Ruslan Əliyev regionların qazlaşdırılması istiqamətində görülən genişmiqyaslı işlərlə tanış olub-VIDEO

0
1330

SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması, habelə qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.

Qanunla.Az xəbər verir ki, Birliyin baş direktoru Ruslan Əliyev görülən işlərlə yerindəcə tanış olmaq məqsədi ilə regionlara səfər edir. Birlik rəhbəri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birgə rayonun Yemişanlı kəndində qazlaşdırılma işlərinin son vəziyyəti ilə yaxından maraqlanıb. Baş direktora məlumat verilib ki, kəndin küçə qaz xətlərinin çəkilməsi üçün layihə üzrə uzunluğu 31480 m müxtəlif diametrli polad borulardan istifadə olunacaq. Artıq 10045 m uzunluğunda xəttin çəkilişi işləri yekunlaşıb. Ruslan Əliyev qış aylarında havanın kəskin dəyişəcəyini bildirərək, işlərin daha sürətli şəkildə yekunlaşdırılmasına dair tapşırıq verib. Daha sonra bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Növbəti səfər İsmayıllı rayonunun Qoşakənd kəndinə olub. Ruslan Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ilə birlikdə kənddə görülən işləri yaxından izləyiblər. 212 fərdi yaşayış evi olan kəndin küçə qaz xətlərinin çəkilməsi üçün 13500 m uzunluqda xəttin, 10000 metr hissəsinin çəkildiyini öyrənən baş direktor bu ünvanda da işlərin daha tez yekunlaşdırılması ilə bağlı göstəriş verib. Görüş zamanı işçilərlə görüşərək onların qayğıları ilə maraqlanan baş direktor bir qrup Birlik əməkdaşını SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.