“Neftçi”nin qulağının çəkilməsinə ehtiyac var

0
591

 

Bəli, cari mövsümün ilk yarısında artıq işə yaramayan, məğlubiyyətləri ard-arda sıralayan “Neftçi”ni yenidən yığırlar. Burada işlətdiyim “yenidən yığırlar” ifadəsinin öz yeri var. Axı bir müddət əvvəl xalqdan xəbərsiz bu komandanın rəhbərliyini, üstəlik, məşqçilərini (zəhmət çəkib onların adlarını özünüz xatırlayın) dəyişdilər. Lakin bu yığım komandanın işinə yaramadı. Daha bilmirəm, bu, həmin hissələrin yararsızlığındanmı oldu, yoxsa başqa bir səbəbdən… Nəticədə, işlər daha da fırıq oldu. Fakt budur ki, “Neftçi” bu mövsümdə keçirdiyi 14 oyundan 9 xalla toplamaqla turnir cədvəlinin zirzəmisinə məhkum edilib.

Hə, bu komandanı yenidən yığırlar. Yığırlar ki, bir babat komanda ortaya qoysunlar. Yəni “xalqın komanda”sını xalqa layiq etsinlər. Artıq komanda 10 oyunçu ilə yollarını ayırıb, əvəzində transfer bazarında sövdələşdiyi 7 oyunçunu heyətinə qatıb. Onların da əksəriyyəti əcnəbilərdir. Sanki bizim məmləkətimizdə onlar kimi top qova bilən yoxdur. Üstəlik, hələ də bazarlıqlarını davam etdirirlər. Bu yenilərin komandanı dirçəldə bilicəklərini isə onları transfer edənlərdən başqa kimsə bilmir.

Bəli, bu tərəfdən də “Neftçi”nin 80 illiyi gəlir (Yeri gəlmişkən, bu münasibətlə, demək olar ki, bütün komandalar əvvəlcədən “Neftçi”ni təbrik ediblər və belə getsə yenə də edəcəklər. Topaz Premyer Liqasının 4-cü turunda “Qəbələ” isə Bakıda “Neftçi”ni 8 cavabsız qolla təbrik etməklə ona daha unudulmaz anlar bəxş edib). Vallah-billah, qorxuram ki, bu gedişlə “Neftçi” bu mövsümdə Premyer Liqa ilə vidalaşsın. Və bununla da özü özünə gözlənilməz hədiyyə peşkeş etsin.

Nə isə… Mətləbdən uzaqlaşmayaq… Bəli, “Neftçi”ni yenidən yığırlar. Bu onun işinə yarıyacaqmı? Azarkeşlərin canı rahat olacaqmı? Hələ ki bunu bilən yoxdur. “Rahat olacaqmı?” dedim, bu yerdə Molla Nəsrəddinlə bağlı bir lətifə yadıma düşdü. Deməli, belə. Bir gün Molla eşidir ki, şəhərin hakimi azarlayıb. O, ağacdan bir neçə alma dərib hakimi yoluxmağa gedir. Hakim deyir:

– Molla, birdən-birə dişim də başladı ağrımağa, qulağım da… Daha mənə bir əzab verdilər ki, gəl görəsən. Bu gün bir yaxşı diş həkimi tapıb dişimi çəkdirdim. İndi onun ağrısı azalıb. Amma bu zəhirmar qulağım elə ağrıyır ki, ağrıyır. Bircə həkim də tapılsaydı ki…

Molla tez onun sözünü kəsib deyir:

– Hə, hə… Bircə halal süd əmmiş adam tapılıb, sənin o qulağını da çəksəydi. Sən də rahatlanardın, əhali də…

İndi Mollanın sözü olmasın, bu gün “Neftçi”nin qulağının çəkilməsinə ehtiyac var… Özü də çox böyük ehtiyac var. Lazımdır ki, həmin o qulaqçəkən ortaya çıxsın. Yoxsa onu bu qədər yığmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Bir də… axı “Neftçi”nin üzündə daha kosmetik əməliyyat aparılmayan hissə qalmayıb.

BIR CAVAB BURAXIN