‘Kişilər telefonu, şalvarın ön cibinə qoyur. Bu da yumurtalığa təsir edir’ Dekabr 21, 2016

0
667

“14-cü həftəyə qədər hər şey yaxşı idi, qadın məsləhətxanasında da, müalicə olunduğum özəl klinikada da hər hansı patologiyanın olmadığı deyilirdi. Ancaq toksikoz güclü idi, 15-ci həftədə planlı müayinə getdi, özəl klinikada körpənin ürəyi dayanıb dedilər”. Bakı sakini Ülviyyə Əhmədova ilk hamiləliyinin pozulmasından danışır. Onun sözlərinə görə, həkimlər onu qohumla ailə qurmaqda təqsirləndirib, ancaq əri ilə heç bir qohumluğu olmadığını söyləyib: “Biz qohum deyilik. Abort elədilər, o zaman bəlli oldu ki, uşağın ürəyi döş qəfəsinin üzərində imiş”.

O, dölün inkişafında anomaliya yaranması səbəblərini bilmədiyini söyləyir. İndi yenə hamilədir və ümid edir ki, bu dəfə ana olmaq şansını itirməyəcək.

 

Son 15 ildə Azərbaycanda abortların sayı çoxalıb

Gənc yaşlarında ailə quran Ayşə Həsənovanın isə birinci hamiləliyi normal olsa və dünyaya sağlam uşaq gətirsə də, sonrakı hamiləliklərində ciddi problemlər yaşayıb. “Birinci uşağımın iki yaşı olanda hamilə qaldım, 6-7 ayında dedilər, döldə böyrək inkişaf etmir, aborta getdim. İkincisi özü düşdü, üçüncü hamiləliyimdə hər hansı problem yaşamadım, amma uşaq xəstə doğuldu, hələ də dikələ bilmir”, – Ayşə deyir.

Rəqəmlərin gözü ilə

Ötən il Azərbaycanda abortların sayı 2000-ci illə müqayisədə 17 mindən 27 minə çatıb. 15-49 yaş arasında hər 100 doğuşun 16-sı pozulur. Statistikaya görə, mini abortların sayı 8 mindən çoxdur. Ötən il 900 birinci hamiləliyin pozulması halı qeydə alınıb ki, bu da 2000-ci ildən artıq olsa da, sonrakı illərlə müqayisədə azalıb. Hamiləliyin pozulması halları ən çox 25-29 yaşlı qadınlarda müşahidə olunub, təxminən 8 min 500 abort qeydə alınıb. 30-34 yaşlılar arasındakı abortların sayı da 7 mini ötüb.

 

Bəs bu abortların nə qədəri tibbi göstəriş əsasında aparılıb? Statistikada abortların könüllü və ya tibbi göstəriş əsasında aparılması göstərilmir. Ancaq bəzi rəqəmlərin təhlili göstərir ki, 27 mindən çox olan abortların arasında ananın iradəsindən kənar hamiləliyin pozulması hallarının yüksək çəkisi var. Bu halda dölün inkişafını əngəlləyən səbəblər nədir? Bu səbəblər araşdırılırmı?

“Sensorlu telefonlar, qohum nikahlar…”

Ginekoloq Rəna Hüseynova deyir ki, dölün ana bətnində inkişafdan qalması səbəbləri fərqlidir: “Anadangəlmə qusurlar dölün inkişafına mane olur, ətraf mühitin, qidalanmanın böyük təsiri var, əlbəttə. Əvvəllər sensorlu telefonlar yox idi. İndi var və bunun təsiri olduğunu düşünürəm. Kişilər telefonu, adətən, şalvarın ön cibinə qoyurlar. Bu da yumurtalığa təsir edir, spermatozoidlər pozulur”.

Rəna Hüseynovanın sözlərinə görə, Azərbaycanda dölün inkişafını ləngidən, ya onu inkişafdan qoyan əsas faktorlardan biri də qohum nikahlardır: “Xüsusilə də xala oğlu-xala qızı evlilikləri artıb. Elə bil bacı-qardaş evlənir”. Həkimin sözlərinə görə, ölkədə genetik müayinə imkanları geniş olsa da, bundan çoxları yararlanmır: “Hətta elə ana olur ki, birinci hamiləliyi problemli keçib, amma ikinci dəfə bu müayinələrə getmir. Deyirik ki, boş qarına get, analizlər ver, deyir, hamilə qalsam, gedərəm”. Rəna Hüseynova hesab edir ki, Azərbaycanda hələ də bu sahədə tibbi mədəniyyət inkişaf etməyib.

“Hamiləliyin başa çatdırılmaması səbəbləri çoxdur”

Hamiləliyin özbaşına pozulması bütün hamiləliklərin 15-20 faizini təşkil edir. Özbaşına abortların 40-80 faizi hamiləliyin erkən dövründə baş verir ki, bu da əsasən genetik patologiyalarla əlaqəlidir. Bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının üzvü Leyla Məmmədova deyir. Onun sözlərinə görə, hamiləlik müddəti artdıqca özbaşına düşüklərin tezliyi azalır:

“Hamiləliyin başa çatdırılmaması problemi, əsasən, bir neçə səbəbin müştərək qeyd olunması nəticəsində meydana çıxır. Genetik faktorlar (dölün xromosom anomaliyaları), infeksion – iltihabi xəstəliklər, endokrin xəstəliklər, uşaqlığın anadangəlmə və ya qazanılma patologiyaları, məsələn, uşaqlığın inkişaf qüsurları, yəhərvari uşaqlıq, istmiko-servikal çatışmazlıq, hamiləlik patologiyası, məsələn hipertenziv pozğunluqlar, anada ciddi ekstragenital xəstəliklər, zərərli vərdişlər və s. Xarici mühitin zərərli təsirləri, dərman preparatlarının təsiri, hamiləlik zamanı infeksiyalar, stress də hamiləliyin pozulmasına gətirə bilər. Qanın laxtalanma sistemindəki pozğunluqlar da hamiləliyin başa çatdırılmaması səbəblərindən biridir”.

“Bəzən səbəbləri müəyyən etmək olmur”

Ancaq müsahibimiz qeyd edir ki, klinik təcrübədə bəzi hallarda hamiləliyin başa çatdırılmamasının səbəbini tapmaq mümkün olmur. Onun sözlərinə görə, hamiləlik zamanı müayinə üsullarının təkmilləşməsi dölün həyatla uyğunlaşmayan patologiyalarını vaxtında aşkarlamağa imkan verir. “Prenatal skrininq üsulları Azərbaycanda geniş tətbiq olunur. Ultrasəs müayinəsi, ikili test, üçlü test geniş tətbiq olunur, amniosentez üsulu da əlçatandır”, – Leyla Məmmədova əlavə edir.

Komissiya üzvü vurğulayır ki, hamiləliyin başa çatdırılmamasına dair elmi-tədqiqat işləri Azərbaycanda da aparılır. Ancaq o təklif edir ki, istənilən halda, hamiləlik planlaşdıran cütlüklər problemlərlə qarşılaşmamaqdan ötrü öncə həkimə müraciət etsinlər və uyğun müayinələrdən keçsinlər. Həkim onu da diqqətə çatdırır ki, hər hansı bir səbəbdən hamiləliyi pozulmuş qadınlar müayinə olunmalı və müalicə aldıqdan sonra hamiləlik planlaşdırmalıdırlar.

BIR CAVAB BURAXIN