Hərbi ekspert: “Rusiyadan silah alarkən diqqətli olmaq lazımdır”

0
675

 

Son illər Azərbaycan Rusiyanın əsas silah alıcılarından birinə çevrilib və bunu adətən adı çəkilən ölkənin silahının daha ucuz olması ilə əlaqələndirirlər. Lakin Rusiyanın əksər iri hərbi sənaye komplekslərinə ermənilərin rəhbərlik etdiyini və onlarda çoxlu sayda erməni mütəxəssislərin çalışdığını nəzərə alanda təbii ki, sual ortaya çıxır: Ermənilərin rəhbərlik etdiyi Rusiya hərbi sənaye komplekslərindən Azərbaycana satılan silahlara etibar etmək olarmı? Məsələ ilə əlaqədar“Yeniavaz.com”u sualına cavabında hərbi ekspert, ehtiyada olan polkovnik-leytenan Üzeyir Cəfərov ermənilərin rəhbərliyi altında olan Rusiya hərbi-sənaye komplekslərindən silah alınmasına ciddi yanaşılmanın vacib olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, Rusiyanın hərbi sənaye kompleksində çalışan və onların bəzilərində rəhbər vəzifələrdə işləyən ermənilərin Azərbaycana tam yararlı silah satmasına imkan vermələrinə inanmaq çətindir. Üzeyir Cəfərov: “Belə hesab edirəm ki, Azərbaycan bu məsələni diqqət mərkəzində saxlamalı və erməni mütəxəssilərin əksəriyyət təşkil etdiyi silah zavodlarından hərbi texnika alınmasına münasibətdə olduqca ehtiyatlı olmalı, bunun hansısa xoşagəlməz fəsadlara yol aça biləcəyinə həssas yanaşmalıdır. Şəxsən mənə gəlincə, belə hesab edirəm ki, erməni mütəxəssislərin nəzarəti altında olan Rusiya hərbi müəssisələrindən alınan silaha etibar etmək olmaz”,-dedi.

Hərbi ekspert qeyd etdi ki, o bununla Rusiyadan silah alınmasının əleyhinə çıxmır. Sadəcə olaraq erməni mütəxəssislərin çalışdığı hərbi sənaye komplekslərindən silah alınmasına münasibətdə olduqca ehtiyatlı davranılmasını və bu məsələdə ölkəmizə qarşı təxribatlara baş vurulması təhlükəsinə ciddi yanaşılmasını istəyir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN