‘Adamlar dolları artıq ölkədən getmək üçün axtarır’

0
734

İndiyə qədər ölkəyə dollar gətirən əsas məhsul neft idi, o da ucuzlaşmağa başlayandan dollar qıta çəkilir.

Mikrafona danışmayanlar

Banklar dolları ya limitlə satır, ya da ümumiyyətlə satmır. Dollar getdikcə daha şiddətli arzuya çevrilir.

Manat dəyərdən düşdükcə, adamlar olub qalan pullarını qorumaq üçün daha etibarlı hesab etdikləri valyuta – dollar axtarışına çıxırlar.

Mikrofona danışmasalar da, dollar axtaranlar arasında elələri də var ki, bizimlə söhbətdə deyirlər, xarici valyuta əldə edib ölkədən getmək istəyirlər – ölkədəki iqtisadi durumun pisləşməsi səbəbindən.

Buna da bax:​ Qiymətlər qalxır, maaşlar, pensiyalar yox

“Dollar tapa bilmirəm”

Türkiyədən və Çindən mal gətirən sahibkar Mətləb Kərimov çar-naçar qalıb. Dollar tapa bilmir ki, mal vursun.

“50 dollardan yuxarı vermir. Çox çətindir. Birinci odur ki, dollar hər yanda fərqli-fərqli qiymətlərədir. İkincisi dollar tapılmır. Biz əgər xariclə ticarət ediriksə, bizdə dollar sərbəst olmalıdır, sərbəstlik isə yoxdur. Dollar alırlar, amma satmırlar. Şəhərdə nə qədər bank var, hamısına müraciət etmişəm”.

 

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyir ki, dollar qıtlığı Mətləb Kərimov kimi sahibkara da ziyandır, ümumilikdə ölkə iqtisadiyyatına da.

“Bütün xarici əlaqələr dollarla həyata keçirildiyi üçün təbii ki, müəssisələrin dollara ehtiyacı olur. Ölkə daxilində isə onların gəlirləri manatla olduğundan hər zaman itkiyə məruz qalırlar. Bu baxımdan dollara tələbat kəskin artmaqda davam edir”.

Banklar dollar satmasa da, satanlar var. “Qara bazar”da…

Bir vaxtlar “Kubinka” bazarı vardı

Bir vaxtlar Bakıda “Kubinka” bazarı vardı. Sovet İttifaqının dəmir pərdəsindən sivişib Bakıya gətirilən “import” malları burda satılardı – cins şalvarlar, xarici siqaretlər, hətta dollar da.

İndi Bakıda da “qara bazar” var. Dollar açıq bazarda satılmadıqca, adamlar bir-birini tapır, dollar alveri edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev dekabrın 11-də mətbuata deyib ki, “qara bazar” alverçiləri ilə bağlı cinayət işi qaldırılıb, müəyyən adamlar saxlanılıb. Daha da qətiyyətli addımlar atılacaq.

“Qara bazar”ın qarşısını alma cəhdi

İqtisadçı, müxalif REAL hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, hökumətin həbslə “qara bazar”ın qarşısını alma cəhdi ona Sovet dövrünün uğursuz “Kubinka” mübarizəsini xatırladır:

“SSRİ kimi güclü aparatı, güclü daxili işlər nazirliyi olan ölkədə belə qara valyuta bazarı mövcud idi. Hətta SSRİ kimi dövlət “qara bazar”ın qarşısını ala bilmədisə, Azərbaycanda da bunun qarşısını inzibati yolla almaq mümkün deyil”.

İqtisadçılar təklif edir ki, hökumət dollar qıtlığını aradan qaldırmaq üçün iqtisadiyyatı sağlamlaşdırsın, qeyri-neft sektorunu inkişaf etdirsin.

Prezident İlham Əliyev isə dekabrın 6-da strateji yol xəritəsini təsdiqləyib. Sənəd həm də qeyri-neft sektorunun inkişafını nəzərdə tutur.

BIR CAVAB BURAXIN