0
998

Mirzə Əli Möcüz Şəbüstəri ümid edirdi ki, zaman gələcək Qərb millətləri kimi müsəlman xalqları da oyanıb öz istiqballarını əldə edəcəklər. Çünki əvvəlki dövrlərdən fərqli olaraq artıq müsəlman xalqlarında da milli oyanış və tərəqqi duyulmaqdadır. Bunun üçün vətənini, millətini və dinini sevən müsəlmanlar elm öyrənməli və cəhalətə son qoymalı, qəflət yuxudundan oyanmalıdır: Niyə, ya rəb, belə xar oldu əzizani-vətən? Düşmən elmilə bizi eylədi həmmal özünə, Kim zəlil etdi bizi? – Cəhl! A müsəlmani-vətən! Vətənsiz cismidi, siz də vətənə can kimisiz, Razı olmun qala cansız vətən, ey cani-vətən! Möcüz hesab edirdi ki, Qərb millətlərinin oyanması və tərəqqi etməsinin əsasında isə onların din ilə dövləti, dini elmlərlə dünyəvi elmləri bir-birindən ayırması, xüsusilə dünyəvi elmlərin öyrənilməsinə mühüm yer verməsi həlledici rol oynamışdır. Belə ki, dünyəvi elmləri öyrənməklə Qərb millətləri bir çox sahələrdə kəşflər və ixtiralar etmiş, bununla da cəhalət və nadanlıqdan birdəfəlik qurtulumuşlar. Ancaq bütün bunlara baxmayaraq, Şərq millətləri, xüsusilə İslam Şərqi ölkələri bundan nəinki nəticə çıxarmış, üstəlik elmi kəşfləri və ixtiraları şeytan əməli adlandıraraq, cəhalət və nadanlığı, dini xurafat və dini mövhumatı bir az da artırmışlar: Həram etdi sizə təhsili-elmi alimi-cahil, Binayi-elmi yıxdı, eylədi zirü zəbər, millət. Cəhalət eylədi İranı viran, milləti fəhlə, Nəçün məzlumdur, yarəb, bizim bu dərabədər millət! Onun fikrincə, bir millət o vaxt tərəqqi edər ki, mədəniyyətini, etiqadını, adət-ənənələrini düzgün qavrasın. Ancaq müsəlman xalqlar bütün bunları dərk etməklə kifayətlənməməli, eyni zamanda zamanın tələbləri ilə ayaqlaşmalı, yəni oyanmalı və cəhalətə birdəfəlik son qoymalıdır: Nə yatıbsan, ayıl, ey milləti-biçarə ayıl! Xabi-qəflətdə basar, qorxuram üdvan səni! Serb ayıldı yuxudan, sən hələ xorna çəkisən, Nə əcəb hala qoyub nəşəyi-qəlyan səni! Şəbüstərə görə, əgər müsəlman xalqları vaxtında ayılmasa inkişaf etmiş “laməzhəblər” – Qərb millətləri ondan geridə qalan millətləri, o cümlədən müsəlman xalqlarını öz müstəmləkələrinə çevirəcəkdir. Bu baxımdan Möcüzün “Ey müsəlmanlar!” şeiri də çox ibrətamizdir: Bu laməzhəblər, ey qardaş, gülüstan etdi dünyani, Kəfənpüşani-qəbristanə – zindan, ey müsəlmanlar! Nə meyittdən həya eylər, nə seyiddən, nə molladən, Niyə qorxmur xudadən əhli-İran, ey müsəlmanlar?! Deyirlər əl basıb bunlar – üzü qırxıq müsəlmanlar, Təcəddüdxah olan xanlar bə Quran, ey müsəlmanlar! O, “Ustad” şerində də göstərirdi ki, “laməzhəb” qərblilər, o cümlədən ingilislər müəllimlərinə, ustadlara qulaq asaraq, onlardan öyrənərək cəhalətin daşını birdəfəlik atdılar. Üstəlik, onlar müəllimlər sayəsində tərəqqi edərək nəinki Avropada, eyni zamanda müsəlman ölkələrində də ağalıq etməyə başladılar. O, yazırdı: Kimin əlindədir indi Mədinəvü Məkkə, O pak yerlərimiz: Kərbəla, Nəcəf, Bağdad? Səsin çıxartma, amandır ki, başım üstə durub Əlində tiği-düsər ingilisi-bədbünyad… Gəlin gedək, oxuyaq, biz də əhli-Qərb kimi Ki, bəlkə əl çəkə bizdən o niaman cəllad. O, doğru yazırdı ki, başqa millətlər varislərinə elm miras qoyduqları halda, hələ də müsəlman xalqlarının mirası kəfən və cənnətdir. O, bir şeirində bunu belə müqayisə edirdi: Çıraqi-bərqilə dünyanı rövşən eylədi kafər, Müsəlman, sən nə etdin ixtira, verdin xəbər xəlqə? Amerika alimi xəlq etdi bir dəsgah ahəndən (radio), Gəhi dəf çaldı ahən, gahi ney şamü səhər xəlqə. Şəbüstəri onu da doğru yazırdı ki, öz milli dəyərlərindən və milli sisitemindən uzaq düşən xalqlar, başqaların təsiri altında ancaq təqlidçiliklə məşğuldur. O, yazırdı: Xoruz kimi niyə millət qanad çakıb bannır? Olaydı kaş bunun bir ağıllı fəlsəfəsi. Möcüz yaradıcılığında islamın bəzi dini ayin və mərasimlərinə də toxunmuş, bu məsələ də nöqsanları göstərməyə çalışmışdı. Məsələn, o hesab edirdi ki, müsəlmanların orucluq bayramı heç də islamın ruhuna, qayda-qanunlarına uyğun həyata keçirimir. Onun fikrincə, buna səbəblərdən biri orucluğun əsl mahiyyəti və mənası barədə əksər müsəlmanların xəbərsizliyi, digər isə yalançı ruhanilərin və mollaların bu mərasimdən sui-istifadə etməsidir. Məhz bunun nəticəsidir ki, oruculuq müsəlmanların xeyir və bərəkətinə, ruhi və maddi cəhətdən sağlamlaşmağına xidmət etməli olduğu halda, yalançı ruhanilərin və əksər müsəlmanların cahilliyi səbəbindən başqa mənalara yozulur. Möcüz “Mübarək ay” şeirində bu münasibətlə yazırdı: Molla bir aydır deyir məsələyi-heyzidən, Qan tökülür məscidə lətteyi-xurnizidən, Heyf ki, aclıq bu gün qoydu məni feyzidən Lal olasan, ey kişi, saldın ayaqdan məni. Möcüz hesab edirdi ki, müsəlmanlar məhərrəmlik mərasimində İmam Hüseyni (ə) layiqincə yad etmirlər. Belə ki, İmam Hüseyn (ə) Kərbəlada düşmənlə mərdanə cəng etdiyi, ləyaqətlə şəhədatə qovuşduğu halda, özünü onu davamçıları hesab edənlərin əksər qismi öz başını yarıb, bədəninə zəncir vurmağı qəhrəmanlıq hesab edirlər. Halbuki onlar imamı deyil, öz pərişan vəziyyətlərini düşünüb ağlamalıdırlar. Möcüz yazırdı: Gəh yarırsız başüzi, gəh çərtirsiz, Bu nədi, qardaş, düşünün bir özüz, İndi ki, vardır sizin ağlar gözüz, Ağlayın öz hali-pərişanuza! Möcüz hesab edirdi ki, müsəlmanların avam və cahillikdən, elmsizlik və biliksizlikdən qurtarmaq, despotik hökmdarlar və ikiüzlü din xadimlərinə qarşı mübarizə aparmaq əvəzinə, başını yarmaqla və yaxud bədəninə zəncir vurmaqla cənnətə gedəcəyinə ümid etməsi nadanlıqdır. Çünki imam yolunda başını yarıb canını ona qurban verməyə hazır olduqlarını deyənlərin əksəriyyəti Hərmələni, ya da Şimrü görsələr fikirlərindən dönəcəklər. Möcüz yazırdı: İndi bu ki, göydə uçar başyaran, Başını şəst ilə açar başyaran, Hərmələni görsə qaçar başyaran, And ola o kəlleyi-nadanuza! Möcüzün fikrincə İslama, o cümlədən İmam Hüseynin (ə) şəhadətinə zidd olan fikirləri müsəlmanların şüuruna yeridən və onları bu cür əməllərə, yəni baş yarmağa, zəncir vurmağa sövq edənlər isə axundlar, vaizlər, şeyxlər və mollalardır. Belə ki, riyakar ruhanilər müsəlmanlara peyğəmbərin, onun övldalarının doğru yolunu göstərmək əvəzinə, onları əsarətə, cəhalətə və xurafata sürükləyirlər. Mütəfəkkir yaxşı anlayırdı ki, məhərrəmliyi bu cür islama və imamın şəhadətinə uyğun olmayan şəkildə qeyd edənlərin bunda şəxsi maraqları olmuşdur. Belə ki, riyakar ruhanilər məhərrəmlikdə müxtəlif dini oyunlar təşkil etməklə həm öz ciblərini doldurur, həm də nüfuzlarını artırlar. Bunu nəzərə alaraq Möcüz yazırdı ki, artıq yalançı ruhanilərin məhərrəmlikdə ciblərini doldurmaq məqsədlərini müsəlmanlar anlamalıdırlar: Bir tərəfdə mərsiyəxan istiri həqqülbəka, Ağladıb çünki məhərrəmdə məni sübhü məsa, Hər gün on beş dəfə şagirdi dayanır qapıya, Səsləri: Ay Kərbalayi, beş min altun ver görax! Mirzə Əli riyakar ruhanilərin islama və imamın şəhadətinə uyğun olmayan əməllərinə qarşı çıxaraq deyirdi ki, 20-ci əsrdə öz-özünün başını yarmaq, bədəninə xəsarət yetirmək, üstəlik riyakar ruhanilərin ciblərini pul ilə doldurmaq cahillik və nadanlıqdır. Onun fikrincə, əgər baş yarmaq, zəncir vurmaq xeyirli iş olsaydı ilk növbədə, buna müsəlmanlara təhrik edən riyakar din xadimləri özləri əməl edərdilər. Bu baxımdan məhərrəmlikdən ən çox faydalananlar başlarını yarıb qanını tökənlər deyil, məhz riyakar ruhanilərdir. O ruhanilər ki, müsəlmanlara məhərərmlikdə imamın təziyəsini saxlamağı vacib hesab etdikləri halda, özləri buna qətiyyən əməl etmirlər. Ona görə də müsəlmanlar Kərbəlada baş verənlərdən doğru nəticə çıxarıb İmam Hüseyn (ə) kimi əqidə yolunda şəhid olmağın mənasını dərk etməlidirlər. Müsəlmanlar anlamalıdırlar ki, insan nə öz sağlamlığına, nə də başqa bir müsəlman qardaşının səhhətinə zərər yetirməklə imamın yolunda ola bilməz. Xüsusilə, islama zidd əməlləri törədərək cənnətə getməyi düşünmək, Möcüzün də təbrincə desək, nadanlıq və cahillikdir. Ona görə, müsəlmanın əsas əməli heç də başını yarıb qanını tökmək deyil, köməyə ehtiyacı olan din qardaşlarına, bacılarına yardım etməkdir. Belə ki, imam yolunda başını yaranların, ağı deyənlərin, yaxud da müqəddəs yerlərə (Həcc və b.) ziyarətə gedənlərin yanı başındakı çarəsiz müsəlman qardaşlarına yardım etməmələri qəbuledilməzdir. O, yazırdı: Ey ümməti-Məhəmmədə rəhm etməyən kişi, Nar əhlisən, güvənmə nəmazü təharətə! Din qardaşın əyalı məhəlləndə ac yatır, Virzü vəbalı boynuma, getmə ziyarətə. Şəbüstərinin şerilərindən hiss olunur ki, onun dinə münasibəti ancaq İslama olunmuş əlavələri, o cümlədən dini xurafat və mövhumatı tənqidlə kifayətlənməmiş, o bəzi hallarda ümumilikdə şəriətin hökmləri ilə razılaşmadığını ifadə etmişdir. Məsələn, o, yazırdı: Saqiya! Dur gətir bir nazənin canan mənə, Cənnəti verdim sənə, lazım deyil qılman mənə. Öldü Adəm qüssəsindən, düşməni sağdır hələ, Qorxuram buğda yedirdə hiyləgər şeytan mənə. Mən bir aləm istərəm, “yox!” ləfzi orda olmasın, Rozeyi-rizvanda, yarəb, kim verər qəlyan mənə? Başqa bir şeirində isə meyin dinə zərə vermədiyini yazan Şəbüstəriyə görə, dini rəvayətləri bir kənara qoyub reallıqları görüb və ondan nəticə çıxarmaq lazımdır: Bu gün millət nəyə möhtacdır, ondan bəyan eylə, Göy elmin bilmək İran əhlinə nəftü şəkər verməz! O göy ki, görməyib ömründə bir yol binəva vaiz, Bizə bəhs eylər ondan, gördüyü yerdən xəbər verməz! Burax haruti-maruti, gətir meydanə baruti, Süpahü ləşkərə, molla, ayətülkürs xətər verməz! O başqa bir şeirində isə yazırdı ki, dinü imanı Quranı xətm eyləmək, dini rəvayətlərə inanmaq deyil yeni növ silahlara sahib olmaq, ya da dünyəvi elmlərə yiyələnmək saxlayar. O, yazırdı: Dinü imani nə saxlar? Tirü şəmşirü tüfəng. Xətmi-Quran eyləməklə qalsa, Quran yaxşıdır. Şürbilər dünyanı işğal eylədi, biz yatmışıq, Bəngü tiryak olmasa dini-müsəlman yaxşıdır. Can sıxar elmi-riyazi, cəbrü hikmət, həndəsə, Elm təsxirül-əcinənə dərsi-bətlan yaxşıdır… Nəfi yoxdur bizlərə elmi-məadin öyrənək, Bizə lazım lampalardan köhnə şamdan yaxşıdır. Şəbüstəri başqa bir şeirində də Sabirsayağı yazırdı ki, müsəlmana dünyəvi elmləri, o cümlədən həndəsə, fizika, riyaziyyat, coğrafiya öyrənmək lazım deyil, bundansa təsbehini çevirməli, namazını qılmalı, orucunu tutmalı, cənnətdəki huriləri arzulamalıdır. O, yazırdı: Deyirəm: məscidə get, eylə nəzər şeyxə tərəf, Elmi-əşyanı burax, baxma təvarixə tərəf, Heyət axir çəkəcək oğluvu Mirrixə tərəf, İşdi, qayıtsa işin nalevü əfqan olacaq! Əvəzü sureyi-“Yasin” – o bizim xanəxərab Cümə axşamı oxur cəddinəşmi və hesab. Nə qədər mədrəsədə var o “Fizik” adlı kitab, Bu vilayətdə nə qare və nə Quran olacaq! O, cənnət məsələsinə də həssas yanaşır, orada iki min huriyə bir kişinin düşməsini Sabirsayağı tənqid edirdi. O, yazırdı: Cənnətdə, deyərlər, huri, koser vardır, Əmma iki min dilbərə bir ər vardır, O hurilərə gərək kim olsun talib, O şəxs ki, onda zuri-əjdər vardır. Deməli, gah açıq formada, gah da sarkazmla Şəbüstəri ehkamçı-lokalçı dini təfəkkürü tənqid edir, onun yeniləşməyə qarşı olmasını pisləyirdi.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Faiq Elekberli tarafından Pazartesi 21:19 itibariyle görüldü

Arazinfo.com