44 günlük Vətən müharibəsi şanlı tariximizdir

0
2100

44 günlük Vətən müharibəsi şanlı tariximizdir.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım tərəfindən Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, cənab Prezident İlham Əliyev çıxış etmişdir. Çıxış zamanı bir sıra mövzulara toxunan cənab Prezidentin əsas mövzusu isə 44 günlük Vətən müharibəsi və şanlı qələbəmiz haqqında olmuşdur.

Zəfərə gedən yolun ilk günündən xalq Ali Baş Komandanın ətrafında sıx birləşərək 200 ilə yaxın davam edən ədalətsizliyə, haqsızlığa son qoymaq və öz dədə-baba torpaqlarını işğaldan azad etmək uçun ölüm-qalım savaşına qalxdı. Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin 5-6 səddən ibarət istehkamları, canlı qüvvə və texnikaları məhv edildi, nəhayət, noyabrın 8-də Ermənistan silahlı qüvvələri təslimçiliklə barışıb ağ bayraq qaldırmaq məcburiyyətində qaldı. Zəfərə gedən bu yolda Azərbaycan Ordusunun yüzlərlə zabit və əsgəri, hətta generalı belə şəhidlik zirvəsinə yüksəldi, minlərlə gənc qazi oldu.

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq.

Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin  müəllimi -İlahə Mustafayeva.