44 günlük müharibənin hər bir günü Zəfər günü idi

0
2031

Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Ermənistanın hərbi müdaxiləsinə cavab olaraq həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Qarabağ və ətraf ərazilərdə 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi” fikirləri özündə  44 günlük İkinci Qarabağ müharibəsinə gedən yolu və 44 günün reallıqlarını özündə əks etdirir. Azərbaycan Ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu bəyan edirdi.

Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günündə Füzuliyə səfəri zamanı Qaraxanbəyli kəndində çıxış edərkən Vətən oğullarımızın torpaq, Vətən sevgisindən bəhs edərək bildirdi ki, şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər: “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.”

Müharibələr tarixində təkrarolunmaz hərbi taktika və strategiyası ilə diqqət çəkən Ordumuz təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə nümunə göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  “Gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır” fikri reallıqda öz əksini tapdı. İndi Azərbaycan bayraqları təkcə Şuşada deyil, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə, yüksəkliklərdə dalğalanır. Bu Zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Prezident İlham Əliyevin  çıxışında vurğuladığı kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün dayanmadan qan tökərək, şəhidlər verərək irəliyə, Zəfərə doğru gedirdi.

Tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilnməsi sülh müqaviləsinin imzalanmasını bir tələbə çevirir ki, Azərbaycan müharibə bitdikdən sonra qarşı tərəfə bunu təklif edib. Ermənistanın sülh müqaviləsini imzalamamaq üçün bu müddətdə törətdiyi təxribatlara qarşı  Azərbaycan Ordusunun həyata keçirdiyi  “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bir daha Silahlı Qüvvələrimizin gücünün təqdimatı oldu. Ermənistanın aldığı dərslərdən nəticə çıxarıb sülh müqaviləsini imzalamaqla onun üçün yaradılan son şansdan bəhərələnməsi zamanıdır. Azərbaycan qalib ölkə olaraq postmünaqişə dövrünün gündəliyini özü tərtib edir və əksər dünya gücləri yeni reallıqları qəbul edərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasına dəstəklərini ifadə edirlər. İki ildə yeni reallıqların qəbulunda qazanılan uğurlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri