Ruhani Azərbaycana ərazi iddiasında haqlıdır – Tarixçidən şok
İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O iddia edib ki, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra İran ölkənin şimalını (Azərbaycan Respublikasının hazırkı ərazisini nəzərdə tutur – red.) itirib. Ruhaninin bu fikirləri həm Güney, həm də Quzey Azərbaycanda etirazla qarşılanıb.
Məsələ ilə bağlı Kult.az-a danışan tarixçi Kərəm Məmmədov Ruhaninin bütün iddialarını alt-üst edərək bildirib ki, əslində, İran anlayışı 1925-ci ildə ortaya çıxıb və bu əraziləri o vaxta qədər Azərbaycan türkləri idarə edib:
“İran adı ilk dəfə siyasi mənada, yəni İran dövləti formasında 1925-ci ildə çəkilib. O vaxta qədər rəsmi yazışmalarda bu dövlətin adı “Məmləkəti Məhrusi Qacar” şəklində gedib. Qacarlar da türk tayfası olub.
Ümumiyyətlə, İran deyilən məfhum Firdovsinin qələmində meydana çıxıb. Qəribədir, Firdovsinin təsvir etdiyi İran və Turanın coğrafiyasına baxanda məlum olur ki, onun İranı Xorasandan Hind çayına qədər olan ərazilərdir. Xorasandan Anadoluya qədər olan ərazi isə Turandır. Buraya Şimali Qafqaz da daxildir. Firdovsinin qəhrəmanı olan Turan hökmdarı Əfrasiyab isə Turana düşən ərazidə – bugünkü Urmiya gölündə basdırılıb. Əgər o ərazi İran olsaydı, Əfrasiyab burada basdırılardımı?”
Kərəm Məmmədov hazırkı İran coğrafiyasında son min ildə mövcud olan dövlətləri xatırladıb:
“Çox uzağa getmədən Qacarlardan misal çəkim. Qacarlar eramızın ilk əsrlərində Azərbaycan ərazisində yaşamış tayfalardan biridir. Hansı ki, sonradan onlar Ağqoyunlu dövlətinin, Səfəvi İmperiyasının qurulmasında iştirak ediblər.
Məlumdur ki, əfşarlar da eramızın ilk əsrlərindən Azərbaycanda yaşayan türk tayfasıdır və bu dövlət türklərin hakimiyyəti altında olub. Əfşar dövləti Səfəvi xanədanının varisidir. Səfəvilərin də türk olmasına şübhə yoxdur. Səfəvilərdən əvvəl İran deyilən coğrafiyanın böyük bir hissəsi Bayandur, ondan əvvəl isə Baharlı sülaləsinin hakimiyyətində olub. Daha əvvələ gedəndə Cəlarilər, Elxanilər, Səlcuqların da fars sülaləsi olmadığını görürük. Bu adamlar hansı əsasla İran dövlətindən danışırlar?!”
Tarixçi bildirib ki, Ruhani Mosul və Kərkükün itirilməsi məsələsində haqlıdır. Belə ki, əslində, bu torpaqlar da daxil olmaqla, bütün İran Azərbaycan Respublikasının tərkibində olmalıdır. Yəni Ruhaninin dediyi o itirilmiş torpaqlar birləşdirilməlidir, ancaq Azərbaycan türklərinin hakimiyyəti altında:
“Əslində, bu gün İran adlanan coğrafiyanın böyük bir hissəsinə bizim iddiamız olmalıdır”.
K.Məmmədov bəzi şəxslərin Səfəvilər İmperiyasını “İran dövləti” adlandırmasının gülünc olduğunu deyib:
“İndi İran adlanan coğrafiyanın Səfəvilər İmperiyasının tərkibində olması həmin imperiyanın İran dövləti olması demək deyil. Səfəviləri Azərbaycan türkləri qurub, idarə edib, burada danışıq dili də türkcə olub. Qacarlara gəldikdə, Nəsrəddin şah Qacar farca bir kəlmə bilmədiyi halda, onu necə İran hökmdarı adlandırmaq olar? Axı bu adamlar türk olub!”
Tarixçi tez-tez səsləndirilən “Persiya dövləti” ifadəsinə də aydınlıq gətirib:
“Persiya” dövlət adı deyil. “Persiya” avropalıların adlandırdıqları bir bölgədir. O da farslarla və atəşpərəstlərlə bağlıdır. Dünya antropologiya elmi qəbul edib ki, farslar bu coğrafiyaya köçüb gəlmiş tayfalardır. Onlardan əvvəl həmin ərazidə qurulan elam, trukki mədəniyyəti var. Onlara necə göz yummaq olar? Axı onlar irandilli deyildilər!”
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O, Gülüstan və Türkmənçay müqavilələrində, eləcə də bölgədə gedən digər savaşlarda İranın şimalda, şərq və qərbdə xeyli torpaqlarının işğal olunduğunu iddia edib.