“Bütün təhlilçilər bilir ki, bu gün hökumətin iştirakı olmadan milli iqtisadiyyat valyutaya real tələbin ən yaxşı halda 50 faizini ödəmək imkanındadır. Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün deyil. Bunu Mərkəzi Bankdan yaxşı bilən ikinci bir təsisat və ya şəxs də yoxdu”.
Mərkəzi Bank-ın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə bağlı bəyanatını şərh edən Rövşən Ağayev belə deyir. İqtisadçı Mərkəzi Bankın sətiraltı mesajlarına işıq tutur.
“Sadəcə, Mərkəzi Bank demək istəyir ki, yenə də neft bahalanmayacaqsa, bazarın ehtiyaclarına uyğun valyuta təklifi ilə tələbin qarşısına çıxmaq mümkün olmayacaqsa, milli valyuta yenə də ucuzlaşacaq və biz bunun adını “tam üzən məzənnəyə keçid istiqamətində islahatların davam etdirilməsi” qoyacağıq”, deyən iqtisadçıya görə, MB-nin bəyanatında vəziyyətin yaxşı olmayacağına aşkar eyhamlar var.
“Məsələn, Mərkəzi Bank qeyd edir: “Neftin dünya qiymətinin əhəmiyyətli şəkildə yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır”. MB-nin dediyi bu situasiyanın mənası odur ki, gələn il də ödəmə balansında kəsirin olacağı realdır. Bəyantda verilən daha bir mesaj: “Dövlət sektorunun xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri, strateji enerji layihələrinin maliyyələşdirilməsi kapital və maliyyə hesabına təsir edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyə balansında gözlənilən irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək”. Bunun açılışı odur ki, hökumətə xarici borcların qaytarılması və xaricdəki layihələrə (TANAP, TAP və s.) kifayət qədər böyük valyuta lazım olacaq. Bu daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək”.
İqtisadçının fikrincə, Mərkəzi Bankın qeydlərindən belə aydın olur ki, valyuta bazarında iştirak etməyə hazırlaşmır. Amma məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmağa ehtiyac olarsa, bazara müdaxilə edə bilər.
“Amma aydın olmur ki, “məzənnənin kəskin dəyişkənliyi” dedikdə hansı hədd nəzərdə tutulur. MB üçün məzənnənin 5, 15 yoxsa 50 faiz dəyişməsi “kəskindir”? Bu sənəddə aydın görünür ki, 2017-ci ildə baş verəcək iqtisadi proseslər sadə vətəndaşa nə qədər dumanlı görünürsə, MB üçün də əhəmiyyətli dərəcədə qeyri-müəyyəndir”, iqtisadçı qeyd edir.
Ötən il dekabr ayının əvvəli hökumətin açıqladığı «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»nə görə, 2017-ci ildən ölkədə “tam üzən məzənnə” sisteminə keçiləcək.
TAP ( Trans Adriatik Qaz Kəməri) və TANAP ( Trans Anadolu Qaz Kəməri) Cənub Qaz Dəhlizi layihələrinin tərkibidir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.