Bu “qurbanlar”a sevinmək lazımdır

0
742

 11

Hə, o gün sənətçi dostlarımdan biri mənə nə desə yaxşıdır? Dedi ki, bəs kino sahəsində ən böyük problemlərimizdən biri özümüzdə bu sahənin mütəxəssisləri ola-ola xaricdən mütəxəssis dəvət olunmasıdır. Başına döndüyüm tanışım daha sonra yana-yana ərz etdi ki, bəs özü də bu, son zamanlar bir dəbə çevrilib. Halbuki dövlət pulu milli kinonumuzun inkişafına dəstək məqsədilə ayırır. Bu pulları Gürcüstanın, Türkiyənin Rusiyanın operatoruna, qrimçisinə verirsənsə, onda bunun harası milli kinoya dəstək oldu? Üstəlik, bu gün peşəkarlarımızın çox hissəsi işsizdir. Belə olan halda kənardan mütəxəssis çağırmaq nə dərəcədə düzdür? Bir istədim onun dediklərinə yağlı bir cavab verərək canımı qurtarım, amma ürəyinin dolu olmasını nəzərə alaraq bu fikrimdən daşındım. Sadəcə, dedim ki, sən dərdlərini söylə, mən sonda fikrimi bildirərəm.

Bu kəsdiyim şərtlə razılaşan dostum: “Nə deyirəm ki?” – deyərək ərz etdi ki, bəs bu gün teleseriallar ərsəyə gətirən başbilərin əksəriyyəti biri-birindən oğurlamaqla yaşamaq uğrunda mübarizə aparır. Bütün bunlar azmış kimi bəzən aktyorlar bir neçə günün çəkilişlərinə bir gündə cəlb olunurlar. Nəticədə onlara üç-dörd günün qonorarı yerinə bir günün qonorarını verməklə başbilənlər “nələrəsə” nail olmaq istəyirlər. Etiraz edən aktyor da növbəti seriyada “öldürülür”. Bununla da yaranmış problem, necə deyərlər, tam həllini tapır. Belə olmaz axı… Hə, bəs sən nə deyirsən? Amma yenə dinmədim. Sadəcə, dedim ki, dostum, axı biz şərt kəsdik də…

Dostum: “Görünür, bu sahədən başın çıxmır, bəlkə, məni düşündürən digər məsələlərə münasibət bildirəsən?” – deyərək mövzunu dəyişdi. Dedi ki, bəs məhz bu kimi problemlərdən, daha doğrusu, pulsuzluqdan xilas olmaq məqsədi ilə hansısa bankdan kredit alıb. Mən alandan sonra da dolların kursu qalxdı kəlləçarxa. Elə o gündən mənə deyirlər ki, bəs pulu indiki kursla ödəməlisən. Vallah, bilmirəm dərdimi kimə deyim? İndi də bankdan asılı vəziyyətə düşmüşəm. Yalnız bir şeylə rahatlıq tapıram: bu yolun yolçusu tək mən deyiləm. Hazırda əhalimizin, demək olar ki, yarısı banklardan asılı vəziyyətə düşüb. Nədir axı bu millətin günahı? Hə, buna nə deyirsən?

Bir istədim yenə dinməyim. Lakin dostumun daha digər mətləbləri dilə gətirəcəyindən və məni daha çox yoracağından ehtiyatlanaraq dedim ki, bütün bunlara sevinmək lazımdır, sevinmək… Dedi, başına havamı gəlib? Bir istədim deyəm ki, elə havalananın mənim kimi olsun. Amma demədim. Bu yerdə həmin dostuma eşitdiyim bir maraqlı əhvalatı söylədim: bizim əməkdaşımız Ürfan Məmmədli ali məktəbdə oxuyarkən riyaziyyat müəllimi Nəriman Səbziyevin verdiyi misalın həllini sona çatdıra bilməyib. Odur ki, o, bir qədər pərt olub. Ürfan bəyin pərişan olduğundan duyuq düşən Nəriman müəllim ondan soruşub ki, bala, sən hansı rayondansan? Ürfan bəy: “Zərdabdanam”, – deyəndə müəllim ona deyib ki, elə isə heç kədərlənmə, sevin ki, heç olmasa verdiyim misalın xeyli hissəsinin həll etmisən. Axı sən dərsə getməmisən, pambığa getmisən də. İndi, a dostum, onun sözü olmasın sən də sevin ki, indi bizdə də heç olmasa, kino, teleseriallar çəkilir, bəzi aktyorlarımız çəkilişlərdədir, bu yolla başlarını birtəhər girləyirlər. O ki qaldı kreditlərə… Buna da sevin. Məhz bu kreditlər hesabına indi hamı maşın sahibi olmayıbmı? Axı nə vaxta qədər biz hər şeyə mız qoyacağıq? Axı bütün bunlar inkişafımızın işartılarıdır, inkişaf isə sizin sənət aləmində olduğu kimi qurbanlar da tələb edir. Bu qurbanlara da sevinmək lazımdır. Sən isə elə hey gileylənirsən… Dostum nədənsə məni tərs-tərs süzərək: “Heç səndən gözləməzdim”, – dedi

BIR CAVAB BURAXIN