‘İpotekanın yeni sistemində də ilkin ödəniş yüksəkdir’

0
596

11

Yeni ipoteka qaydalarında 15-25 faiz arasında ilkin ödəniş nəzərdə tutulur

Uzun fasilədən sonra ipoteka kreditlərinə müraciət bərpa edilib. Azərbaycan İpoteka Fondu ASC-nin müvəkkil bankları vətəndaşlardan www.e-ipoteka.az internet portalı üzərindən müraciətlərin qəbuluna başlayıb.

Fondun vəsaitləri hesabına verilən kredit qaydalarında yeniliklər var. Əsas yenilik kreditin maksimal məbləği ilə bağlıdır. Yeni qaydaya görə, güzəştli ipoteka kreditləri, ilkin ödəniş 15 faiz olmaqla, illik 4 faizlə 30 il müddətinə, adi ipoteka kreditləri isə, 15-25 faiz ilkin ödəniş və illik 8 faizlə 25 il müddətinə verilir. Hər iki halda maksimum məbləğ 100 min manatdır.

İpoteka krediti istəyənlərin əsas şikayətlərindən biri məbləğlə bağlı idi. Əvvəlki məbləğ – 50 min manat həddi paytaxt Bakıda mənzil almağa yetərli deyildi. Bu həddin 100 min manata qaldırılması həmin problemi aradan qaldırıb. Amma süni əngəllərin olub-olmayacağı, yeni “Elektron ipoteka” sisteminin işə yarayıb-yaramayacağı sualları aktuallığını qoruyu

“İki dəfə artırılmasına ehtiyac vardı”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM-in) rəhbəri Vüqar Bayramov həm sosial, həm də adi ipoteka kreditlərinə maksimum məbləğin artırılmasını əsas yenilik sayır: “Digər yeniliklər – dövlət büdcəsindən ayrılacaq 50 milyon manatla yanaşı, istiqrazlar hesabına əlavə 50 milyon manatın (bütövlükdə 100 milyonun) gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqidir. Mənzil bazarında qiymətlər yüksək olduğundan, 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan məbləğin 2 dəfə artırılmasına ehtiyac vardı”.

“Elektron müraciətə nəzarət gücləndirilməlidir”

Ekspert elektron müraciətdən yararlanmağin önəmini də vurğulayır: “Bir sıra banklarda ipoteka almaqda süründürməçilik və hətta əlavə ödənişin istənilməsi halları vardı. Bu, kreditə əlçatanlığı xeyli məhdudlaşdırırdı. Elektron müraciət belə neqativ halları aradan qaldıra bilər. Bundan ötrü elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsinə və cavablandırılmasına nəzarət gücləndirilməlidir”.

“İndi belə hallar olarsa…”

Əvvəllər kredit götürən şəxsdən hətta 40 faizlik ilkin ödəniş tələb edildiyini söyləyən V.Bayramov bunun özəlliklə aztəminatlı ailələrin kreditdən istifadə imkanlarını son dərəcə məhdudlaşdırdığını deyir. O, yeni qaydalarda ilkin ödəniş məbləğinə müəyyənləşdirilən maksimum hədlərə də münasibətini bildirir:

“Bəzi banklar bu rəqəmlər üzrə spekulyasiya aparıb, ilkin ödəniş tələb etsələr də, söhbət maksimum faizlərdən gedir. Çox təəssüf ki, əvvəllər 40-45 faizlik ilkin ödəniş tələbləri çox müşahidə edilirdi. İndi belə hallar olarsa, dərhal İpoteka Fonduna müraciət etmək lazımdır. Digər tərəfdən, mövcud ilkin ödəniş məbləğləri də yüksəkdir. Xüsusən aztəminatlı ailələr üçün birdəfəlik 15 və ya 25 faiz ödəniş etmək heç də asan deyil. Bu baxımdan, əvvəllər də təklif etdiyim kimi, ilkin ödəniş məbləğinin adi ipoteka kreditlər üzrə 10-15, sosial ipoteka kreditləri üzrə isə 10 faizədək azaldılmasına ehtiyac var. Bu bankların risklərini sığortalamaq imkanını yenə qoruyur, üstəlik, ipoteka kreditlərinə əlçatanlığı artırır”.

Azadliq.org

BIR CAVAB BURAXIN