MKİ-nin öldürə bilmədiyi adam: Fidel Kastro

0
714

 

Hazırda dünyada sosializm sisteminin yeganə dayağı hesab edilən Kubanın dövlət başçısı bu yaxınlarda dünyasını dəyişən Fidel Kastronu da dəfələrlə zəhərləməyə cəhd göstəriblər. Belə ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kastronu aradan qaldırmaq məqsədilə bəzi tədbirlərə əl atmışdı: Kastronun geyəcəyi paltara güclü zəhər tozu səpilmişdi. Təsadüfən paltara əllə toxunan şəxslərdən birisi dərhal ölmüşdü. Araşdırma zamanı məlum oldu ki, zəhər paltardan dəriyə düşdükdə dərhal güclü zəhərlənmə baş verir. Bu uğursuzluqdan sonra Mərkəzi Kəşfiyyat İdarəsi bu dəfə Kastronu zəhərli güllə ilə öldürülməsi barədə plan hazırladı. 1963-cü il noyabr ayının 22-də Kastroya qarşı sui-qəsd həyata keçirilməli idi. Snayper yerini tutmuşdu və Kastronun keçəcəyi küçəni nişan altında saxlayırdı. Güllələrin hamısı zəhərli idi. Açılan atəşdən cüzi yaralanma Kastronun ölümünə səbəb olacaqdı. Amma sui-qəsdin həyata keçirilməsindən 5 dəqiqə əvvəl dəhşətli bir hadisə dünyanı sarsıtdı. Məlum oldu ki, ABŞ prezidenti Con Kennedi öldürülüb. MKİ dərhal əmr verdi ki, Kastronun öldürülməsi planı təxirə salınsın. Beləliklə, Kastro o vaxt onu gözləyən ölümdən qurtula bildi. Yalnız 60-cı illərin sonlarında MKİ Kastronu öldürmək planını yenidən həyata keçirməyə cəhd etdi. Onun yuyunduğu hamamın girişinə qoyulan tərliyə zəhər səpilmişdi. Hamama girməzdən əvvəl nədənsə şübhələnən Kastro mühafizəçisinə tərlikləri dəyişdirməyi əmr etdi. Mühafizəçi Kastroya özünün sədaqətini göstərmək və heç nədən qorxmadığını nümayiş etdirmək məqsədilə tərlikləri geydi. Amma tərlik ayağında qapıya qədər gedə bildi və huşunu itirərək yerə yıxıldı. Dərhal məsələ araşdırıldı və tərliyin zəhərləndiyi məlum oldu. Bundan sonra MKİ bir neçə dəfə Kastronu aradan götürməyə cəhd etsə də, hər dəfə uğursuzluğa düçar oldu. ABŞ-ın keçmiş prezidenti Bill Klinton da dəfələrlə belə təhlükə ilə üzləşib. Klintondan qisas almaq istəyən bir neçə nəfər zəhərli kaktus tikanları vasitəsi ilə onu zəhərləmək fikrinə düşmüşdü. Kaktusun tikanlarına zəhərdən əlavə, AİDS virusu da tökmüşdülər. Amma Klintonun cangüdənlərinin sayıqlığı sayəsində bu sui-qəsdin üstü açılmışdı. Bu hadisə ilə əlaqədar 1998-ci ildə üç nəfər həbs edildi. İstintaq orqanlarının araşdırmaları zamanı məlum oldu ki, sui-qəsdçilər yalnız Klintonu deyil, həmin dövrdə ədliyyə naziri Canet Renonu, Federal Təhqiqat Bürosunun rəisi Luis Frayı və digərlərini də eyni metodla öldürmək istəyirlərmiş. Sui-qəsdin arxasında kimlərin dayandığı hələlik sirr olaraq qalır. Niyə? Bu sualın cavabını biz, yəqin ki, uzun müddət bilməyəcəyik. Hər halda, aydın məsələdir ki, tutulan adamlar əyləncə xətrinə sui-qəsd həyata keçirmək niyyətində olmayıblar. Şübhəsiz ki, bu cinayətin arxasında hansısa məqsədlər güdən xüsusi qrup və ya saray elitası dayanmışdı. Hər halda, adı çəkilən məsələnin qabardılmaması bizə bu qənaətə gəlməyə imkan verir. Yeri gəlmişkən, onu da xatırladaq ki, Rusiyadan fərqli olaraq, ABŞ-da sarayla bağlı baş verən hər hansı bir hadisə olduqca gizli saxlanılır və ya ona başqa don geyindirilir. Ümumiyyətlə, zəhərlənmə ilə əlaqədar dünyada ağlasığmaz hadisələr baş verir. Məsələn, bəzən rəqibini zəhərləmək üçün adicə yumruq davasından və ya yumruqla zarafatlaşmadan belə istifadə edilir. Bir neçə il bundan əvvəl Pentaqonda yüksək vəzifəli şəxslərdən birinin qəfildən halı pisləşdi. Onu təcili şəkildə xəstəxanaya çatdırdılar. Məlum oldu ki, o zəhərlənib. Ancaq nədən? Həkimlər, əvvəlcə, zəhərlənməyə məruz qalanın mədəsini yudular və oradan götürdükləri yemək qırıntılarını analiz etdilər. Məlum oldu ki, o, yeməkdən zəhərlənməyib. Bəs onda nədən Pentaqon rəsmisi zəhərlənmişdi? Təsadüfən həkimlərdən biri zəhərlənən şəxslə onun dostu arasında gedən zarafatın şahidi oldu. Zəhərlənməyə məruz qalan adama dostu deyirdi: “Mənim sənə vurduğum yumruq zərbəm çox ağır oldu. İndi də özünə gəlməmisən”.

Qarşısındakı da zarafatlaşdığı adamdan sonra bunun əvəzini çıxacağını söyləyirdi. Həkim dərhal bu zarafatın arxasında nəyinsə dayandığını hiss etdi. O, bu barədə məsələni araşdıran istintaq orqanlarına məlumat verdi. İstintaq orqanı bu iki nəfərin yumruqlaşmasını araşdırdı. Az sonra cinayətin üstü açıldı. Məlum oldu ki, dostundan hansısa bir hərəkətinə görə inciyən adam ondan qisas almaq fikrinə düşür. Bunun üçünsə heç kimin ağlına gəlməyən bir metod seçir. O, barmağına taxdığı qızıl üzüyün üzərinə yalnız mikroskop altında görünə bilən zəhərli iynəciklər qaynaq etdirir. Dostu ilə zarafatlaşarkən barmağında zəhərli üzük olan əlilə onun sifətinə bir neçə zərbə endirir. İynəciklər Pentaqon rəsmisinin sifətini cızır və beləliklə, zəhər onun bədəninə yeriyir. Əgər həkimlərin vaxtında müdaxiləsi olmasaydı, o, zəhərlənərək öləcəkdi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN