45 minə yaxın müəllimin maaşı artacaq

0
602

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. 2018-ci ilin yanvar ayından isə 45 min müəllim maaşını artımla alacaq.

Arazinfo.com azvision.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Hesabata əsasən, bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb.

2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq.

Hesabatda qeyd olunub ki, eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib. Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 6 min nəfərə yaxın şəxs müəllim adını qazanıb.

BIR CAVAB BURAXIN