Ötən əsrin 70-ci illərində SSRİ-nin Qərbi müxtəlif sahələrdə sıxışdırması Amerika qitəsində də yenidən özünü göstərməyə başlamışdı. Bu müstəvidə də 1979-cu ildə Nikaraquada hakimiyyətə SSRİ yönümlü qüvvvələrin gəlməsi öz növbəsində ABŞ-ı narahat etməyə başlamışdı. Bu da əsassız deyildi. Belə ki, Nikaraquada sosializm qurulacağı təqdirdə ABŞ Kubadan sonra özünə daha bir təhlükənin yarana biləcəyindən təşviş keçirirdi. Həmin vaxt ABŞ-ı idarə edən və sovet rejiminə xüsusi nifrəti ilə seçilən Ronald Reyqan Amerika qitəsində Nikaraquanın simasında daha bir sosializm ölkəsini görmək istəmirdi. Reyqan bununla əlaqədar ətrafındakılara Nikaraquanın sosializm yolunu seçməsinin çox təhlükəli olacağını və bu “virus”un digər ölkələrə də yayıla biləcəyi və ona qarşı mübarizənin qaçılmaz olacağını söyləmişdi. Buna uyğun olaraq da Reyqan SSRİ yönümlü güclərin hakimiyyətdə möhkəmlənməsinə yol verməmək üçün Nikaraquada hökumət əleyhidarı güclərin silahlandırılması və onların yerli hökumətə qarşı partizan müharibəsinə başladılması barədə MKİ şefi Uilyam Keysiyə göstəriş verdi. Bu işi təkbaşına görə bilməyəcəyini anlayan Uilyam Keysi isə öz növbəsində Nikaraquada mövcud rejimin devrilməsini nəzərdə tutan əməliyyat hazırladı. Bu əməliyyata əsasən Argentinanın xüsusi təlim görən güclərinin -“kontras”ın yardımı ilə Nikaraquadakı üsyançılara yardım göstərilməsi və onların vasitəsi ilə SSRİ meyilli hökumətin devrilməsi nəzərdə tutulmuşdu. Nəticədə Nikaraquada hökumət əleyhinə üsyan MKİ tərəfindən körükləndi. Üsyançıların tərkibində MKİ tərəfindən bölgəyə göndərilən 2000 nəfərdən artıq xüsusi təlim görən casus-təxribatçılar fəaliyyət göstərirdilər. Onlar təcrübəli hərbçilər idilər və Argentinadan olan kontrasların vasitəsi ilə hökumət qüvvələrinə ən gözlənilməz yerlərdən zərbələr vururdular. ABŞ-ın özünün də daxilində MKİ-nin bu əməliyyatlarda birbaşa iştirak etdiyindən və üsyana nəzarəti özələrində saxladıqlarından xəbərləri var idi. Lakin həmin dördə Fidel Kastronun rəhbəri olduğu Kuba da Nikaraquadakı rejimə hərtərəfli yardım göstərməkdə idi. Bəzi məlumatlara görə hökumət qüvvələrinin tərkibində Kubadan göndərilən 20 min nəfərdən artıq muzdlu iştirak edirdi. Buna paralel olaraq Kastro Kubanın yeni qardaşını dəstəkləmək məqsədi ilə Nikaraqua hökumətinə silah və maliyyə yardımları göstərirdi. Bu da MKİ-nin rejimi devirməsi yolunda ciddi əngələ çevrilmişdi. Nəticədə Nikaraquada MKİ tərəfindən körüklənən partizan müharibəsi uzanmaqda davam edirdi. Bu da təbii ki, ABŞ-da narahatlıqla qarşılanmaqda idi. 1982-ci ildə ABŞ-ın tanınmış jurnalistləri MKİ-nin Nikaraquadakı münaqişəni körükləməsinin yolverilməzliyi və bundan narahat olduqları barədə Ağ Ev rəhbərliyinə açıq etiraz məktubu ünvanladılar. Onlar Nikaraquada baş verən hadisələrdə MKİ-nin fəal iştirak etməsini pisləyir və bunun minlərlə günahsız insanın ölməsinə yol açmasının ABŞ-ın beynəlxalq imicinə zərbə vurduğunu qeyd edirdilər. Jurnalistlərin bu narazılığı öz növbəsində Konqresdə də əks-səda verməkdə idi. Nəticədə 1982-ci ildə Konqres ABŞ hökumətinin kontrasa yardım göstərməsini pisləyən qanun qəbul etdi. Lakin bu qanun MKİ-nin Nikaraquadakı hadisələrdə fəal iştirak etməsinin qarşısını ala bilmədi. Ona görə də 1984-cü ildə Konqres yenidən Nikaraquadakı olaylarda MKİ-nin kontrasa yardımını qadağan edən növbəti qanun qəbul etdi. Yalnız bundan sonra hökumət MKİ-nin bu əməliyyatlardakı iştirakını qismən də olsa məhdudlaşdırmağa məcbur oldu. Nikaraquadakı üsyançıları maliyyə baxımından təmin etmək məqsədi ilə Milli Təhlükəsizlik Şurasının üzvü, dəniz piyadaları zabiti Oliver Nort MK;-nin göstərişi ilə həmin dövrdə İraqla müharibə aparan İrana Amerika raketlərinin satılmasını təşkil etdi. İsrailin yardımı ilə həyata keçirilən bu əməliyyat isə öz növbəsində “İran-kontras” adını aldı. Nort izi itirmək məqsədi ilə öz adına olan xüsusi kompaniya təsis etmişdi. Bu kompaniya Beyrutdakı İran yönümlü güclərin girov kimi saxladıqları Amerika vətəndaşlarının azad edilməsini planlşadırmışdı. İrana raket satılmasından əldə edilən maliyyə isə kontrasın saxlanılmasına və Nikaraquadakı üsyançıların silahla və pulla təmin edilməsinə xərclənirdi. Amma 1986-cı ildə “İran-kontas” əməliyyatından bütün dünya xəbər tutdu. Nəticədə 1987-ci ilin mart ayında Konqres “İran-kontras” əməliyyatını müzakirə etməyə məcbur oldu. Baş verənlərin isə hamısında MKİ deyil, Nort özü şəxsən günahlandırıldı. Bununla belə Nort MKİ-nin yardımı ilə yüngül cəza ilə canını qurtara bildi. Nikaraquada isə hökumət üsyançılarla sülh bağlayaraq birgə seçkilərə getməyə məcbur oldu. 1990-cı ildə keçirilən bu seçkilərdə sosialist yönümlü hökumətin prezidenti Daniel Orteqa məğlub oldu. Bununla da Nikaraquada qarışıqlığa son qoyuldu. Lakin bundan bir neçə il sonra Orteqa yenidən prezident seçkilərdə qalib gəldi. Hazırda da o ölkəni idarə edir. Lakin Nikaraquadakı sosializmin hazırda belə demək mümkünsə ancaq adı qalıb. Ölkə sosializmlə kapitalizmin qarışığından ibarət bir quruluşda yaşamaqdadır.
Əziz Mustafa