Britaniya mətbuatı: Türkiyə Trumpa “kürd şərti” qoyur

0
1037

  • Şimali Suriyada Kürd YPG silahlı birləşməsi ilə birgə fəaliyyət görən ABŞ xüsusi qüvvələri hərbçisi (25 may 2016)Image copyrightDELIL SOULEIMAN/AFP/GETTY IMAGES
Image captionŞimali Suriyada Kürd YPG silahlı birləşməsi ilə birgə fəaliyyət görən ABŞ xüsusi qüvvələri hərbçisi (25 may 2016)

Türkiyə Trumpa “kürd şərti” qoyur

“The Guardian” yazır ki, Türkiyə ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığın şərtlərini səsləndirib və Donald Trump-dan Amerikanın Suriya kürdlərinin silahlandırmasının dayadırılmasını gözlədiyini bildirib.

Washington Suriya kürdlərini dəstəkləsə də, onların silahlandırılması barədə iddiaları təkzib edir.

“Birləşmiş Ştatlar imkan verməməlidir ki, hansısa bir terrorçu təşkilat bizim strateji partnyorluğumuza kölgə salsın” – deyib Türkiyənin baş naziri Binali Yıldırım parlament qarşısındakı çıxışında.

Washington Suriya Demokratik Qüvvələrinin (SDQ) əksəriyyətini təşkil edən kürd YPG silahlı birləşməsinə Suriyada İslam Dövləti adlanan təşkilata qarşı mübarizədə ən səmərəli element kimi baxır.

“The Guardian” yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trump özünün İD məsələsindəki mövqeyini və kürdləri müttəfiq sayıb-saymadığını hələlik bildirməyib.

ABŞ rəsmiləri ötən sentyabrda SDQ-ni yüngül silahlarla təchiz etdiklərini etiraf etmişdilər, lakin bildirmişdilər ki, silahlar SDQ tərkibindəki ərəb döyüşçülərə verilir.

Bu həftə Washington bir daha bəyan edib ki, YPG-yə silah vermir.

Lakin Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu israr edir ki, onun hökuməti bunun əksini sübut edən sənədlərə malikdir. “Bunu bütün dünya bilir” – deyib Çavuşoğlu.

Bundan əvvəl Türkiyə başçısı Recep Tayyip Erdoğan demişdi ki, onda olan dəlillərə görə silah daşıyan ABŞ təyyarələri kürdlərin nəzarətində olan Kobanidə enişlər edir.

Ankara YPG-ni Türkiyənin öz ərazisində dövlətlə silahlı mübarizə aparan PKK-dən fərqləndirmir.

YPG-yə bağlı kürd rəsmiləri isə deyirlər ki, ABŞ İŞİD-in istehkamı olan Raqqaya hücum edəcəkləri təqdirdə kürdləri silahlarla təchiz edəcəyi barədə vəd verib.

Ötən bazar ertəsi Suriyanın qiyamçı qrupları bəyan ediblər ki, Suriya hökuməti və onun İran tərəfindən dəstəklənən müttəfiqləri atəşkəsi pozmaqda davam edərlərsə, onlar Rusiyanın Qazaxıstanda keçirməyi planlaşdırdığı sülh danışıqlarında iştirak etməyəcəklər.

Qiyamçı qruplaşmalar deyirlər ki, Suriya hökuməti və onun müttəfiqləri Barada vadisində və Dəməşq yaxınlığındakı Quta regionunda, habelə Hama və Daraa əyalətlərində atəşkəsi dəfələrlə pozublar.

Suriya hökuməti isə israr edir ki, onun qoşunları yalnız atəşkəs sazişinə daxil olmayan İŞİD-in və Cəbhət Fateh əş-Şəm qruplaşmasının mövqelərini hədəfləyirlər.

Suriya müxalifətinin Britaniyada mənzillənmiş insan haqları müşahidə qrupu isə bildirir ki, hökumət qüvvələri helikopterlər və artuilleriyanın köməyi ilə hücuma keçərək ərazidə əsas içməli su mənbəyi olan Eyn əl-Ficah mənbəyinə yaxınlaşıblar.

Şimal dənizində qazma qurğusuImage copyrightSTF/AFP/GETTY IMAGES
Image captionŞimal dənizində qazma qurğusu

Neft on ildə 10 dollara düşəcək?

“The İndependent” yazır ki, ötən il rekord sayda neft və qaz şirkəti ziyana işləyib və ya müflis olub.

Bu barədə yeni hesabat hazırlamış ətraf mühitçilər Birləşmiş Krallığı aşağı karbohidrogenli iqtisadiyyata hazır olmağa çağırıblar.

Hesabatda deyilir ki, neft-qaz sektorunda işlərini itirəcək insanlar “atılmışlar icmasına” çevrilə bilərlər.

Moore Stephens hesabdarlıq firmasının apardığı araşdırma ötən il 16 neft və qaz şirkətinin müflis olduğunu aşkar edib. Halbuki 2012-ci ildə belə neft və qaz şirkətləri yox idi.

Neft qiymətləri bir barrel üçün 120 dollardan 50 dollara endikdən sonra bu sektordakı kiçik şirkətlər rəqabətə tab gətirə bilməyiblər, Moore Stephens bildirir.

Bu araşdırmanı aparmış Jeremy Willmont deyib ki, neft qiymətlərinin düşməsi bir çox Britaniya şirkətlərini böhran həddinə gətirib.

Ekspert deyib ki, son 15 ildə İraqdan tutmuş Folklend adalarına qədər hər yerdə axtarış və hasilatla məşğul olan Britaniya neft və qaz şirkətlərinin sayı sürətlə artıb.

“Əgər neft qiymətləri qalxmasa bu şirkətlərin bir çoxunu yaxın gələcəkdə müflislik gözləyir” – deyib ekspert.

Hesabatda deyilir ki, Şimal dənizində neft hasilatı ilə məşğul olan şirkətlər daha böyük çətinliklərlə üzləşirlər.

Greenpeace UK təşkilatında çalışan professor Doug Parr xəbərdarlıq edib ki, mədən yanacağı sənayesinin yoxa çıxması “atılmış insanlardan ibarət böyük icmaların” yaranmasına gətirib çıxara bilər.

Doktor Parr deyib ki, mədən yanacağının gələcəyi olmadığı indidən məlumdur.

Alimin fikrincə, hökumət indidən bu sektorda çalışanlar barədə qayğı haqqında düşünməlidir.

Fransanın Engie enerji şirkətinin elmi-tədqiqat laboratoriyasının rəhbəri Thierry Lepercq bu yaxınlarda Bloomberg-ə deyib ki, bərpa olunan enerjinin artımı on ildən də az müddətdə neftin bir barrelinin qiymətini 10 dollardan da ucuz edəcək.

“Hətta neftə tələbat 2025-ci ilədək qalxmaqda davam etsə də, onun qiyməti bir barrel çün 10 dollara düşə bilər” – alim deyib.

“The İndependent” yazır ki, dünyanın enerji istehsal edən ən iri özəl şirkəti Engie bərpa olunan enerjiyə investisiyalarını ildən-ilə artırır və eyni zamanda özünün kömür və mazutla işləyən istilik elektrik stansiyalarını satır.

Şirkətin bu yaxınlarda apardığı araşdırma göstərib ki, əhalisi 5 milyon nəfər olan Provans-Alp-Kot-d’Azur regionu 100 faiz bərpa olunan enerjidən istifadəyə keçməklə 2030-cu ilədək enerjiyə 30 faiz qənaət edə bilər.

Lakin Exeter Universitetindən professor Joseph Dutton deyib ki, “mədən yanacağı hələ bir müddət bizimlə olacaq”.

O deyib ki, əslində indi mədən yanacağı ilə bərpa olunan enerji arasında nəsillərin çarpışması gedir.

Alimin fikrincə, xüsusilə də bərpa olunan enerji ilə işləyən nəqliyyat sahəsindəki irəliləyiş iqlim dəyişikliyinin qarşısının alınması üçün kafi vəziyyətdə deyil.

Joseph Dutton-un fikrincə, mədən yanacağı və kimyəvi maddələr gözlə görünən yaxın gələcəkdə yoxa çıxmayacaq.

Qaldı müflisləşmiş xırda şirkətlərə, onların əksəriyyətinə iri şirkətlər sahibləniblər, cənab Dutton deyir.

Şəkərsiz “diet” içkilər də kökəldir

“The Telegraph” yazdığına görə, Londondakı Imperial College Universitetinin alimləri şəkər əvəzinə şirinləşdiricilər qatılmış içkilərin, şəkərlilərdən heç də az ziyanlı olmadığını aşkar ediblər.

Alimlərin fikrincə şəkərsiz və ya “diet” içkilər də, şəkərli içkilər kimi artıq çəkinin yaranmasında əsas rol oynayır.

Son 30 ilə aid elmi məlumatların təhlili göstərib ki, şəkərsiz içkilərin artıq çəkinin və ya diabetin qarşısını aldığı barədə əsaslı dəlillər yoxdur.

Alimlər bildiriblər ki, şəkərsiz içkilərin kalorisi aşağı olsa da, onlar beynin şirin dad reseptorlarını qıcıqlandırır və adamları daha çox qida qəbuluna təhrik edir.

Üstəlik şəkərsiz içkilərin ziyansız olduğunu düşünən insanlar onları ifrat həcmlərdə istehlak edirlər.

Yeni araşdırmanın müəllifləri bunu da bildirirlər ki, şəkərsiz içkilərin ziyansız olduğunu isbat edən elmi araşdırmaları sərinləşdirici içkilər sənayesi maliyyələşdirib və buna görə də etibarlı sayıla bilməz.

Lakin Britaniya Alkoqolsuz İçkilər Assosiasiyası deyir ki, şəkərsiz içkilərin tənqid atəşinə tutulması düzgün deyil, çünki bu içkilərdə kalori həqiqətən də aşağıdır.

Assosiasiya bunu da bildirir ki, məsələnin bu cür qoyuluşu insanları şəkərli içkilərə üz tutmağa vadar edə bilər.

İfrat şəkərin insan sağlamlığına ziyanını isə sübut etməyə ehtiyac yoxdur.

BIR CAVAB BURAXIN