Rusiyanın Maliyyə naziri Anton Siluanov bir neçə gün öncə Rusiyanın 2017-2019-cu illər üzrə büdcə layihəsində ölkənin sosial xərclərinə yenidən baxıla biləcəyini bildirib.
Amma Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvanın təklif etdiyi büdcəni “Çeçenistan Respublikasından ötrü qəbuledilməz” sayıb. O deyib ki, respublika “yenicə ayaqları üzərində dayanır”, Çeçenistan federal ölkənin digər respublikaları kimi eyni maliyyə məhdudiyyəti ilə üzləşə bilməz.
Kadırov bir çox problemləri olduğunu vurğulayıb və misal kimi, Çeçenistanda məktəb çatışmazlığını göstərib. O deyib ki, məktəb binası çatışmadığından uşaqlar üçnövbəli oxumağa məcburdur. Kadyrov-un fikrincə, Çeçenistanda əsas iqtisadi baza inkişaf etdirməlidir.
ARQUMENTLƏRİ ZƏİFLƏDƏN SƏBƏBLƏR
Amma onun bu arqumentlərini zəiflədən bir neçə amil var:
Birincisi, Kadırov-un rəhbər olduğu 12 ildə Qroznı və digər böyük şəhərlər yenidən qurulub və infrastruktura böyük həcmli investisiya yatırılıb. Kadırov bu ilin martında Çeçenistan hökumətinin yığıncağında vurğulayıb ki, respublika müharibədən sonra inkişaf dövrünə görə regionda liderlərdən biridir.
Avqustda Kadyrov Rusiya prezidenti Vladimir Putinə bildirib ki, bu ilin ilk 6 ayında sənaye istehsalı 11,6 faiz, kənd təsərrüfatı məhsuldarlığı 7,4 faiz artıb.
İkincisi, məktəb çatışmazlığının səbəbi başqadır, axı, Çeçenistan doğum səviyyəsinə görə Rusiya Federasiyasında öndə gedir. Məktəblə bağlı eyni problem İnquşetiya və Dağıstanda da məhz eyni səbəbdən mövcuddur.
Kadırov nə hökumətin iclasında, nə də “İnterfaks” informasiya agentliyinə müsahibəsində 2016-cı illə müqayisədə 2017-ci ildə kəsiləcək büdcə xərclərini göstərib.
“ÇEÇENİSTAN UZUN İLLƏR XÜSUSİ İMTİYAZ DAŞIYIB”
Ancaq Sosial Siyasət Müstəqil İnstitutunun iqtisadçısı Natalya Zubarevich yada salır ki, Çeçenistan uzun illər federal büdcədən xüsusi imtiyazla maliyyələşdirilib. Məsələn, bu ilin ilk yarısında bəzi regionlar federasiya büdcəsindən 12 faiz az subsidiya aldığı, onlardan 68-nin büdcəsi kəsildiyi halda, Çeçenistan 2015-ci illə müqayisədə 14 faiz daha çox büdcə alıb.
2015-ci ildə Çeçenistan büdcəsinin 81 faizini federal büdcənin subsidiyası təşkil edib.
Kadyrov təklif edib ki, Çeçenistanın kəsilən büdcəsindəki xərclər başqa mənbədən maliyyələşdirilsin. O, başqa mənbə kimi Çeçenistanın İqtisadi və Sosial Sahənin Bərpası Federal Proqramını göstərir. 2002-ci ildə başlayan bu proqram effektsizlik ucbatından 2007-ci ildə dayandırılıb.
MOSKVA SUSUR
Moskva Çeçenistana əlahiddə yanaşacağını və Kadyrov-un daha çox pul tələbini qarşılayacağına heç bir işarə verməyib. Putin-in mətbuat katibi Dmitry Peskov bu məsələ ilə bağlı sualların cavabında bildirib ki, büdcə müzakirələri Dövlət Dumasında ardıcıl aparılacaq və xərclərə “yalnız bir regionun maraqlarından yox”, bütün ölkə üzrə baxılacaq.
Ekspertlərin fikrincə, Moskva iki səbəbdən Çeçenistanın subsidiyasını kəsməyə qərar verib.
Birinci səbəb respublikanın neft saflaşdırılması və neft kimyası sənayesinə nəzarət edən Çeçennefteximrom şirkətinin gəlirlərindən verginin artacağıdır. İkinci səbəb odur ki, ölkə əhalisi rəsmi göstəriləndən azdır. Rəsmi rəqəmə görə, Çeçenistanın əhalisi 1,3 milyondur, ancaq güman edilir ki, 180 minə yaxın çeçen Avropaya, Türkiyə və Yaxın Şərqə miqrasiya edib.
Putin-in Şimali Qafqaz üzrə Dövlət Proqramını mümkün qədər maliyyələşdirilməsini tapşırmasına baxmayaraq, layihənin büdcəsi kəsilə-kəsilə gedir. 2017-ci ilin proqram büdcəsi ötən ay 491 milyon dollar, indi isə 212 milyon dollara endirilib. Ancaq Şimali Qafqaz üzrə nazir Lev Kuznetsov bildirib ki, proqramın əsas hədəfi respublikaların vergi bazasını artırmaqdan ötrü investisiya cəlb edilməsidir, nəinki sosial, təhsil və səhiyyə problemlərin həllidir. Və bu layihə gələn il kəsilən büdcə xərclərini kompensasiya etmir.
Bununla belə, Kadyrov, hökumətinin büdcə layihəsi ilə bağlı düzəlişlərini parlamentin müzakirəsinə təqdim edib.
Azadliq.org