6 avqust 1945-ci il – 45 saniyə gecikən təyyarə və 300 min insan taleyi…  

0
637
Bəşər tarixinin ən dəhşətli hadisələrindən biri Yaponiyaya üç gün ərzində iki dəfə atom bombasının atılmasıdır. 6 avqust 1945-ci ildə atom bombası Xirosimaya, həmin tarixdən üç gün sonra isə 9 avqust tarixində Naqasakiyə atılıb. Yaponiyanı müharibədə təslim etmək üçün məhz bu vasitədən istifadə edilib.

14 avqust 1945-ci ildə çıxılmaz vəziyyətdə qalan Yaponiya təslim olmaq məcburiyyəti qarşısında qalıb. Yaponiya imperatoru Hirahito amerikalı general Duqlas Makarturla İkinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən və təsdiqləyən müqaviləni imzalayıb.

Təbii ki, digər tərəfdən də Amerika Birləşmiş Ştatları öz hərbi qüdrətini dünyaya nümayiş etdirmək üçün bu dəhşətli olaya imza atıb.

Atom bombasının Yaponiyaya atılması nəticəsində Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 160 mindən artıqdır.

Həmin hadisələrin birbaşa iştirakçısı və icraçısı olan, avqustun 6-da birinci atom bombasını daşıyan “Enola Gay” təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri və ən uzunömürlüsü Teodor Van Kirk olub. 1921-ci ildə Amerikada anadan olan Van Kirk Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrində xidmət edib. Kapitan rütbəsinə yüksələn Van Kirkin 1942-1944-cü illərdə Amerikanın hüdudlarından uzaqlarda 58 hərbi döyüş uçuşu olub. 1944-cü ilin noyabr ayından isə Yaponiyada keçiriləcək əməliyyata hazırlıq təlimlərinə başlayıb. Teodor Van Kirk öz xatirələrində həmin günü belə xatırlayıb:

“1944-cü ilin sonlarından biz Yuta ştatında xüsusi təlimlərə başlamışdıq. Bu təlimlər tam məxfi keçirilirdi. 12 nəfərdən ibarət heyət üzvləri bu təlimlərin ciddi və xüsusi olduğunu dərk edirdilər. Heç kim atom bombası sözünü dilə gətirmirdi və bu haqda bizə məlumat verilmirdi. Keçiriləcək əməliyyata məsul olan yüksək çinlilər sadəcə bizə söyləyirdilər ki, təyyarədə apadığınız hərbi sursat bütöv bir şəhəri məhv edəcək. Təlimlərdə tez-tez alimləri də görürdük. Sözsüz ki, biz yaxşı başa düşürdük ki, nəzərdə tutulmuş hədəfə atom bombası atmalıyıq. Avqustun 5-də Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirildi. Müvafiq göstərişlər və tapşırıqlar verildikdən sonra bizə dedilər ki, indi gedib yaxşıca dincəlməlisiniz. Təyyarənin bortunda atom bombası olan heyət üzvləri yata bilərdimi? Sözsüz ki, yox. Düz uçuş başlanana qədər poker oynadıq. Avqustun 6-da saat 2.45-də adadan hədəfə doğru uçuşa başladıq. 2800 km məsafə qət etməliydik. Lazım olan yerə cəmisi 45 saniyə gecikmişdik. Bu çox yaxşı göstərici idi. Mən saat 9.15-də bort jurnalında qeydiyyat apardım: “Saat 9.15. Atom bombasını atırıq”.
43 saniyədən sonra Xirosima şəhərinin 580 metr hündürlüyündən bombanı aşağı buraxdıq və dərhal təyyarəni sürətli sıçrayışla daha hündürlüyə qaldırdıq. Bir göz qırpımında baş verən dəhşətli partlayışı hamımız hündürlükdən seyr edə bildik. Partlayışın tükürpədici səsindən isə bizə elə gəldi ki, təyyarə parça-parça olacaq. Əməliyyat uğurla başa çatmışdı. Möhkəm yorulmuşdum. Geri qayıdan kimi rahat yatdım…”.


Ömrünün son illərinə qədər Van Kirk müntəzəm olaraq jurnalistlərlə həmsöhbət olub, onların suallarına cavab verməkdən
yayınmayıb.

– Keçirdiyiniz əməliyyat neçə-neçə insanın həyatına son qoyacağını biləndə hansı hissləri keçirirdiniz? – sualını Van Kirk belə cavablandırıb:

“Mən öz dövlətimin mənafeyini qoruyurdum. Mənim üçün ən başlıca şərt döyüş tapşırığını lazımınca yerinə yetirməkdir. Digər bir tərəfdən müharibənin qurbanları olmalıdır. Siz mənə müharibə etməyin elə bir yolunu göstərin ki, orda insan ölümü olmasın…”.

– Bu əməliyyatda iştirakınıza görə təəssüf və peşmançılıq hissləri keçirirsinizmi? – sualına isə Van Kirk belə cavab verib:

“Qətiyyən. Mən qürur hissi duyuram ki, məhz bu əməliyyatın iştirakçısı olmuşam. Müharibə avqustun 14-də sona çatdı. Biz atom bombasını atmasaydıq kim bilir bu savaş nə vaxt qurtaracaqdı. Əslində, nəticə etibarı ilə bu atom bombası çox insanların həyatını xilas etdi. Kim deyə bilər ki, müharibə davam etsəydi həlak olanların sayı nə qədər olacaqdı. Mən o səhnələri görməyi heç kimə arzulamıram. Birinci atom bombasını biz atdıq. Dua edirəm ki, bir daha bu təkrarlanmasın. Hərçənd ki, buna inanmıram…”.

Teodor Van Kirk hərbi xidmət illərində bir sıra orden və medallarla təltif edilib. O, 1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Hava Hücumu Qüvvələrindən zabit kimi ehtiyata buraxılıb. 1949-1950-ci illərdə Baknell universitetində təhsil alıb. Sonralar isə müxtəlif təşkilatlarda mühəndis texnik kimi fəaliyyətini davam etdirib.
Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan “Enola Gay” təyyarəsinin bort jurnalını hərraca çıxarıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb. Bu qədər gəlirin əldə olunmasına baxmayaraq Van Kirk 93 yaşında qocalar evində vəfat edib.

“Enola Gay” təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır. İlham Cəmil\Modern.az

BIR CAVAB BURAXIN