon söhbətləri barədə əvvəlcədən xəbər verilməyib.

ABŞ mediası yazır ki, Amerikada 218 yaşı olan və Logan Aktı kimi tanınan qanun fərdi vətəndaşların Birləşmiş Ştatlarla mübahisəsi olan hökumətlərlə hər hansı danışqılarını qadağan edir.

BIR CAVAB BURAXIN