Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır.
Orada qurulmuş sistemi əsasən nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi “kassada”, yaxud oğru dünyasında olduğu kimi “obşak”da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı.
Məlum olur ki, nazir Əli Abbasovun aylıq “paketi” 200-300 min manat, nazir müavinlərinin “paketi” isə 30 min manat və daha çox olub.
Keçmiş “baş poçtalyon” əvvəl susdu, sonra açıb hər şeyi danışdı
Ötən il Eldar Mahmudovun “ulduzu” sönəndən sonra MTN-dəki qruplaşmanın “krışalıq” etdiyi bu nazirlikdə aparılmış yoxlamalar, şübhəlilərin verdikləri ifadələr göstərir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən yoxsul strukturu olan “Azərpoçt” MMC-dən də babat yeyiblər. Hansı ki, “Azərpoçt”un sıravi işçiləri qəpik-quruş maaşa möhtacdır , bəzən aylarla onu da ala bilmirlər.
Nazirlikdəki korrupsiya ilə bağlı həbs olunanlardan biri də “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevdir. Virtualaz.org xəbər verir ki, cinayət işinin istintaqı zamanı ilkin və yenidən ittiham elan edilərkən “Azərpoçt” MMC-nin sabiq baş direktoru sualları cavablandırmaqdan imtina edirmiş. Lakin sonradan vəkilinin və özünün qaldırdığı vəsadət əsasında dindirilib. Və Bəybalayev nazir Əli Abbasov və onun aparat rəhbəri Vidadi Zeynalovu ifşa edib.
İstintaq sənədlərinə əsasən Qəmbər Bəybalayev ifadəsində deyib ki, ona qarşı irəli sürülən mənimsəmə ittihamları üzrə özünü təqsirli bilmir. Çünki nazirliyin rəhbərliyi “Azərpoçt” MMC üzərindən pulların 35 faizlik “otkat” və xərclərin şişirdilməsi yolu ilə mənimsənilməsini təşkil etsə də onun özü həmin pullardan pay götürməyib.
Əli Abbasovun və Vidadi Zeynalovun korrupsiya maşını necə işləyirdi
Bəybalayevin sözlərinə görə, onun vəsaitin qiymətlərin şişirdilməsi yolu ilə a rəsmiləşdirilməsində və ayrılmasında, eləcə də nağdılaşadırılmasında iştirakı olmayıb. Çünki təmir-tikinti işləri ilə bağlı layihələr Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov tərəfindən müvafiq idarələrdə şişirdilmiş qiymətlərlə təsdiq etdirilirdi. Buna uyğun şəkildə dövlət büdcəsindən və Nazirlikdən vəsait ayrılaraq Zeynalovun tapşırdığı özəl təşkilatlara köçürülürdü.
“Həmin özəl şikətlərin heç biri mənə, yaxınlarıma və qohumlarıma məxsus olmayıb. Onların hamısı Vidadi Zeynalovun özünə, yaxın adamlarına, nazirin yaxın şəxslərinə məxsus idi. Ona görə də bu işlər üçün ayrılmış vəsaitdən mənə hansısa səbəbdən pul verilməsi mümkün deyildi. Çünki, vəsait nazirlik tərəfindən ayrılırdı və sonra nazirliyin rəhbərliyinin tapşırığına əsasən onların özlərinə bağlı şirkətlərə ödənilirdi”-keçmiş “baş poçtalyon” deyib.
Bəybalayev vəsaitlərin nəğdləşdirilməsi və bununla bağlı rəsmiləşmə işləri ilə də məşğul olmadığını deyib. Keçmiş baş direktorun bildirdiyinə görə vəsaitin ayrılması ilə bağlı məktublar Nazirliyin Kollegiyasının qərarına uyğun olaraq ona ünvanlanırdı və işlər üzrə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət etmək tapşırılıdı.
Lakin, həmin məktublar formal xarakter daşıyırdı. Çünki kollegiyanın qərarı ümumi xarakter daşıyırdı, vəsait ayrılandan sonra isə Vidadi Zeynalov və ya onun kurasiyalıq etdiyi mühasibatlıq şöbəsinin əməkdaşları tərəfindən şifahi olaraq vəsaitin konkret təşkilatlara köçürülməsi tapşırılırdı.
“Pulları bağlamada Vidadi Zeynalova verirdim, mənə heç nə çatmırdı…”
“Azərpoçt” MMC-yə ayrılmış pul vəsaitinin 35 faiz hissəsinin nağdılaşdırılması və onun müvafiq qaydada bölünməsi ilə bağlı keçmiş baş direktor deyib ki, Vidadi Zeynalov bu puldan ona da pay çatdığını yalandan deyir. Çünki vəsaitdən ona hər hansı məbləğdə pul qalmayıb: “Mən ümumiyyətlə iş görən şirkətlərlə faiz məsləsində müzakirənin aparılmasında, bununla bağlı razılığın əldə olunmasında iştirak etməmişəm. Həmin şirkətlərin nümayəndələri ilə hər hansı ünsiyyətim olmayıb. Vidadi Zeynalovun tapşırığına uyğun olaraq şirkətlərin nümayəndələri Sübhan Kazımovla əlaqə saxlayıb və ona hansısa məbləğdə pul vəsaiti verib, ya da birbaşa Vidadi Zeynalovun özü ilə əlaqə saxlayıb pulu ona təqdim verirdilər. Sübhan da pulu qəbul etdiyi kimi, yəni açıq şəkildə deyil, bağlamada Vidadi Zeynalova çatdırmaq üçün ona və ya Vüqar Əfəndiyevə verirdi. Mən özüm də pulları bu cür bağlamada Vidadi Zeynalova çatdırmışam”.
Bəybalayevin dediyinə görə, ona sonradan məlum olub ki, Vidadi Zeynalov həmin vəsaitdən nazirin göstərişinə uyğun olaraq konkret vəzifəli şəxslərə və onları himayə edən başqa şəxslərə “paket” şəklində aylıq ödənişlər edib.
Ayda 30 min alırmış, ancaq hərdən…
Ancaq istintaqda Vidadi Zeynalov deyib ki, “Azərpoçt”dan əsasən ayda 30 min manat olmaqla “haqq” alırdı və pulların 5 faizini də Bəybalayevə verirdi. Aparat rəhbəri deyib ki, “Azərpoçt”u hər ay “sağmaq” mümkün olmurdu, çünki bəzi hallarda bu idarə ziyanla işləyirdi. V.Zeynalovun bildirdiyinə görə, o, “Azərpoçt”MMC-dən və digər strukturlardan yığılan aylıq haqqa dair yazılı hesabat hazırlayıb nazirə təqdim edirdi. Nazir isə pulları necə bölüşdürmək barədə tapşırıq verirdi. “Bəzən elə olurdu ki, yığılan pullardan artıq qalırdı, onu da növbəti aya saxlayırdıq”-Zeynalov deyib.
Keçmiş Aparat rəhbəri “Azərpoçt” MMC-dən pulları ona Qəmbər Bəybalayev və ya baş mühasib Vüqar Əfəndiyev çatdırırdı. Ancaq “Azərpoçt” MMC rentabelli təşkilat olmadığından bu müəssisə üzərindən pulları həzm-rabedən keçirməyin başqa yollarını fikirləşiblər. Zeynalov deyir ki, nazirlik büdcə vəsaitləri hesabına və nazirliyin digər rentabelli təşkilatlarının hesabından həmin MMC üçün avadanlıqların alınması, yeni binaların tikilməsi və təmiri üçün Nazirliyin digər rentabelli təşkilatlarından borc adı altında pul vəsaiti köçürüb.
Vidadi Zeynalov: “35 faizlik “otkat” alırdıq…”
Zeynalov deyir ki, bu köçürmələr 2009-2015-ci illərdə olub. Pullar köçürülməzdən əvvəl o, Bəybalayevə və Əfəndiyevə tapşırırmş ki, həmin vəsaitlər hansı şirkətlərin hesablarına köçürülməlidir. Və bu pulun bir qismi tikinti işlərinə xərclənməli, qalanı isə “otkat” şəklində nazirliyə geri qayıtmalı idi.
Zeynalovun dediyinə görə, MMC-yə ayrılan pullardan “otkat” cəmi 35 faiz təşkil edirdi. Ancaq bəzən bu faiz alınmırdı, çünki şirkətlərin bir qismi pulu qaytarmaq istəmirdi. Aparat rəhbərini deyir ki, “otkat”ın 5 faizini “Azərpoçt”un rəhbərliyinə verirdi. 30 faizi isə nazirliyə çatırdı.
Baş mühasib Vüqar Əfəndiyevin istintaqa verdiyi ifadədən isə məlum olur ki, “Azərpoçt” MMC üzərindən pulların mənimsənilməsi əməliyyatında iştirak edən şirkətlərin bir qismi bunlardır: “Avtomatika-Mexanika” MMC, “Aypara-Co” MMC, “Tikinti-Sevis” MMC, “Universal-Cars” MMC, “Qafqaz-S İnşaat” MMC, “PLZ” MMC, “A Construction” MMC, “Araz İnşaatçı” MMC, “Cavad-2011” MMC, “PRİ” MMC, “Xəzər” MMC, “Violin Travel” MMC, “Trans Servis” MMC ,“Tələt” MMC. Və baş mühasib də pulların Vidadi Zeynalovun göstərişi ilə bu şirkətlərə köçürüldüyünü, “otkat” şəklində geri alınan pulları isə hər ay aparıb ona verdiyini təsdiq edib.
F.Məmmədov
Virtualaz.org