Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması istənilir və ya erməni iftirası davam edir

0
649

AŞPA. Strasbourg.

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinə rüşvət verməkdə ittiham olunan Azərbaycan nümayəndə heyətinin iki üzvü – Elxan Süleymanov və Müslim Məmmədov araşdırma aparılması şərti ilə dərhal üzvlükdən xaric edilməlidir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ isə rüşvət məsələsindən xəbərdar olsalar da heç bir addım atmadıqlarına görə dayandırılmalıdır”.

Bir qrup Azərbaycan vətəndaş cəmiyyəti qurumları nümayəndələrinin AŞPA-ya ünvanladıqları məktubda belə yazılır.

Məktubda AŞPA üzvü olan iki azərbaycanlı deputatın bu qurumun keçmiş vitse-prezidenti Luka Volonteyə 2,39 milyon avro rüşvət verməsi barədə iddialara toxunulur. Sözügedən məsələni Milan prokurorluğunun araşdırdığı, Luka Volontenin azərbaycanlı deputatlardan rüşvət almağa görə, cinayət işinə cəlb edildiyi bildirilir.

“Avropa Sabitlik Təşəbbüsünün “Avropa Bataqlığı – Prokurorlar, Korrupsiya və Avropa Şurası Parlament Assambleyası” adlı hesabatı, İtaliyanın RAİ telekanalının apardığı araşdırma korrupsiya fırıldağının utanc verici təfərrüatlarını üzə çıxarıb. Buna görə, cənab Kristof Ştrasserin hazırladığı qətnamə üzrə keçirilmiş 2013-cü il səsverməsi legitim hesab oluna bilməz. Təcili olaraq, AŞPA Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçi mandatını bərpa etməlidir”, müraciətdə vurğulanır.

Məktubda Azərbaycanda siyasi məhbus probleminin olduğu bildirilir. Müxalifət liderlərindən İlqar Məmmədovun Avropa İnsan Hüquqları Məhkəməsinin qərar verməsinə baxmayaraq, hələ də, həbsdə tutulduğu qeyd edilir.

 

Müraciət müəllifləri azərbaycanlı deputatların adlarının qarışdığı korrupsiya iddialarının araşdırılıb bitənə, İlqar Məmmədov və digər siyasi məhbus sayılan şəxslər azad edilənə qədər Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququnun dayandırılmasını tələb ediblər.

Avropa Sabitlik Təşəbbüsü təşkilatı (ingiliscə qısa adı – ESI) «Kürü diplomatiyası» adlı araşdırmasında Azərbaycan hakimiyyətinin avropalı deputatlara rüşvət verdiyini, bununla da Azərbaycan əleyhinə qətnamə və sənəd qəbulunun önləndiyini açıqlamışdı. Bu işdə AŞPA-nın haqqında cinayət işi açılan italiyalı deputatı Luca Volontè-nin vasitəçilik etdiyi deyilirdi.

Ancaq verilən məlumatlara görə o, söyləyib ki, həmin pulu Azərbaycana kənd təsərrüfatı ilə bağlı məsləhətlər verdiyindən ötrü alıb.

Sözügedən sənəddə iddia edilirdi ki, Azərbaycandan olan deputatlar rüşvət verərək Avropa Şurasında ölkə əleyhinə qətnamələrin qəbul edilməməsinə nail olublar. Siyasi məhbuslar üzrə məruzəçi Christoph Strässer-in hazırladığı hesabat da eyni aqibətlə üzləşib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Azadlıq Radiosuna müsahibəsində sənəddə deyilənləri “ölkəni sevməyən qüvvələrin işi” kimi dəyərləndirmişdi. O, hələ araşdırma başa çatmadığından bu məsələdə kiminsə günahlandırılmasını düzgün saymırdı. Necə deyərlər qara  böhtançı güclər tərəfindən Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması istənilir və ya erməni iftirası davam edir

BIR CAVAB BURAXIN